Mədəniyyət diplomatiyası

 

İlham Əliyevin bu sahədə yürütdüyü siyasət xalqımızın bəşəri miqyasda tanınmasında mühüm rol oynayır

 

Mədəniyyət siyasəti hər bir xalqın bəşəri miqyasda layiqli yerini tutmasında və tanınmasında mühüm rol oynayır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi xalqımızın zəngin mədəni irsinin dünyada təbliği istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daha çox üstünlük verir.

Elə çağdaş dünyamızın ən güclü dövlətləri də ilk növbədə mədəniyyətə xitab edir, dünyanın gələcəyini qanlı savaşlarda deyil, mədəniyyətlərin dialoqunda görür və bu hədəf uğrunda çalışırlar. Hər birimiz razılaşarıq ki, dünyada sülhün, mədəniyyətlər arasında dialoqun, insanı qorumağın və onun rifahı üçün çalışmağın alternativi yoxdur. Beləliklə, Yer üzündə sağlam düşüncənin əhatəsi genişlənir. Xoş niyyətlər ətrafında birləşən insanların sayı artır. Bu, sağlamlaşan düşüncənin dəyişdiyi dünyadır!

Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də çoxumuzun əsl mahiyyətini, bəlkə də heç dərindən anlamadığımız, sadəcə, ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız festivallar, mahnı müsabiqələri, qlobal mədəniyyətlərarası dialoq forumlarıdır. Bu forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Əldə edilən razılaşmalardır. Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. Bu gün həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli irsin təbliği, mədəniyyət abidələrinin, genofondun qorunmasıdır.

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, eləcə də Bakı Musiqi Akademiyasının fəal iştirakı ilə iyulun 31-dən avqustun 4-dək XII Qəbələ Musiqi Festivalı keçirildi. İndiyə qədər Qəbələdə keçirilmiş musiqi festivallarının hər biri ölkə həyatında möhtəşəm mədəniyyət bayramı kimi yadda qalıb. Builki festivalın isə bir əlamətdar mənası da vardı. Tədbir ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu.

Mədəniyyətə daim yüksək qayğı göstərən, belə əlamətdar günləri heç zaman diqqətdən kənar qoymayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 may 2021-ci il tarixdə Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə bağlı sərəncam imzalamışdı. Sərəncama əsasən, bu hadisə ilə əlaqədar respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. XII Qəbələ Musiqi Festivalı isə bu yubileyə töhfə oldu. Sənətsevərlər beş gün davam edən festivalda musiqi kollektivlərinin və tanınmış ifaçıların maraqlı konsert proqramlarından zövq aldılar.

 

Bakı prosesi dünyada nüfuzlu platformaya çevrilib

 

İndiyə qədər Azərbaycanda çox əhəmiyyətli mədəniyyət hadisələri yaşanıb. Ölkəmiz bir çox regional və beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə evsahibliyi edib. Humanitar sahədə bütün dünyada böyük maraqla qarşılanan və təqdir edilən xeyli təşəbbüslər reallaşdırılıb. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildən başlanmış Bakı prosesi artıq bütün dünyada yüksək nüfuzlu beynəlxalq platformaya çevrilib.

Vətən müharibəsindəki möhtəşəm qələbəmizə qədər bunlar Azərbaycanın dünya mədəniyyətinə fayda vermək arzusu, ölkəmizi, xalqımızı beynəlxalq ictimaiyyətə zəngin mədəniyyətimizlə birgə tanıtmağı, sağlam düşüncəli insanları müxtəlif qlobal məsələlər ətrafında bir araya gətirmək istəyi kimi görünürdü. Qələbəmizdən, işğal altındakı torpaqlarımızın azadlığından sonra isə artıq bu cür tədbirlər əlavə məzmun kəsb etməyə başlayır. Azərbaycanın öz müstəqilliyini daha da möhkəmləndirməsi, sosial-iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət sahəsində görülən işlər, cəmiyyət həyatının müxtəlif sahələrində aparılan köklü islahatlar qədər mədəniyyət diplomatiyasını da uğurla həyata keçirir. Azərbaycan Prezidentinin bu sahədə də reallaşdırdığı siyasət zərgər dəqiqliyi ilə ölçüb-biçdiyini, həyata keçirilən bütün tədbirlərin nəticələrinin düzgün proqnozlaşdırıldığını əks etdirir.

Vətənin igid oğullarının qayalardan dırmaşaraq, yüngül silahlarla düşmənin tankının, topunun üzərinə atılıb azad etdikləri Şuşaya dövlətimiz mədəniyyət işığında daxil oldu. Düşmənin 30 ilə yaxın müddətdə bir daşı-daş üstündə qoymadığı, inkişafdan saxlayıb zülmətə qərq etdiyi, dini məbədlərinə qədər dağıdıb tökdüyü, satıb-sovduğu Şuşada yenidən mədəniyyət günəşi doğdu. Düşməndən təmizlənmiş başqa şəhər və kəndlərimiz kimi Şuşanı da quruculuq ab-havası öz ağuşuna aldı. Azərbaycan Şuşadan dünyaya mədəniyyət ismarıcı göndərdi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bütün xalqları, ölkələri, insanları kini-küdurəti, mənasız iddiaları, saxta mifləri kənara qoyub mədəniyyət dəyərləri ətrafında birləşməyə çağırdı. Mədəniyyətin gücü, quruculuq eşqi ilə dünyaya, insanlara, bugünə və gələcəyə fayda verməyə səslədi.

 

Xarıbülbül festivalının dünyaya anlatdığı həqiqətlər

 

Şuşada təşkil edilmiş Xarıbülbül festivalı hər kəsi heyran etdi. Festivalda Şuşadan, Cıdır düzündən yenidən dünyaya xoş musiqi səsi yayıldı. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanı özünə vətən bilən hər bir kəsin ürəyi o festivalın keçirildiyi günlərdə Şuşada, Cıdır düzündə döyündü. Azərbaycanda yaşayan və ümumi bir zəngin milli mədəniyyət içində özünəməxsusluqlarını da qoruyan, bu özünəməxsusluqlarla ortaq mədəniyyətimizi daha da zənginləşdirən müxtəlif xalqların nümayəndələrinin ifaları ilə Azərbaycan tolerantlığın, fərqli mədəniyyətlərə hörmət ruhunun mənzərəsini yaratdı. Bunun müasir dünyamızda nə qədər böyük dəyər olduğunu bəşəriyyətə göstərdi. İnsanların sülh və qarşılıqlı hörmət ruhunda yaşamasının, bir-birindən görüb-götürməsinin, birlikdə sevinib, birlikdə kədərlənməyi bacarmasının, Vətənə ümumi faydalar verməsinin necə gözəl könül xoşluğu yaratdığını dünyaya anlatdı. Hər kəs gördü ki, xalqlar bir-biri ilə münaqişə yaratmadan, saxta tarix hekayələrinin əsirinə çevrilmədən, fərqli mədəniyyətlərə hörmətlə yanaşaraq, ümumi bir məkanı özünə Vətən bilib doğma yurdun gələcəyinə görə məsuliyyətini dərk edərək birgə yaşayıb, ümumi inkişaf hədəfləri üçün çalışa bilərlər. Bu, mədəniyyətin qüdrətidir. Mədəni dəyərlərin insanlar arasında yaratdığı qırılmaz bağlardır.

 

Tutduğumuz yol ölkəmizə yeni nailiyyətlər qazandırır

 

Mədəniyyət tarixboyu dövlətlərin iqtisadi, siyasi, hərbi gücü ilə yanaşı addımlayıb. Ordunun hərb meydanında qazandığı zəfəri mədəniyyət öz misilsiz təsiri ilə daha da möhkəmləndirib. Daimi inkişaf üçün yeni imkanlar açıb. Dövlətin ardıcıl uğurları üçün zəmin hazırlayıb. Xalqı, ölkəni mədəniyyət işığında dünyaya tanıdıb və böyük hörmət qazandırıb. Tarixdə ucsuz-bucaqsız ərazilər fəth etmiş elə imperiyalar olub ki, hazırda onların heç izi də qalmayıb. Amma mədəniyyətə dəstək olan, bəşər mədəniyyətinə incilər qazandıran, özünü mədəniyyətdə ifadə edən hər kəs bu gün də həmin mədəni sərvətlərlə birgə yüksəlir, inkişaf edir. Mədəniyyət ona dəstək verən hər bir topluma əbədiyyət qazandırır. Tarix boyunca onun yeni nailiyyətlərinə yol açır.

Mədəniyyətin ən böyük təsir gücü həm də milli birliyə xidmət etməsindədir. Ortaq mədəniyyət insanları öz doğmalığında bir araya gətirir. Xalqın milli birliyini sarsılmaz edir. Mədəniyyət ortaq keçmişə və gələcəklə bağlı məqsədlərə malik ayrı-ayrı ölkələrin birliyi üçün də möhkəm bağlantıdır. Vətən müharibəsindəki qələbəmizdən sonra regionda yeni geosiyasi reallıqlar yaradan, türk dünyasının tərəqqipərvər toplumlarla bir arada inkişafı, sülh, sabitlik, rifah içində bəşəriyyətin xoşbəxt gələcəyinə yönələn, ardıcıl işlər aparan Azərbaycan üçün bu amil də çox vacibdir.

Ölkəmiz son onilliklərdə mədəniyyət sahəsində bir sıra tarixi nailiyyətlərə imza atmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uzun illərdən bəri həyata keçirilən yerli və qlobal layihələr, humanitar təşəbbüslər ölkəmizin mədəniyyət diplomatiyasının uğurlarına xidmət edir. Mehriban xanımın təşəbbüsü ilə indiyə qədər doğma yurdumuzun paytaxtında, bölgələrdə və Azərbaycan hüdudlarından kənarda çox əhəmiyyətli mədəniyyət layihələri həyata keçirilib. Mühüm geostrateji mövqeyə, zəngin təbii sərvətlərə, böyük inkişaf potensialına görə tanınan Azərbaycanı dünyanın böyük bir hissəsi indi həm də zəngin mədəniyyətimizlə kəşf etməyə başlayıb. Bu layihələrin hər biri ölkəmizin imicini daha da yüksəldir. Biz azərbaycanlıları sivil, qədim mədəniyyətə malik xalq kimi dünyaya təqdim edir. Min illərboyu bu torpaqlarda yaradılan və nəsillərdən-nəsillərə mənəvi miras kimi keçən misilsiz mədəniyyət incilərimizi bəşəriyyətə sərgiləyir. Mədəniyyətlər arasında dialoq, tolerantlıq, multikulturalizm çağırışları ilə Azərbaycanın tutduğu yolu, ümumbəşəri dəyərlərə bağlılığını, yüksək amallarını göstərir.

Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Üzeyir bəy Hacıbəyli, Rostropoviç, Qəbələ Beynəlxalq Musiqi festivalları, Muğam aləmi Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Bütün bunlar hazırda Azərbaycanı dünyanın əsas musiqi mərkəzlərindən birinə çevirmişdir.

Son illər Naxçıvan, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran və digər şəhər-rayonlarında keçirilən tədbirlər həm bölgələrin mədəni irsinin, həm də turizm potensialının yerli və beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətlidir.

 

İnsanları doğmalaşdıran mədəniyyət platforması

 

Qəbələ Musiqi Festivalı da mədəniyyət sahəsində artıq kifayət qədər mötəbərlik qazanmış maraqlı platformadır. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri hər il öz qapılarını dünyanın müxtəlif məkanlarından olan sənətsevərlərin, musiqi festivalı iştirakçılarının üzünə açır.

Musiqi ictimaiyyətinin böyük rəğbətlə izlədiyi Qəbələ Musiqi Festivalının proqramı hər zaman olduğu kimi bu il də zəngin idi. Festival boyu ayrı-ayrı musiqi kollektivlərinin yaddaqalan konsert proqramları oldu. Festivalın maraqlı cəhətlərindən biri də o idi ki, burada klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil edilmişdi. Ölkəmizin aparıcı musiqi təhsili ocaqlarının müəllim və tələbələrinin, eləcə də müxtəlif ifaçı kollektivlərinin geniş səpkidə iştirakı da bu-ilki Qəbələ Musiqi Festivalının başlıca məziyyətlərindən sayıla bilərdi. Bu da dinləyicilərə yeni səslər eşitmək, fərqli ifa üslublarından zövq almaq imkanı yaratdı.

İyulun 31-də XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu tədbirin təşkilinə olan yüksək diqqətdən xəbər verirdi. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında geniş konsert proqramının təqdim olunması festivalı daha da rövnəqləndirdi.

Avqustun 1-də Konqres Mərkəzində BMA-nın müəllim və tələbələrinin iştirakı ilə kamera-instrumental musiqi gecəsi keçirildi. Respublika və beynəlxalq müsabiqələr laureatları olan tələbələrdən bir qrupunun ifaları dinləyicilərə böyük zövq yaşatdı. Həmin gün baş tutan kamera musiqi axşamında respublikanın tanınmış sənət adamları da öz ifaları ilə festivala gözəllik gətirdilər. Gənc bəstəkar, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin Şəhidlərə ithaf adlı əsəri isə konsertin məxsusi zəfər ovqatının ifadəsi idi. Festivalın növbəti günlərində də dinləyicilərə bir-birindən maraqlı konsert proqramları, yeni ifalar, musiqi inciləri təqdim edildi və XII Qəbələ Musiqi Festivalı gözəl bir mədəniyyət bayramı kimi başa çatdı.

Bu cür mədəniyyət tədbirləri insanları bir-birinə doğmalaşdırır. Dünyamızı saflaşdırır, insanları pis niyyətlərdən, mənfi emosiyalardan təmizləyir. Bu, Azərbaycanın nəcib missiyasıdır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2021.-12 avqust.- S.1; 6.