Dost çətin günlərdə tanınır

 

Türkiyədə baş verən güclü meşə yanğınları  bəlli həqiqətlərə yeni işıq saldı. Belə ki, dəhşətli yanğınlarla mübarizənin fonunda bütün dünya yenidən Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna şahidlik etdi.  Bir daha təsdiq olundu ki, bu dostluq və qardaşlıq əbədidir, sarsılmazdır və iki qardaş həm xoş, həm dar günlərində bir-birilərinin yanındadırlar.

 

 

 

Köməyə tələsən ilk ölkə Azərbaycan oldu

 

 

 

Azərbaycan Prezidenti Türkiyədə başlayan yanğınların ilk vaxtlarından hadisəyə münasibət bildirib. İyul ayının 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayan Prezident İlham Əliyev dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib. Təsadüfi deyil ki, yanğının söndürülməsində Türkiyəyə kömək etməyə tələsən ilk ölkə Azərbaycan olub.

 

Avqustun 6-da isə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Azərbaycan Prezidenti qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib.

 

Prezident İlham Əliyev yanğınların söndürülməsində və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə edib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan FHN əməkdaşlarının yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.

 

Bir daha xatırladaq ki, hələ iyul ayının 30-da respublikamızın yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup Türkiyəyə yola düşüb. İyulun 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə gedib.

 

 

 

743 əməkdaş, 97 texnika

 

 

 

Ümumilikdə Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

 

Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Sosial şəbəkələrdə, Türkiyə KİV-inin reportajlarında Azərbaycan yanğınsöndürənlərinin qardaş ölkəyə gəlişi, o cümlədən yanğınların söndürülməsində göstərdikləri fədakarlıqlarla bağlı yayılan görüntülər hər birimizi dərindən qürurlandırır. Onların öz missiyalarını peşəkarlıqla yerinə yetirmələri Türkiyə ictimaiyyətində yüksək təqdir olunur. Yanğınsöndürənlərimizin peşəkarlığı sayəsində bir çox istiqamətlərdə təhlükənin qarşısı alınıb.

 

Azərbaycanın Türkiyəyə göstərdiyi yüksək dəstəyin təməlində həm də ölkəmizdə fövqəladə hallar orqanlarının inkişafı sahəsində görülən işlər dayanır.  Fövqəladə hallara qarşı daha səmərəli mübarizə, ölkəmizin, vətəndaşlarımızın və ətraf mühitin təhlükəsizliyinin təminatı Prezident İlham Əliyevin inkişaf siyasətinin əsas leytmotivlərindən biridir. Bu siyasətin nəticəsi kimi fövqəladə hallar orqanları ötən illərdə böyük inkişaf yolu keçib, maddi-texniki bazaları möhkəmləndirilib, qurumların və əməkdaşların peşəkarlığı yüksəldilib. Bu gün Azərbaycanın qardaş Türkiyəyə yanğınların söndürülməsi ilə bağlı göstərdiyi dəstəyin kökündə də respublikamızda fövqəladə hallar orqanlarının mükəmməl maddi-texniki imkanlara malik olması dayanır. Təbii ki, respublikamızın belə bir potensiala sahib olması hər birimizdə qürur hissi doğurur.

 

Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri hökm sürür. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağır vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevinc-fərəhini, kədərini bölüşüb. Xalqlarımız bütün sahələr üzrə beynəlxalq aləmdə qazandıqları uğurlarına sevinib, qürur hissi keçiriblər.

 

Türkiyədə baş verən dəhşətli meşə yanğınları fonunda bu münasibət özünü bir daha göstərdi. Azərbaycan Türkiyənin çətin günündə onun yanındadır. Təhlükə tam aradan qaldırılana qədər yanğınsöndürənlərimiz mübarizə aparacaqlar və əlbəttə ki, qürur hissi ilə Azərbaycana qayıdacaqlar. Bütün bunlar Azərbaycanın Türkiyə qardaşlığını bir daha dünyaya çatdıracaq. Qardaş Türkiyə Azərbaycanla birlikdə bu sınaqdan da alnıaçıq çıxacaq.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 12 avqust.- S.1;3.