Dövlətin dəstəyi, şəhid ailələri və qazilərin razılığı, cəmiyyətin məmnunluğu

 

 

Azərbaycanda şəhid ailələrinə və qazilərə həmişə dərin hörmət və ehtiram olub. Bu münasibət İkinci Qarabağ savaşından sonra isə daha ardıcıl xarakter alıb. Vətənin ərazi bütövlüyü naminə həyatını qurban verən şəhidlərin ailələrinin   və sağlamlıqlarından keçən qazilərin problemləri operativ həll olunur, mənzil-məişət şəraitlərinin yaxşılaşması üçün tədbirlər görülür, ehtiyacı olanlara mənəvi-psixoloji kömək göstərilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu cür  sosial dəstək tədbirləri indiyəcən 24 mindən çox şəxsi əhatə edir. Şəhid ailələrinə müvafiq sosial ödənişlərin təyinatı prosesi demək olar ki, başa çatıb. Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanına əsasən, yaxın vaxtlarda şəhid ailələri və qazilərə 7 dövlət orqanı üzrə 26 növ xidmətin göstəriləcəyi vahid əlaqələndirmə mərkəzlərinin təşkili, eləcə də müharibədə yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi  işləri yekunlaşacaq.

 

Məlum olduğu kimi, cari il iyulun 14-də dövlət başçısının iştirakı ilə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillər və avtomobillər təqdim olunmuşdur. Ümumiyyətlə, cari il şəhid ailələri və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin təqdim edilməsi nəzərdə tutulub. Onlardan  1300-ü artıq verilibbununla indiyədək şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 10 mini ötüb.

 

Şəhid ailəsi üzvləri və qazilər  sosial dəstək çərçivəsində həmçinin məşğulluq proqramları ilə əhatə olunublar.  Onların sayı  artıq 6800 nəfərə yaxındır. O  cümlədən 5 047 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Qeyd edək ki, “Məşğulluq marafonu” cəmiyyətdə böyük dəstək qazanıb və bu aksiyaya qoşulan işəgötürənlərin,  təqdim edilən vakansiyaların, həmçinin vakansiyalar üzrə   işlə təmin olunanların sayı artmaqdadır.

 

Vətən müharibəsində yaralanmış  qazilərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, ümumilikdə  sosial dəstək və reabilitasiya xidmətləri ilə  əhatə olunması da diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə və qazilərə 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirir. Habelə müharibə dövründə zərərçəkmiş mülki əhali ilə də psixo-sosial işlər aparılır. Ümumən 3 minə yaxın ailəyə səfərlər edilərək onların 10 min üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.

 

Yeri gəlmişkən, onu da qeyd  edək ki, cari ilin iyun ayından pilot layihəsi kimi Bakının  Səbail və Yasamal rayonlarında  sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlar üçün başlanan səyyar sosial reabilitasiya xidmətlərinə 18 uşaq cəlb olunub. Layihə özünü doğrultduğu üçün prosesin paytaxtın digər rayonlarını və bölgələri də əhatə etməsi üçün işlərə başlanılıb.

 

Bundan əlavə, adıçəkilən agentlik tərəfindən əlilliyi olan gənclər üçün regionlarda peşə-əmək reabilitasiyası mərkəzlərinin qurulması, bu istiqamətdə onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi üzrə təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Artıq layihənin Şəki və Quba rayonlarında həyata keçirilməsi ilə bağlı işlərə start verilib.

 

Cari ilin birinci yarısında həmçinin 179 imtiyazlı şəxs sanator-kurort mərkəzlərinə yollayışla təmin olunub,  effektiv fizioterapevtik və digər vacib prosedurlara cəlb edilib. Daha 71 nəfər isə Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriləcək.

 

Bu sahədə bir önəmli fakt da cari il üçün müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 160-a yaxın avtomobilin verilməsinin palanlaşdırılmasıdır. Artıq 50 avtomobil  paylanıb. Ümumiyyətlə, indiyədək bu kateqoriyadan olan şəxslərə 7250 avtomobil təqdim edilib.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.-12 avqust.- S.5.