Türkiyə mediası Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfərini geniş işıqlandırıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber”, “TRT Avaz”, “Haber Global” telekanalları, “Sabah”, “Yeni akıt”, “Hüriyyət”, “Milliyet” qəzetləri və digər media qurumları səfərin təfərrüatlarını türkdilli ictimaiyyətə geniş şəkildə çatdırıblar.

 

Anadolu Agentliyi yaydığı videomaterialda dövlətimizin başçısı İlham Əliyevin öz səsi ilə səfər və onun təfərrüatı barədə türkdilli ictimaiyyətə məlumat çatdırıb. Bölgənin füsunkar gözəlliyi, Prezidenti İlham Əliyevin Kəlbəcərdə dövlət bayrağımızı yüksəltməsi, dövlətimizin başçısının yerli sakinlər, eləcə də arıçılarla görüşü və səmimi söhbəti orijinal kadrlar əsasında materialda əksini tapıb. Bu videomaterial digər media qurumları tərəfindən də sürətlə yayılıb.

 

“TRT haber” telekanalının saytında səfərlə bağlı fotosessiya təqdim olunub.

 

“Haber global” telekanalı səfərlə bağlı geniş videomaterial yayıb.

 

“Sabah” qəzeti Prezident İlham Əliyevin səfər çərçivəsindəki çıxışları, fikir mülahizələri əsasında analitik təhlil aparıb. Yazıda Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti sərgilənən ədalətsizlik faktlarla oxuculara çatdırılıb.

 

Qeyd edək ki, Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 14-də “CNN türkteleviziya kanalına müsahibəsini geniş işıqlandırıb.

 

Bütün materiallarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadət, işğal altındakı torpaqlarımızın düşməndən cəsarətlə alınması, zalım düşmənin törətdiyi vəhşiliklər, azad olunan bölgələrinizdə həyata keçirilən geniş quruculuq bərpa işləri, böyük qayıdışa qərarlı hazırlıq məsələləri əksini tapıb.

 

Azərbaycan.-2021.-19 avqust.- S.5.