Bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək

 

Bu, hər bir gənc idmançımızın müqəddəs arzusudur

 

 

 

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Son 18 ilin idman yekunlarına nəzər saldıqda bunu aydın görmək mümkündür.

 

Sözsüz ki, gənclərimizin yüksək nailiyyətlər qazandığı yarışlar sırasında ən nüfuzlusu 4 ildən bir keçirilən kütləvi idman mübarizəsi - Yay Olimpiya oyunlarıdır. Təkcə bir faktı xatırlatmaq kifayətdir: son 7 olimpiadada iştirak edən idmançılarımız ümumilikdə 51 medal qazanıblar.

 

Tokioda təşkil edilən sonuncu Yay Olimpiya Oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil olunmuşdu. Atletlərimiz turniri 3 gümüş və 4 bürünc medalla başa vurdular. Medal qazanan gənc idmançılarımızdan biri də sərbəst güləşçimiz Hacı Əliyev oldu.

 

Sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində yarışan Hacı Əliyev mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. İlk rəqibi seneqallı Adama Dyatta idi. Güləşçimiz rəqibini xalçaya çıxmağa peşman etdi - 4:0. Hacı 1/4 finalda Daulet Niyazbekovla (Qazaxıstan) qarşılaşdı və 9:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi. O, bu mərhələdə hindistanlı Bayranq Punişa ilə görüşdüuğurlu seriyanı davam etdirdi. Pəhləvanımız 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazandı.

 

Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançımız qızıl medal üçün yaponiyalı Takuto Otoquro ilə güləşdi. Təəssüf ki, görüş rəqibin minimal üstünlüyü - 5:4 hesablı qələbəsi ilə yekunlaşdı. Nəticədə Hacı çıxışını gümüş medalla başa vurdu.

 

Qeyd edək ki, Hacı Əliyev 1991-ci il aprelin 21-də Naxçıvan şəhərində anadan olub. İlk dəfə beynəlxalq miqyaslı yarışlarda 2010-cu ildən iştirak etməyə başlayıb. 2014-cü, 2015-ci və 2017-ci illərdə dünya çempionatlarının qızıl medallarını qazanıb və bununla güləş tariximizin yeganə üçqat dünya çempionu olub. Amma bu da Hacının uğurlarının hamısı deyil. O, 2014-cü il Avropa çempionatının qızıl, ondan bir il sonra isə bürünc mükafatını qazanıb. 2013-cü ildə Kazanda (Rusiya) təşkil olunan Universiadanı isə 3-cü yerdə başa vurub.

 

Hacı Əliyev həm də “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medala sahib olan idmançımız dörd il sonra “Minsk-2019”da aktivinə qızıl medal yazdırıb. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu adını qazanıb.

 

Göründüyü kimi, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğıkeşlik və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Bunu Hacı Əliyevin idman bioqrafiyası da sübut edir. Amma Hacı tək deyil, beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən onlarca gənc idmançımız var.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.-12 avqust.- S.4.