Azərbaycan Prezidentinin son bəyanatı Ermənistanda böyük şok və xof yaradıb: “Bir də görəcəyik ki, İlham Əliyev Yerevanda hərbi parad keçirir”

 

 

 

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda suallara verdiyi cavablar Ermənistanda narahatlıq və həyəcanı daha da artırıb. Söhbət Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarına qayıdacaqları haqda fikirlərindən gedir: “...Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

 

 

 

“Ermənistan rəhbərliyi düz danışmağı Əliyevdən öyrənməlidir”

 

 

 

Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda yeni ajiotaja səbəb olub, böyük şok və xof yaradıb. Ermənilər qeyd edirlər ki, Prezident İlham Əliyev daim verdiyi vədləri yerinə yetirib və bu dəfə də istisna olmayacaq.

 

Erməni siyasi icmalçı Qalust Qriqoryan bu fonda olduqca maraqlı mövqe sərgiləyib.  Onun  sözlərinə görə, Ermənistan cəmiyyəti üçün Azərbaycan Prezidenti İlham Əliyev həmişə həqiqəti deyib. Yerevandan isə daim yanlış məlumat yayılır.

 

Qalust Qriqoryan bildirir ki, söhbət əvvəllər və hazırda ölkə rəhbərləri arasında baş tutan pərdəarxası danışıqlardan gedir: “İlham Əliyevin 2016-cı ildə Rusiyada pərdəarxası görüşdən sonra Serj Sarkisyan haqda sözlərini xatırlayaq. O zaman İlham Əliyev bildirmişdi ki, Sarkisyan ona Azərbaycan ərazilərini azad etməyi vəd edib və bunun üçün ona cəmi iki həftə vaxt lazım olduğunu da bildirib. O zaman hamı Azərbaycan liderinin bu sözlərini təkzib edən Sarkisyana inanmışdı, lakin bir neçə ildən sonra cəmiyyət Sarkisyanın Əliyevə verdiyi vəd barədə həqiqəti öyrəndi. Belə misallar çoxdur. Ermənistanın başında duran bütün insanlar, rəhbərliyi düz danışmağı Əliyevdən öyrənməlidirlər”.

 

Qriqoryan onu da bildirib ki, Koçaryan, Sarkisyan və Paşinyan dəfələrlə yalan danışıblar, İlham Əliyev isə erməni tərəfi boynuna almasa da, həmişə həqiqəti deməyi xoşlayıb. Bu mənada o, hesab edir ki, Prezident İlham Əliyevin Zəngəzur və Yerevana qayıtmaq barədə dediklərinin də reallaşmasını gözləmək lazımdır.

 

Digər erməni ekspert Tatul Manukyan da eyni mövqeni bölüşür. O bildirir ki, Azərbaycan Yerevan daxil olmaqla, Ermənistanda öz tarixi torpaqları hesab etdiyi ərazilərə qayıdacaq: “Buna əmin ola bilərsiniz. 44 günlük müharibə bunu bir daha təsdiq etdi ki, Azərbaycan rəhbərliyi dediklərinə sadiqdir. Ermənistanda buna müqavimət göstərə biləcək hansısa qüvvə yoxdur. Azərbaycanlılar Ermənistan ərazisində yerləşən torpaqlarına qayıdacaqlar. Bu, Azərbaycanın strateji hədəfidir və bu hədəfə çatmaq üçün çalışırlar”.

 

 

 

“Yerevanı tərk edənlərin yerini yəqin ki, tezliklə azərbaycanlılar tutacaq”

 

 

 

Ermənilərin sosial şəbəkələrdəki statuslarından, şərhlərindən görünür ki, onlar ölkələrinin tam məhvə doğru getdiyi, İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün artması barədə ortaq rəydədirlər.

 

“Facebook” istifadəçilərindən Lilit Aroyan yazır ki, Bakıda olan yanaşmalara əsasən, Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb: “Azərbaycanda açıq bildirilir ki, gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır. Bu istiqamətdə işlər aparılır. Azərbaycanlıları bu mənada tezliklə Ermənistanda görməkdən təəccüblənmək lazım deyil. Qarabağ müharibəsində qazanılan qələbə azərbaycanlıların bu məsələdə istəklərini artırıb, mövqelərini gücləndirib. Ermənistanda miqrasiyanın genişləndiyi bir vaxtda Yerevanı tərk edənlərin yerini yəqin ki, tezliklə azərbaycanlılar tutacaq”.

 

Aroyanın paylaşımına rəy bildirən Xaçatur Qriqoryanın fikirləri isə həqiqəti göstərir: “İlham Əliyevin son bəyanatı çox qorxuludur. Nə vaxta qədər belə davam edəcək? Bizim baş nazirimiz Paşinyan isə gecələri “Facebook”da oturub axmaq söhbətlər edir. Bu adamın işi-gücü ancaq sosial şəbəkədir. Qarabağı itirdik, Yerevanı da itirsək, sonumuz çatıb deməkdir. Həyatdı da...”

 

 

 

“İlham Əliyev bizim təhlükəsizliyimizə təminat verərsə, bizə Koçaryandan, Sarkisyandan, Paşinyandan da yaxşı rəhbər olar”

 

 

 

Minas Xosrovyan adlı digər istifadəçinin də “Facebook”da paylaşdığı status çoxlu bəyənmə yığıb: “Xəbəriniz var ki, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı reallıqlarla tanış olduqdan sonra daha da artmaqda davam edir?! Əvvəllər onları qınayırdım və bu addımlarını xəyanət hesab edirdim. Ancaq son aylar baş verən hadisələrdən sonra bunun düzgün addım olduğunu düşünürəm. Paşinyan erməniləri Ermənistana qarşı soyutmaqda davam edir. İlham Əliyev bizim təhlükəsizliyimizə təminat verərsə, bizə Koçaryandan, Sarkisyandan, Paşinyandan da yaxşı rəhbər olar. Biz ermənilər boş yerə ölmək istəmirik”.

 

Suren Qriqoryan adlı biri “Facebook”da hakim “Mənim addımım” blokundan olan istifadəçilərin daha çox rəy bildirdiyi qrupda Azərbaycan Prezidentinin “Əgər Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də Yerevana qayıtmayaq” fikirlərinin geniş müzakirə olunduğu mövzuya maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: “Bayaqdan statuslarınıza baxıram və bu qədər yalana heç özünüzün də inanmadığınızı düşünürəm (gülüş işarəsi). Gəlin həqiqəti danmayaq. Paşinyanın apardığı siyasətlə biz nəinki Yerevanı, hətta bütün Ermənistanı da itirə bilərik. İlham Əliyev Qarabağın bərpası üçün milyardlarla dollar vəsait ayırır. Məğlub olan bizdəki hakimiyyət isə dövləti talamaqla ancaq cibini doldurur. Gözləri doymaq bilmir. Paşinyan bu gedişlə Yerevanı hərraca çıxaracaq”.

 

 

 

“İlham Əliyevi Yerevanda alqışlarla qarşılayacağımız gün uzaqda deyil”

 

 

 

Vazgen Mıxıtaryanın “Instagram”da çoxminlik səhifələrdən birinin “Paşinyanla iqtisadi yüksəlişə doğru” paylaşımına yazdığı rəy daha çox bəyənmə toplayıb: “Paşinyan Ermənistanı məhv edib. Satılmayan torpaq, zavod, obyekt qalmayıb. Türklər (red. - azərbaycanlılar) Bakıda həlak olan əsgərlərimizin boş dəbilqələrini dünyaya göstərir, siz isə inkişafdan danışırsınız. Əziz ermənilər, mənə gülməyin. Bir gün bu xəbərlə sabahımız açıla bilər: Paşinyan Ermənistandan qaçdı! Azərbaycan əsgəri sərhədi keçib Yerevana doğru yürüyür. İlham Əliyevi Yerevanda alqışlarla qarşılayacağımız gün uzaqda deyil”.

 

Aşot Baqramyan adlı birinin “Odnoklassniki”də paylaşdığı status və ona yazılan rəylər çoxlu bəyənmələr toplayıb: “Dünən təsadüfən “Instagram”da  bir səhifədə Azərbaycandakı Hərbi Qənimətlər Parkından şəkilləri gördüm. Maraqla baxdım və sözün əsl mənasında, şok yaşadım. Bu gün isə İlham Əliyev Yerevana qayıtmağı düşünür. Ermənistan rəhbərliyi son günlərdə yenidən müharibədən dəm vurur. Hər halda Bakıda parkda darmadağın olunan texnikalarımıza yaxşı baxmayıblar. Elə hey deyirik müharibə, müharibə, müharibə... Bir də görəcəyik ki, İlham Əliyev Yerevanda hərbi parad keçirir”.

 

 

 

“Paşinyan Yerevanı da satarsa, heç təəccüblənməyək”

 

 

 

Stepan Mirzoyan adlı birisi “İlham Əliyev Yerevana gəlməyin yollarını axtarır. Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir” başlıqlı “tvit” atıb: “İlham Əliyev Bakıda park açıb,  müharibədə həlak olan hərbçilərimizin boş qalan dəbilqələrini nümayiş etdirir və bütün dünyanın gündəm mövzusuna çevrilir. Növbəti gün isə beynəlxalq ictimaiyyət qarşısında niyə də Yerevana qayıtmamasını söyləyir, Paşinyan isə hakimiyyətdə qalmağın yollarını axtarır. Sarkisyan vətənimizi, zavodlarımızın yarısını oliqarxlara, yarısını da xaricilərə satıb. Paşinyan da bütöv Yerevanı satarsa, heç təəccüblənməyək”.

 

Henrix Aşotyan isə “Odnoklassniki”də İlham Əliyevin son bəyanatının yer aldığı paylaşımın altına belə bir şərh yazıb: “Açıq reallıq budur. Azərbaycan Prezidenti 5 il əvvəl apreldə S.Sarkisyana, ötən il isə Qarabağı geri almaqla  Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi. Acı həqiqət olsa da, bu gün  Yerevanı düşünməsi çox normaldır. Bizim baş nazirimiz bəs nə cavab verəcək? Seyrçi mövqeyində qalacaq”.

 

Bütün bunlar bir daha azərbaycanlıların Yerevan və digər tarixi torpaqlarına qayıdacaqları ilə bağlı səslənən fikirlərin Ermənistanda nə dərəcədə ciddi qəbul edildiyini aydın nümayiş etdirir. Əslində ermənilərin bu məsələdə haqsız olduğu da deyilə bilməz. Axı Azərbaycan lideri İlham Əliyev ermənilərin etiraf etdiyi kimi, bütün vədlərini yerinə yetirir.

 

 

 

Elçin CƏFƏROV,

 

 

Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 4.