Audityeni dövrün çağırışları

 

Aprelin 5-də Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasından 25 il ötür. Ölkə auditorları üçün çox əlamətdar olan bu ildönümü ilə əlaqədar Azərbaycan auditinin keçdiyi inkişaf yolundan söz açmazdan əvvəl sonsuz minnətdarlıqla qeyd etməyi vacib sayırıq ki, hamımızda Vətənimizin bu günü və sabahı üçün iftixar hissi doğuran bütün nailiyyətlər kimi, 1996-cı il aprelin 5-də “Auditor xidməti haqqında” qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin formalaşıb bərqərar olması da bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanda mükəmməl maliyyə nəzarəti sisteminin yaradılması və mövcud nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması Ulu Öndərimizin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Bu yerdə Azərbaycan cəmiyyətində şəffaflığın bərqərar olunması sahəsində “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli fərman və “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli sərəncam xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra ölkədə həyata keçirilən radikal iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qurumlarının ləğvi, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan yoxlamalar aparılmasının qadağan edilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin qurulmasını zərurətə çevirdi və maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış, mütərəqqi forması olan auditin (auditor xidmətinin) Azərbaycanda da tətbiqi həyati tələbata döndü. Məhz bu baxımdan “Auditor xidməti haqqında” qanunun qəbul olunması və Auditorlar Palatasının yaradılması Ümummilli Lider Heydər Əliyevin demokratik dünya dəyərlərinə sədaqətinin, bazar iqtisadi infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürü idi.

Ölkəmizdə auditin yaranması və bərqərar olması Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin, inkişafı və beynəlxalq arenaya çıxması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Çünki dünyanın heç bir ölkəsində belə mükəmməl hazırlanmış uzunömürlü, beynəlxalq maliyyə qurumları və xarici həmkarlarımız tərəfindən yüksək dəyərləndirilmiş və dünyada getdikcə model qanun səviyyəsində qəbul edilməyə başlamış nə audit qanunvericiliyi var, nə də dövlət və ya hökumət başçısı səviyyəsində göstərilən diqqət və qayğı. Bunun bariz nümunəsi kimi Auditorlar Palatasının üzvləri və əməkdaşlarının yüksək dövlət təltiflərinə layiq görülməsi ölkə auditorlarını bir daha ruhlandırmaqla bərabər, üzərimizə düşən vəzifələri yeni dövrün çağırışları tələbindən daha məsuliyyətlə işləməyə sövq edir.

Azərbaycanda auditin keyfiyyətcə yeni inkişaf mərhələsi 2003-cü ildən indiyə qədərki dövrü əhatə edir. Məhz bu dövrdə auditin hüquqi qanunvericilik bazası təkmilləşdirilmiş, audit ölkənin iqtisadiictimai həyatında möhkəmlənmiş, Azərbaycan auditinin beynəlxalq qurumlar tərəfindən tanınması və xarici əlaqələrinin güclənməsi baş vermişdirbu sahədə indidavam etdirilməkdədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir. Çünki audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni təmin etməklə Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Özəl sərmayələrin dəstəyinə nail olmaq əlverişli sərmayə mühitinin yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da təkmilləşdirilməsi, sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi ölkə Prezidentinin iqtisadi siyasətində prioritet məsələlərdir. Həmçinin Azərbaycanın tranzit ölkə kimi potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm verilir.

Belə şəraitdə ölkəmizdə uğurla həyata keçirilən islahatlar kontekstində iqtisadi inkişafın sürətləndirilməsi və onun səmərəliliyinin yüksəldilməsi, resurslardan səmərəli istifadənin təmin olunması, bu məqsədlə bütün növ məsrəflərin və əldə edilmiş nəticələrin uçotunun düzgün qurulması, istehsal proseslərinin və əldə edilən nəticələrin hərtərəfli təhlili və onların hesabatda doğru-düzgün əks etdirilməsi və mövcud nəzarət və hesabatlılıq sisteminin təkmilləşdirilməsi iqtisadi inkişafın təminatverici bir amili kimi diqqət çəkir.

Son illərdə ölkəmizə mühasibat uçotunun və hesabatlığın islahatına, auditin və maliyyə nəzarətinin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilməsi də müəyyən mənada bu amillə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər”. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas qayəsi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını, beynəlxalq mühasibatuçot standartlarının və beynəlxalq audit standartlarının ölkəmizdə reallaşmasına zəmin yaratmaqdan ibarətdir.

Fəaliyyət göstərdiyi ilk illərdən etibarən Auditorlar Palatasının çoxşaxəli fəaliyyətində mühüm yer tutan təbliğat və nəşr işləri də həm sahibkarlıq fəaliyyətinin bir növü olan auditor xidmətinin təbliğinə, dövlətin maliyyə-iqtisadi fəaliyyətinin həyata keçirilməsi, iqtisadi demokratiyanın genişləndirilməsi və ölkədə maliyyə şəffaflığının bərqərar edilməsi vəzifələrinin həllində auditin yeri və rolu barədə dolğun təsəvvürlərin formalaşmasına, cəmiyyət tərəfindən auditin idarəetmə prosesində nəzarət-analitik infrastruktur kimi qəbul edilməsinə yardımçı olmaq, həm də auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin, auditor peşəsinin nüfuzunun yüksəldilməsinə kömək etmək məqsədi güdür.

Azərbaycanda auditin 25 illik inkişaf təcrübəsi audit sistemində bəzi məsələlərin də təxirə salınmadan həllini zəruri edir. Belə ki, bazar infrastrukturu olmaq etibarilə milli iqtisadiyyatın, ilk növbədə sahibkarlığın inkişafına töhfəsini daha da artırmaq üçün auditor xidmətinin daha geniş anlamda qəbul edilməsi, həmin anlayışa sifarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr verməkdən tutmuş optimallaşdırma məsələlərinə qədər əhatəli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur. Beynəlxalq audit praktikasında istifadə olunan fəaliyyət növlərinin və metodlarının geniş tətbiqi ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri kimi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycanda auditin dünya standartları səviyyəsində təşkili ona yalnız mühasibat uçotu kontekstində baxılmasını yox, idarəetmə prosesində nəzarət-analitik infrastruktur elementi kimi qəbul olunmasını tələb edir.

Müasir şəraitdə Azərbaycanın innovativ iqtisadiyyatında auditin inkişaf xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyətli uçot və auditin formalaşdırılması problemlərinin, onların həlli yollarının aşkara çıxarılması böyük rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası 2019-cu ildə Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiya işlənib hazırlanmış və həmin konsepsiyanın tətbiqinə başlanmışdır.

İqtisadiyyatımızın davamlı və səmərəli inkişafı, rəqabətqabiliyyətliliyin yüksədilməsi ilə bərabər sosial və iqtisadi innovasiyanın genişləndirilməsi, qabaqcıl informasiya və kosmik texnologiyaların tətbiqi ölkəmizi nəinki regional liderə çevirmiş, həm də getdikcə dünyada şiddətlənən qlobal risklər və iqtisadi-maliyyə böhranlarına rəğmən iqtisadiyyatımızın davamlı inkişafına zəmin yaratmışdır. Təbii ki, bu uğurun qazanılmasında Azərbaycan Prezidentinin böyük ustalıqla və uzaqgörənliklə reallaşdırdığı fəal çoxvektorlu, bərabər parnyorluq prinsiplərinə əsaslanan xaricidaxili siyasəti müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan müasir şəraitdə digər sahələrdə olduğu kimi, auditdə və hesabatlılıqda ən cəlbedici müzakirə obyektlərindən biri də qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə, düşünülməmiş qəfil tətbiqinin isə fəsadlarının neytrallaşdırılması təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın durmadan inkişaf etməsi üçün zəmin yaradır. Belə şəraitdə sosial-iqtisadi islahatların mühüm amillərindən biri olan şəffaflığın təmin edilməsi istiqamətində müstəqil audit də özünəməxsus rol oynamaqdadır.

Azərbaycan auditinin əldə etdiyi uğurlar, onun, Prezidentin sözləri ilə desək, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi ölkəmizdə auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır. Bununla belə, Azərbaycanda müstəqil auditin qarşısında duran problemlər yeni dövrün çağırışları nəzərə alınmaqla müasirdünya təcrübəsinə əsaslanan yanaşmanın tətbiqini ön plana çəkir.

Auditorlar Palatası tərəfindən hazırlanan 2021-2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf konsepsiyası Azərbaycanda auditor fəaliyyətinin müasir vəziyyəti və onun inkişafına mane olan əsas problemlər, auditor xidmətinin keyfiyyət problemləri, auditor fəaliyyətində şəffaflığın artırılması, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə auditor xidmətlərinə tələbatın və ictimai etimadın yüksəldilməsini, eləcə də qabaqcıl xarici təcrübənin tətbiqi və beynəlxalq peşəkar qurumların fəaliyyətində milli auditin iştirakının genişləndirilməsini, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi istiqamətlərini (konseptual əsasları), auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsini, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf istiqamətlərini, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxşılaşdırılmasını və 2030-cu ilə qədər Azərbaycanda auditor fəaliyyətinin inkişafının konseptual istiqamətlərini özündə əks etdirir.

Bu konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir. Başqa sözlə, biz qarşımıza statik tədbirlərin hazırlanmasını yox, dinamik, çevik və gələcəyə hesablanmış tövsiyə və proqramların müəyyən edilməsini məqsəd qoymuşuq.

Konsepsiyada ehtiva olunan əsas istiqamətlərin reallaşdırılması, ölkənin qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri tənzimləyici aktların işlənib hazırlanması və nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə, informasiya təminatı üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə nəzərdə tutulur.

Azərbaycanda kölgə iqtisadiyyatının azaldılmasına dair Yol Xəritəsi Prezident İlham Əliyevin ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı kəsərli tədbirlərin həyata keçirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrinin reallaşdırılması məqsədilə Auditorlar Palatası tərəfindən hazırlanmışdır. Yol Xəritəsində qabaqcıl beynəlxalq təcrübə, son dövrlər ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının nəticələri, 2019-cu ilin sentyabr ayında Bakıda keçirilmiş “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” beynəlxalq elmi-praktik konfransın iştirakçıları tərəfindən təklif olunan tövsiyələr nəzərə alınmışdır.

Bizim yubiley xalqımızın tarixi üçün əlamətdar bir dövrə - Ali Baş Komandanımızın cəsarətli və dərin düşünülmüş daxili və xarici siyasəti, xalqımızın birliyi və cəsur Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasını təmin edən şanlı qələbəmizin əldə olunduğu və ərazilərimizdə geniş bərpa işlərini nəzərdə tutan böyük qayıdış dövrünə təsadüf edir. Fürsətdən istifadə edərək bəyan etmək istəyirəm ki, tariximizin bu qürurlu səhifələrinin yazıldığı bir dönəmdə ölkə auditorları Azərbaycanın iqtisadi inkişafına daha səmərəli və şəffaf yolla çatmaq, investisiyaların və mülkiyyətçilərin mənafelərinin qorunması sahəsində üzərilərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyətlə həll edəcəklər.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,  iqtisad elmləri doktoru, professor

Azərbaycan  2021.- 4 aprel.- S.1;3.