Təşviqat kampaniyası bərabərlik şəraitində keçir

 

9 fevral Milli Məclisə seçkilər günüdür

 

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə iştirak etmək üçün 61 saylı Neftçala DSK üzrə 14 nəfərin namizədliyi qeydə alınmışdır. Onlar ayrı-ayrı siyasi partiyalar, təşəbbüs qrupları tərəfindən və müstəqil şəkildə irəli sürülmüşlər.

İndi təşviqat kampaniyasının qızğın çağıdır. Namizədlər seçicilərlə görüşlər keçirir, öz platformaları, seçiləcəkləri halda hansı məsələlərə diqqət yetirəcəkləri barədə məlumat verirlər. Görüşlərin keçirilməsi ilə əlaqədar namizədlər ilk növbədə, DSK-ya müraciət edir, hansı tarixdə, harada, saat neçədə seçicilərlə görüş keçirmək istədiklərini bildirirlər. Bu onun üçündür ki, hər bir namizəd vaxtdan səmərəli istifadə etsin, buya digər ərazidə görüşlər üst-üstə düşməsin. Görüşlərin keçirilməsi üçün 16 qapalı və 16 açıq yer ayrılmışdır. Bunlarla bərabər 61 saylı Neftçala Seçki Dairəsinə daxil olan 41 seçki məntəqəsində MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun olaraq, hazırlıq işləri davam etdirilir. Hazırda seçicilərə bildirişlər paylanılır.

Dairə üzrə 41 məntəqədə seçicilərin sayı 42 min 619 nəfərdir. Onların hamısının adı, soyadı, ünvanı seçici siyahılarında əksini tapmışdır. Seçicilər məntəqələrə gələrək siyahıda öz sıra nömrələrini müəyyən edirlər. 9 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçkiləri izləyəcək 525 nəfər müşahidəçi qeydə alınmışdır.

Biz 61 saylı DSK-da olarkən məntəqə seçki komissiyalarının üzvləri üçün treninq keçirilirdi. Treninq başa çatdıqdan sonra DSK-nın sədri Şaiq Məmmədov dedi ki, məntəqə seçki komissiyalarının sədrləri və üzvləri bu treninqdə iştirak edirdilər. Onlara seçki qanunvericiliyi ilə bağlı məsələlər ətraflı izah olundu. Ümumiyyətlə, maarifləndirici treninqlər seçkilərin şəffaf və qanunamüvafiq keçirilməsi baxımından çox önəmlidir.

Yolumuzu 7 saylı seçki məntəqəsinə də saldıq. Bu məntəqə Neftçala şəhəri ərazisindəki Suvarma Sistemləri İdarəsinin binasında fəaliyyət göstərir. Hər yerdə səliqə-sahman hökm sürürdü. Məntəqə seçki kabinələri, təşviqat və məlumat lövhələri, daşınan və daşınmaz qutularla təmin olunub. Müşahidəçilər və həkimlər üçün xüsusi yerlər ayrılmış, analar üçün ayrıca otaq təşkil edilmişdir.

Məntəqə seçki komissiyasının sədri Yalçın Səfərov vurğuladı ki, seçicilərin istədikləri namizədə azad şəkildə səs vermələri üçün bütün tədbirlər görülmüşdür. Məntəqə alternativ işıq mənbəyi, telefon və digər ləvazimatlarla təmin edilmişdir. 22 nəfər səhhətində problem olduğu üçün məntəqəyə gələ bilməyəcəkləri barədə məlumat vermişdir. Seçki günü onların səsvermədə iştiraklarını təmin etmək üçün tədbir görülmüşdür.

Məntəqədə seçici Təbriz Əhmədovla söhbət etdik. O dedi ki, budəfəki parlament seçkilərində namizədlər arasında gənclərin üstünlük təşkil etməsi yeni parlamentin xalqın istəyinə tam cavab verəcəyini göstərir. Məntəqədəki vəziyyət, ab-hava da bundan xəbər verir. Biz seçicilər 9 fevral günü gəlib sərbəst şəkildə istədiyimiz namizədə səs verəcəyik.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2020.- 30 yanvar.- S. 1; 4.