Bəzi insanların məsuliyyətsiz davranışları karantin rejiminin sərtləşdirilməsini vacib edir

 

 

İki ilə yaxındır ki, bütün dünyanı ağuşuna alan, ölkələrin sosial həyatına və iqtisadiyyatına ağır fəlakətlər yaşadan COVID-19 pandemiyası həyatımızdan getmək istəmir. Virusun meydana çıxan yeni formaları bu pandemiyanı tarixin arxivinə göndərməyə maneçilik törədir”.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasınada Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev deyib.

 

O bildirib ki, koronavirusu yaradan səbəblər aradan qaldırılmayınca bu gözəgörünməyən canlılarla birgə yaşamağa, onlardan qorunmağa məcburuq: “Hazırda bu xəstəliklə bağlı ortaya çıxan acı mənzərə ondan ibarətdir ki, sağlamlıq keşikçilərimiz ancaq nəticənin aradan qaldırılmasına çalışırlar. Ancaq tarixi təcrübə göstərir ki, koronavirusa qədər yayılmış bir çox qorxulu xəstəliklərə o zaman tam qalib gəlmək mümkün olub ki, nəticə yox, xəstəliyi doğuran səbəblər aradan qaldırılıb. Ona görə düşünürəm ki, bu istiqamətdə dünya alimlərinin təbiblərlə birlikdə genişləndirəcəkləri multidisiplinar elmi-tədqiqatlar COVID-19-un yaranma və yayılma səbəblərinin tamamilə aradan qaldırılmasına xidmət edəcək və o zaman da insanlar bu xəstəlikdən keçmişdə olmuş hadisə kimi danışa biləcəklər”.

 

Kimyaçı alim qeyd edib ki, respublikamız koronavirus pandemiyası elan ediləndən sonra beynəlxalq çağırışlara ilk reaksiya verdiyi üçün ona qarşı effektiv mübarizə aparmaq mümkün olub. İstər virusa yoluxanların, istər dünyasını dəyişənlərin statistikasını digər ölkələrlə müqayisə etsək görərik ki, ən uğurlu nəticələr Azərbaycanda qeydə alınıb. Vətəndaşlarımızın sağlamlığı, təhlükəsizliyi və iqtisadi təminatı istiqamətində görülən tədbirlər bir tərəfdən pandemiyanın aradan qaldırılmasına, daha geniş auditoriyaya yayılmasının qarşısını almağa xidmət edirdisə, digər tərəfdən pandemiyanın insanlarımızın həyat səviyyəsinə təsirlərini minimuma endirmək məqsədi daşıyırdı: “Bu, ölkənin iqtisadi gəlirlərinin böyük həcmdə azalması hesabına başa gəlsə də, ölkəmizdə insan həyatının ən ali dəyər olduğu anlamına gəlir. Ancaq bu mübarizə o zaman daha nəzərəçarpacaq effekt verir ki, vətəndaşlarımız birlik nümayiş etdirir, qoyulan qaydalara həm özləri tam riayət edir, həm də ictimai təsir vasitələri ilə digərlərinin qaydalara əməl etməsini təmin edirlər. Amma təəssüf ki, bu sahədə gözləntilər özünü doğrultmur. Məsuliyyət məsələsini düşünməyənlər düşünənlərimizdən çoxdur. Hamı sərbəst həyat istəyir. Heç kəs istəmir ki, məhdudiyyətlər, sərt karantin rejimi olsun. Lakin bu məhdudiyyətlərin olmaması üçün bizdən tələb olunan həyati vacib tələbləri də yerinə yetirmək istəmirik. Bizdən xəstəliyə qarşı vaksin olunmaq, qapalı məkanlarda qoruyucu vasitələrdən istifadə etmək, məsafə saxlamaq tələb olunur. Biz isə bunları insanların azad, sərbəst yaşamalarına müdaxilə kimi dəyərləndiririk. Amma unuduruq ki, hər kəs bu virusun daşıyıcısı ola bilər, özünün immuniteti yüksək olduğu üçün xəstəliyə yoluxmaya bilər, lakin digər ünsiyyətdə olduğu immuniteti zəif olan başqa bir adamı yoluxdurub, onun həyatına son qoya bilər”.

 

O vurğulayıb ki, son yumşalmalardan sonra insanlarımız bu virusun varlığını sanki unudublar. Bunun nəticəsidir ki, yoluxanların sayı dördrəqəmli, ölüm sayı ikirəqəmli olub. Bu, artıq həyəcan siqnalıdır: “Çünki xəstəxanalarda ağır xəstələrin sayının artması ciddi problemlər yaradacaq. Bu neqativ halla rastlaşmamaq üçün sərt karantin tədbirlərin tətbiqi yeganə çıxış yolumuz olacaq. Vətəndaş olaraq hamımızın bir nəfər kimi üzərimizə düşən vəzifələri yerinə yetirməliyik, məsuliyyətli davranmaqla xəstəliyin yeni dalğa halını almasına mane olmalıyıq. Avtobuslarda, ticarət, alış-veriş mərkəzlərində və digər qapalı məkanlarda sosial məsafə gözlənilmir, maska taxmaq unudulub. Belə məsuliyyətsiz davranışlar sosial təcrid məsələsini, karantin qaydalarının sərtləşdirilməsini vacib edir”.

 

Əfsun Sucayev diqqətə çatdırıb ki, hazırda virusa qarşı ən effektiv mübarizə üsulu vaksinləşmənin bütün əhalini əhatə etməsidir. Bu gün yoluxanların 95 faizindən çoxu vaksin olunmayanlardır. Tək bu fakt vaksinasiyanın nə qədər əhəmiyyət kəsb etdiyini söyləməyə əsas verir.

 

“Müşahidələr göstərir ki, vaksin olunan şəxs virusa yoluxduğu halda onun xəstəliyi ağır keçirməsi və ölüm riski olmur. Bu səbəbdən də insanlarımızı vaksinasiya prosesində fəal olmağa, öz sağlamlıqlarını qorumağa və cəmiyyətin təhlükəsizliyi üçün qoyulan qaydalara riayət etməyə çağırıram. Bu qaydalara əməl etməmək yoluxmada təhlükəli həddin yaranmasına, sərt karantin qaydalarının yenidən bərpasına yol aça bilər. Ölkəmizdə epidemioloji vəziyyətin necə dəyişməsi bu istiqamətdə qəbul ediləcək qərarlara birbaşa təsir göstərəcək. Yoluxma sayının optimallaşdırılması üçün hər birimizin vaksinasiya prosesində fəal iştirakımız vacibdir. Yalnız qaydalara əməl etmək və peyvənd olunmaqla normal həyata qayıtmaq mümkündür”, - deyə Əfsun Sucayev qeyd edib.

 

Azərbaycan.-2021.-15 avqust.- S.1;6.