Georgi Tsereteli: ATƏT PA Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir

 

Yanvarın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri Georgi Tsereteli ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimi salamlayan Oqtay Əsədov bu səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycan ilə ATƏT PA arasında münasibətlərin inkişafına dəyərli töhfə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edilib ki, Georgi Tseretelinin ATƏT PA-ya sədrliyi dövründə müstəqil Azərbaycan ilə bu qurum arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxıb. Qonağın ədalətli mövqeyi, proseslərə obyektiv baxışı sayəsində təşkilatın qurumları ilə əlaqələrimiz normal məcrada inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, Azərbaycan nümayəndə heyəti tərəfindən qurumda qaldırılmış təşəbbüslər Parlament Assambleyasında dəstəklənib. Azərbaycan gələcəkdə də qurumda fəaliyyətini bu istiqamətdə davam etdirmək niyyətindədir.

Qonağın parlament seçkiləri ərəfəsində ölkəmizə səfər etdiyini vurğulayan Sədr Oqtay Əsədov qurum rəhbərliyinin ölkə əhəmiyyətli bu prosesə diqqətini yüksək qiymətləndirib. Bildirib ki, qarşıdakı parlament seçkilərini ATƏT PA-nın xətti ilə 70-dən çox müşahidəçi izləyəcək. Ümumiyyətlə, parlament seçkilərini izləmək üçün 50 mindən artıq müşahidəçi qeydiyyata alınıb. Onlardan 429-u beynəlxalq müşahidəçilərdir.

Spiker deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki praktikası və qanunvericilik təkmilləşdirilib. O.Əsədov əmin olduğunu bildirib ki, 9 fevral seçkilərində seçicilər öz iradələrini sərbəst şəkildə ifadə edərək bəyəndikləri namizədə səs verəcəklər.

Söhbət zamanı, Oqtay Əsədov qonağın təmsil etdiyi təşkilatın bu siyasi prosesə obyektiv qiymət verəcəyinə inandığını bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Milli Məclisin rəhbərliyi ilə artıq mütəmadi xarakter halını almış bu təmaslar münasibətlərimizin inkişaf dinamikasının göstəricisidir. "ATƏT PA Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan bizim üçün çox önəmli ölkədir”, - deyən Georgi Tsereteli Azərbaycan nümayəndə heyətinin təşkilatın işində fəaliyyətindən razı qaldığını vurğulayıb, gələcəkdə də bu fəaliyyətin yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini bildirib.

Sonra Georgi Tsereteli fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2020.- 31 yanvar.- S. 2.