Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

 

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edərək deyib: “Müslüm Maqomayev çox şərəfli, yaradıcı uğurları dolu bir ömür yaşayıb. O, bütün ömrünü musiqiyə həsr etdi və təkrarolunmaz keyfiyyətlərlə ucalığa qalxdı. Müslüm Maqomayev musiqiçi ailəsində doğulduğuna görə piano, bəstəkarlıq sahəsində böyük nailiyyətlər qazandı”.

Müslüm Maqomayevin ömrünün böyük hissəsinin Moskvada keçdiyini və gənc yaşlarında məşhurlaşdığını deyən V.Əliyev bildirib ki, o, tez-tez Moskvada keçirilən müsabiqələrdə layiqli yerlər tuturdu. V.Əliyev bildirib ki, Müslüm Maqomayevin konserti Rusiyada hər zaman böyük coşqu ilə keçirdi. 31 yaşında SSRİ-nin Xalq artisti adını alması onun istedadından xəbər verirdi.

Harada olmasından asılı olmayaraq Müslüm Maqovayev bir an da olsun Azərbaycanı unutmurdu. Xarici bəstəkarların musiqisini ifa etməklə yanaşı, öz repertuarına Azərbaycan mahnılarını da salırdı. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov Müslüm Maqomayevin XX əsrin ən nəhəng vokal ifaçılarından biri olduğunu bildirib: “O, dünya estradasının ən gözəl nümunələrini seçərək özünəməxsus şəkildə ifa edirdi. Müslüm gəncliyində P.Çaykovskinin silsilə romanslarını elə məharətlə ifa etmişdi ki, dinləyicilərin qəlbində ən xoş izlər buraxmışdı”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib ki, ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib.

Müslüm Maqomayevin yaradıcılığı təkrarolunmaz olduğunu söyləyən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov deyib: “Ona çatmaq çox çətindir. O, özünü hər zaman azərbaycanlı sayır və bununla da fəxr edirdi. Onun musiqisi yaşayır və yaşayacaq”.

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx bildirib ki, onun anası Müslüm Maqomayevin böyük pərəstişkarı olub. O, Müslüm Maqomayevin valideynlərindən qalan vallarını indiyə qədər evində qoruyub saxladığını söyləyib: “Çünki Müslüm Maqomayevin oxuduğu mahnılar insanlarda pozitiv emosiyalar yaradır”.

 

Azərbaycan.- 2021.- 18 avqust.- S.11.