Yeni reallıqları İlham Əliyev diktə edir

 

Qalib Sərkərdənin şərtlərini qəbul etmək Ermənistanın son və yeganə şansıdır

 

 

 

Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Zəfəri, əzəli torpaqlarını düşmən işğalından azad etməsi ilə ədalətin bərqərar olması nəticəsində bu gün Ermənistan tarixinin ən çətin və acı səhifələrini yaşamaqdadır. Ancaq bütün dövrlərdə Azərbaycana qarşı hər hansı təsir elementləri əldə etmək üçün beynəlxalq platformalarda yalvararaq siyasi hoqqabazlıq edən bu ölkənin ölkəmizin yaratdığı yeni reallıqları anlasa, düşdüyü ağır durumdan qurtuluş yolu var.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən öncə də, sonra da Ermənistana bu durumdan çıxış yolunu dəfələrlə göstərib. Amma görünən odur ki, bu ölkədə bəzi qüvvələr erməni xalqının acınacaqlı vəziyyətdən çıxmağını istəmir və bunun beləcə davam etməsi üçün müxtəlif oyunlar oynayaraq təxribatlardan əl çəkmirlər.

 

 

 

Erməni məkri, mənasız oyunlar, qərəzli fikirlər

 

 

 

Son günlər baş verənlər də deyilənlərin təsiqidir. Çünki ölkənin baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar aparmaqregional vəziyyəti nizamlamaq üçün Azərbaycan Prezidenti ilə görüşməyə hazır olduğunu söylədiyi halda bu ölkənin xarici işlər nazirliyi bəyanat yayaraq Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı pozmaqda ittiham edir.

 

N.Paşinyan deyir ki, rəsmi İrəvan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır. Hökumətin iclasının gedişində Paşinyan Ermənistanın Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazır olduğunu deyib. O qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir. N.Paşinyan belə hesab edir ki, təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır və bu, danışıqlar üçün müvafiq atmosferin yaranmasına imkan verər.

 

Baş nazir “təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır” dediyi halda ölkəsinin XİN-i yenə bu addımı atır. Belə olan halda N.Paşinyanın fikirlərində nə qədər səmimi olduğu şübhə doğurur.

 

Bu gün hər kəs şahidlik edir ki, üçtərəfli bəyanatı pozan Ermənistandır. Azərbaycan qalib ölkə kimi Ermənistanın bəyanatda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyir. Amma sənədin imzalanmasından 9 ay ötməsinə baxmayaraq, Ermənistan hələ də müxtəlif bəhanələr uydurmaqla öhdəlikdən boyun qaçırır. Elə ölkənin xarici işlər nazirliyinin qərəzli bəyanatı da bunu təsdiq edir. Azərbaycan XİN isə buna cavabında qeyd edir ki, qərəzli bəyanat Ermənistanın üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir.

 

Qeyd edilir ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 2020-ci il noyabrın 10-da Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının “tutduqları mövqelərində dayandıqları” qeyd olunur. “Dayanmaqsözü buya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu, həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir. Bundan əlavə, üçtərəfli bəyanatın

 

3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyuolaraq müəyyən edilib. Üçtərəfli bəyanatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”.

 

Üçtərəfli bəyanatın 6-cı bəndində deyilir ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

 

Beləliklə, üç tərəfin imzaladığı bəyanatın razılaşdırılmış ifadələri açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edirheç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur.

 

Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri isə göstərir ki, ya Ermənistan sənədin mahiyyətini tam dərk etmir, ya da əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmayıb. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir.

 

 

 

Ermənistan bütün iddialarından əl çəkməlidir

 

 

 

Ümumiyyətlə, beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir.

 

Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur.

 

Bütün bunlar göstərir ki, Ermənistanın bu razılaşmanın müddəalarının icrasına hələ də laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəsizliyin bərpa olunmasına ciddi təhdidlər yaradır. Belə bir vəziyyətdə müstəqilliyi formal xarakter daşıyan, buya digər beynəlxalq güclərin əlində alətə çevrilən bir dövlətin gələcəyi ilə bağlı nikbin proqnozlar vermək çətindir.

 

Onu da qeyd edək ki, Azərbaycan Ermənistana sərhədin delimitasiyası məsələsinin də daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib və danışıqlar yalnız bu proqram çərçivəsində aparılmalıdır. Əgər məğlub ölkə yenə də bundan boyun qaçırsa, bu, yalnız onun özü üçün problemlər yaradacaq. Ona görə ki, Azərbaycan qalib ölkə olduğundan Ermənistan onunla hesablaşmalıdır. Azərbaycan bütün dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində, qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Əgər Ermənistan bölgədə normal yaşamaq istəyirsə, bütün iddialarından əl çəkməlidir. Əks təqdirdə, bütün proseslər Ermənistanın növbəti dəfə qaçılmaz məğlubiyyəti ilə yekunlaşacağı faktını ortaya qoyur.

 

Prezident İlham Əliyev də bunu dəfələrlə Ermənistana xatırladıb. Qalib Sərkərdənin bu ölkəyə göndərdiyi mesajlarda hər şey açıq-aydın görünür: “Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil... Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

 

Bütün bunlar göstərir ki, Ermənistan müharibənin acı nəticələrini belə tez unutmamalıdır. İşğalçı ölkə qəbul etməlidir ki, yeni reallıqları Azərbaycan diktə edirbu reallıqları qəbul etmək Ermənistanın son və yeganə şansıdır.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.-15 avqust.- S.1;3.