Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələr daha da genişlənəcək

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgin arasında videoformatda görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlığı qeyd edib. Ölkələrimizin ikitərəfli əlaqələrinin davamlı, sabit və uzunmüddətli inkişafında iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edərək həmin günlərdə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları, yanğınların törətdiyi fəsadlarla bağlı kədərini ifadə edən S.Babayev dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Həmişə olduğu kimi, bu gün də xalqımızın qardaş Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.

Nazir Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsini, imzalanmış əməkdaşlıq sənədlərini, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Bu sahədə əlaqələrin getdikcə gücləndirilməsinin və müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda icra olunan sosial müdafiə və aktiv məşğulluq proqramlarını diqqətə çatdıran S.Babayev aparılan islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər barədə məlumat verib. Postmüharibə dövründə şəhid ailələri və qazilərlə əlaqədar sosial dəstək tədbirlərini, bu sahələrdə fəal əməkdaşlıq müstəvisində ardıcıl təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini qeyd edib.

V.Bilgin Azərbaycanın Türkiyə üçün dostqardaş ölkə olduğunu, iki ölkənin hər zaman bir-birinin yanında olmasının və əlaqələrin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. O, Türkiyənin sosial islahatlar sahəsində təcrübəsindən və əldə olunan uğurlardan bəhs edib. Əməkdaşlığın daim yeni fəaliyyət istiqamətləri üzrə genişləndirilməsinin qarşılıqlı faydasını, bu sahədə onlar tərəfindən bütün səylərin göstərilməsinə hazır olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin, bu məqsədlə müqavilə-hüquq bazasının genişləndirilməsinə, yeni əməkdaşlıq sənədlərinin layihələrinə, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkilinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2021.-7 avqust.- S.4.