Türkiyənin sabiq deputatı: Azərbaycanlı yanğınsöndürənlər alovlara qarşı böyük fədakarlıq göstərirlər

 

Azərbaycanlı yanğınsöndürənlərin dar günümüzdə köməyə gəlməsi bütün Türkiyənin qəlbini fəth edib. Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza səmimi qəlbdən təşəkkür edirik. Türkiyə meşələrini birgə yanğınlardan xilas etmək cəhdlərimiz bir dahaBir millət, iki dövlət”,- olmağımızın nümayişidir. Azərbaycanlı yanğınsöndürənlər alovlara qarşı böyük fədakarlıq göstərirlər. Bu qəhrəmanlıqdan qürur duyuruq.

Bunları Türkiyə Meşəçilik İdarəsinin keçmiş baş direktoru, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Osman Kahveci AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinə deyib.

Hazırda Türkiyə də daxil olmaqla dünyanın fərqli ölkələrində meşə yanğınlarının sürətlə artmasının səbəblərini, qlobal istiləşmə, kəskin rütubət və dəyişən istiqamətli külək olduğunu diqqətə çatdıran Osman Kahveci vurğulayıb ki, meşə yanğınlarına qarşı kəskin mübarizə aparılmasaydı ağır faciə və fəsadlar yaşanardı. Əminəm ki, ən qısa zamanda “yaşıl vətən”in düşməni dəf ediləcək.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə əməkdaşlarından, hava nəqliyyatı və texnikadan ibarət qüvvələr Türkiyədəki meşə yanğınlarına qarşı fəal mücadilədə iştirak edirlər.

 

Azərbaycan.- 2021.- 5 avqust.- S.3.