Yeni növraq Laçına da gəldi

 

 

Dağların quşqonmaz zirvəsində əsrlərin dizini qatlayan, minilliklərdən soraq verən qalalar məskəni Laçının vəsfi daima şeirin, musiqinin ritminə köklənib.

 

Amma son illər bəstələnən bir mahnı da var idi ki, Laçının təkcə təbiətini deyil, həm də taleyini ifadə edirdi. Az qala 30 ilə yaxın idi Laçından uzaq düşəndən ata yurdunun xiffətini çəkən Məhəbbət Kazımovun haraylı səsində Laçınım mənim... mahnısı təkcə laçınlıları deyil, hamını yandırıb-yaxır, qıy vuran qartalları qayalı-daşlı dağlara səsləyirdi.

 

o gün gəldi... 44 günlük Vətən müharibəsinin Azərbaycan Ordusunun rəşadətli qələbəsi ilə başa çatması bizi dağlara, dağları isə bizə qaytardı. Bu gün onların əzəmətini bir az da yüksəldən ən əziz qonaqlarını qəbul edir dağlarımız. Azərbaycan Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu yerlərin qonağı oldular. Dağ vüqarlı qonaqları ana təbiət öz füsunkar gözəllikləri ilə qarşıladı.

 

Xatırladaq ki, Vətən müharibəsində əldə edilən qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma layihələrinə start verilibonlardan biri Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yoludur. Birinciikinci texniki dərəcəyə uyğun tikiləcək 72,8 kilometrlik yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İkidörd hərəkət zolaqlı yol üzərində altkeçidlər və körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi də aparılacaq ki, onların da ümumi uzunluğu 9450 metrə çatacaq.

 

Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometrlik tunelin təməlini qoydu. Bu tunelin istifadəyə verilməsi gediş-gəlişi xeyli asanlaşdıracaq. Təməlqoyma mərasimində çıxış edən Prezident bildirdi ki, bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yollarının xüsusi əhəmiyyəti var. Dövlət başçısı qeyd etdi k, azad edilmiş torpaqların investisiya proqramı tutulanda məhz onun təşəbbüsü ilə tunellər də layihələrə salınıb: ...Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar.

 

Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, - eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var, siyasi qərarlar verildi, bütün güclər, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi... Bax, bu tunelin şəkli də burada göstərilir, çox rahat və təhlükəsiz bir yol olacaq. Qarabağ Azərbaycandır!

 

Azərbaycan Prezidenti səfər çərçivəsində hava limanının təməlini də qoydu. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı strateji əhəmiyyət daşıyır. Aeroport bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialından istifadə edilməsinə səbəb olacaq. Hava limanı həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərəcək, eyni zamanda rayonda logistik mərkəzlərin yaradılmasına fayda verəcək. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşəcək aeroportunun uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq. 6 təyyarə dayanacağı olacaq aeroport həmçinin Kəlbəcər ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

 

Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyarkən bildirdi: Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum. Zəngilan hava limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq. Kəlbəcər və Laçın rayonlarında, - mən müharibə başa çatandan sonra elan etmişdim, - yer axtarılacaq və beynəlxalq hava limanı tikiləcək. Yerin axtarışı, əlbəttə ki, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, - dağlar, meşələr, dərələr, təpələr, - düz yer, demək olar ki, yoxdur... Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir.

 

Bəli, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, bu ərazilərdə infrastrukturun bərpa olunması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, kənd və şəhərlərin dirçəldilməsi və nəhayət, əhalinin həmin yerlərə qayıtması hamının çoxdankı arzusu idi. İndi həmin arzu gerçəkləşir. Bununla belə, biz sayıqlığımızı da itirməməliyik. Azərbaycan Prezidenti də məhz bu amilləri nəzərə alaraq demişdir: Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.-19 avqust.- S.1;5.