Paytaxtın mərkəzindəki sahibsizlik “abidə”si

 

Bir vaxtlarFantaziya” hamamı kimi tanınan tarixi bina baxımsızlıq üzündən dağılıb gedir

 

 

 

Bakının Dilarə Əliyeva küçəsindəki bu binanın ön divarında - giriş qapısında asılmış lövhədə onun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olduğu bildirilir. Lövhədəki “1886-cı il” yazısı isə tikilinin tarixinin çox uzaqlara getdiyini, yəni üç əsrin şahidi olduğunu göstərir. Daha sonra elə həmin lövhədə bildirilir ki, bina yerli əhəmiyyətli memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.

Bu, Bakının qədim və məşhur “Fantaziya” hamamının binasıdır, daha doğrusu, belə davam etsə, binası idi. Bəli, paytaxtın mərkəzində yerləşməsinə baxmayaraq, indi “gözdən uzaq, könüldən iraq” düşən, bir vaxtlarsa bənzərsiz tikili olmuşFantaziya”, həqiqətən, iki gözün baxmaqdan doymadığı bir fantaziya idi. Onun içəri divarları da, döşəməsi də mərmərdən olub. Bütövlükdə mərmərdən yonulmuş vanna, divarlardakı yapma naxışlar onu digər hamamlardan fərqləndirib. “Fantaziya” həm də Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Halbuki o zaman elektrik enerjisi ilə yalnız dövlət idarələri və varlı adamların evləri işıqlandırılırdı. Amma bunlar da hələ hamısı deyil. Hamamda prosedurlardan sonra çay içmək üçün xüsusi zal fəaliyyyət göstərib, dincələnlərə bir neçə dildə qəzet və jurnallar təklif edilib. Fəaliyyət göstərdiyi ilk illərdə burada canlı musiqi, sonralar isə fonoqram səsləndirilib. Binada hətta heç yerdə rast gəlinməyən  telefon olub, 20-yə yaxın ofisiantlakey, bir o qədər də xadimə işləyib. Demək istədiyimiz odur ki, “Fantaziya” təkcə memarlıq cəhətdən paytaxtımızı bəzəyən nadir tikili yox, həm də servisinə görə nümunəvi obyekt olub.

Bu gün isə... Fantaziya” pəncərələrinin şüşələri sınmış, divarlarının rəngi solmuş, qapılarından, sözün həm birbaşa, həm də dolayı mənasında, qıfıl asılmış bir bina, ətrafdakı evlərin və obyektlərin “kölgə”sində qalan birmərtəbəli baxımsız bir tikilidir.

“Kölgə” demişkən. Toz-torpaq və mamır basdığından binanın damında xeyli ağac da bitib və elə bil kiçik budaqlarının yaratdığı “çətir”lə “Fantaziya”nı qorumaq istəyirlər. Vaxtilə su üçün nəzərdə tutulan çənlər isə indi ötüb-keçənlərin zir-zibil atdığı çuxura çevrilib. Binaya həkk olunan üç yonulmuş şir fiquru da sanki bütün bunlara qəzəblənərək üz-gözünü turşudub. Təəssüf ki, onlar binanı qorumağa qadir deyillər. Onu əlaqədar qurum və təşkilatlar qorumalıdır, xalqımız, tariximiz, paytaxtımız üçün əhəmiyyətli olan memarlıq abidəsi kimi...

Amma qoruyurlarmı?! Şəkillərdən də göründüyü kimi, nəinki qorumurlar, hətta XIX əsrin bu bənzərsiz tikilisinin sanki qəsdinə durublar. Məqsədləri nədir, deyə bilmərik. Binanın “istifadəyə yararsızdır” və yaheç bir tarixi əhəmiyyəti yoxdur” adı ilə sökülməsinə qərar verib yerini satmaq istəmələrini də iddia etmirik, baxmayaraq ki, xüsusən Bakıda belə halların baş verdiyindən xəbərimiz var. Əks halda Mədəniyyət Nazirliyinin məsul əməkdaşı məhz bu cür işlər üstündə mühakimə edilməzdi ki...

Bu məqamda tikili abidələrimizə əlaqəli qurumların timsalında hamımızın laqeyd, şəxsi maraqlar çərçivəsində münasibətini anlamaq mümkün deyil. Belə münasibət indi ermənilərin Qarabağda qədim alban tikililəri ətrafında çıxardıqları oyunların fonunda isə daha əcaib görünür.

Əcaib görünən həm də odur ki, sən demə, mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunan bu bina hələ neçə il əvvəl özəlləşdirilibmiş. Bunun qanun çərçivəsində, yaxud qanundan kənar olduğu ilə işimiz yoxdur. İşimiz olan, bizi rahatsız edən memarlıq abidəsinin özəlləşdiriləndən sonra da dövlətin müvafiq qurumunun nəzarətində olmalı olduğunun unudulmasıdır.

Əgər belədirsə, biz qəzet olaraq bunu hamamın üzərinə “Abidə dövlət tərəfindən qorunur” lövhəsini vuran Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yadına salırıq. Həm də təkcə yada salmırıq, yaxın zamanda tədbir görülməyəcəyi halda “Fantaziya”nın yalnız fantaziyalarda qalmaq təhlükəsinin yaxınlaşdığı üçün “həyəcan təbili” çalırıq.

 

Azərbaycan.-2021.-19 avqust.- S.7.