“Gənc muzeyşünaslar”ın humanist fəaliyyətləri

 

Vətən müharibəsinin qazi və şəhid ailələrini ziyarət edənlərin arasında onlar da var

 

Tarix yazan qəhrəmanlar

 

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən könüllü tələbələrdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubunun üzvlərindən Şahnaz Hünbətova və Nəzrin Bağırova ilə birgə Vətən müharibəsi şəhidi Şəhriyar Qasımovun ailəsi ilə görüşdük. Layihənin əsas məqsədi Vətən müharibəsində övladlarını, doğmalarını şəhid vermiş ailələlər, torpaqlarımızın azad edilməsi yolunda öz sağlamlığından keçmiş qazilərimiz ilə görüşlər təşkil etmək, onların xatirələrini dinləmək və şəxsi əşyalarını toplayıb muzeydə həm qoruyub-saxlamaq, həm də təbliğ etməkdir.

Biz Şəhriyar Qasımovun ailəsi ilə görüş zamanı onun xatirə əşyalarından yaradılmış guşə ilə yaxından tanış olduq. Aldığımız məlumata görə, Qasımov Şəhriyar Vəzir oğlu 7 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olmuş, 2002-ci ildə Bərdənin Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində birinci sinifə getmişdir. Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar o, orta təhsilini 2013-cü ildə Binəqədidəki şəhid Rövşən İmanov adına 205 saylı tam orta məktəbdə başa vuraraq həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə Tovuz rayonunda başlamış, xüsusi fərqləndiyinə görə, ona kiçik çavuş rütbəsi verilmişdir.

Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Yüksək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Binəqədi rayonundakı filialında işləməyə başlayan Şəhriyar, eyni zamanda, 2020-ci ildə təhsilini artırmaq üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olmuşdur. Bütün bunlara baxmayaraq, o, hələ qismən səfərbərlik elan edilməmişdən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Nərimanov rayon şöbəsində könüllü kimi qeydiyyatdan keçmişdir.

Demək olar ki, Şəhriyarın bütün arzularının başında Qarabağın işğaldan azad edilməsi və Xocalının qisası dururdu. Xocalı qətliamı hər kəs kimi, onun da yaddaşına ağrılı-acılı məqamlar kimi həkk olunmuşdu. Torpaqlarımızın düşmən tapdağında olması onu rahat buraxmırdı. Vaxtı, zamanı gələndə düşməndən qisas alıb bu yolda şəhid olacağına inanırdı.

Ailəsi və yaxınları ilə söhbət zamanı məlum oldu ki, Şəhriyar sanki bir gün şəhidlik zirvəsinə ucalacağını bilirmiş. Buna görə ailəsini də o gün üçün hazırlayırmış. Belə ki, könüllü olaraq müharibəyə getmək istədiyini anasına bildirib. Anası çəkinə-çəkinə “sən ailənin tək oğlusan, birdən sənə nəsə olsa, onda biz nə edərik” söyləyib. O da anasının boynunu qucaqlayıb deyib: “Ana, mən ölməyə yox, öldürməyə, Xocalının qisasını almağa gedirəm!”

Vətən müharibəsi başlayan zaman, ötən il sentyabrın 29-da bütün arzuları çin olmuş kimi yüksək əhvali-ruhiyyə ilə cəbhəyə yollanıb. Gözlədiyi anı dəyərləndirərək Cəbrayıl, Zəngilan, Qubadlı və Füzulu rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-snayperçi kimi böyük rəşadət göstərib. Özünü yüksək amallara kökləyən, Vətəni və bayrağı uğrunda canından keçməyə hazır olan, Qarabağı görməyən, lakin Qarabağ sevdalı minlərlə gənclərdən biri idi Səhriyar!

Cəbhəyə gedərkən özü ilə bayraq aparıb. O bayrağı Qarabağın ən yüksək zirvəsinə sancmaq üçün götürmüşdü! Təəssüf ki, yanına atılmış düşmən mərmisinin partlaması nəticəsində 2020-ci il oktyabrın 26-da şəhidlik məqamına yüksəlmişdi. 25 yaşlı bu gənc bütün arzuları ilə birgə uğrunda canını verdiyi üçrəngli bayrağa bükülərək geri dönmüşdü. Ancaq arzuladığı, Vətən və millət yolunda canından keçənlərin fəth etdiyi ən yüksək və şərəfli zirvəyə ucalmışdı.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.

Öz əməlləri ilə dövlətimizin şərəfli tarixini xalqın qan yaddaşına qızıl hərflərlə həkk etmiş qəhrəmanlarımızın adı dünya durduqca var olacaq, unudulmayacaq. Onlar bizim niskilimiz, kədərimiz, ürək ağrımız olsa da, həm də qürurumuz, vüqarımız, fəxrimiz və örnəyimizdir! Şəhriyar Qasımov timsalında torpaqlarımızın bütövlüyü uğrunda canlarını düşmən gülləsinə sipər edən saysız-hesabsız qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi gələcək nəsillər üçün böyük bir məktəbdir.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində yaradılan Vətən müharibəsi fondunda toplanmış I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə məxsus, döyüşdən qalan xatirə əşyaları sırasına şəhid Şəhriyar Qasımovun da əşyaları daxil olmuşdur.

 

Sahibə ƏLƏKBƏROVA,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin

Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi

 

Azərbaycan.- 2021.- 3 avqust.- S.1; 6.