Ermənistanı daha ağır günlər gözləyir

 

Ölkədə işsizliyin səviyyəsi və  inflyasiya xeyli yüksəlib

 

 

Ermənistanda mövcud vəziyyətin təhlili ölkədə olduqca mürəkkəb bir durumun yarandığını üzə çıxarır. Hakimiyyət və müxalifət arasında qarşıdurma, ziddiyyət getdikcə dərinləşir. Elə bu fonda Ermənistanda ağır sosial-iqtisadi vəziyyət özünün getdikcə daha təhlükəli mərhələsinə daxil olur. Belə görünür ki, erməni əhalisini qarşıdakı dövr ərzində daha ağır günlər gözləyir. Bunu Ermənistanın Milli Statistika Xidmətinin məlumatları da təsdiq edir.

Ermənistanda ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiymətləri durmadan bahalaşır. Paralel olaraq əhalinin yaşayış səviyyəsi aşağı düşür, işsizlik səviyyəsi və inflyasiya artır. Milli Statistika Xidməti bildirir ki, ölkədə qiymət artımı ən yüksək həddə çatıb. Qurumun məlumatına görə, iyul ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 13,5 faiz bahalaşıb ki, bu da 1990-cı ildən sonra ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylar ikiqat artıb. Yerli məhsulların qiymətləri də istehlak səbətinin sadə vətəndaşa daha baha başa gəldiyini göstərir. Belə ki, iyul ayında çörəyin qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6, ət 9,7, yağ 15,9, qənd 39,4, yumurta 51,3, konservləşdirilmiş süd 10,4, tərəvəz 53 faiz bahalaşıb ki, bu da birbaşa inflyasiya deməkdir.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, baza inflyasiyası iyul ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artıb və 2021-ci ildə ən yüksək göstərici olub.

Qiymət balansının 4 faizlik həddə olacağını proqnozlaşdıran EMB gözləniləndən daha yüksək olan bu inflyasiyanı cilovlamaq üçün səkkiz ay ərzində 5-ci dəfə baza maliyyələşdirmə faizini artırıb. Bununla belə, EMB “yüksək inflyasiya mühitinin” önümüzdəki aylarda da davam edəcəyini proqnozlaşdırır. Bildirilir ki, ümumi daxili məhsul istehsalı 2020-ci ildə həm pandemiya, həm də Azərbaycan ilə müharibə səbəbindən çox böyük zərbəyə məruz qalıb.

Beynəlxalq Valyuta Fondu cari il Ermənistanda ÜDM istehsalının cəmi 1 faiz artacağını proqnozlaşdırıb. Fondun hesablamalarına görə, qiymət artımı və inflyasiya cari ilin birinci yarısında pik həddə çatıb. Sonradan inflyasiya idarə olunacaq 4 faizlik səviyyəyə düşə bilər. BMT-nin Ərzaq Proqramı və Kənd Təsərrüfatı Təşkilatı da Ermənistanda istehsalın azalacağını gözləyir. Təşkilatın proqnozuna əsasən, 2021-ci ildə taxıl istehsalı orta səviyyədən 30 faiz az, təxminən 208 min ton olacaq. Buğda istehsalının isə daha az - 120 min ton olacağı proqnozlaşdırılıb. Bildirilir ki, Ermənistan gələn il əvvəlkindən 20 faiz çox taxıl məhsulları idxal etməli olacaq.

Ermənistan parlamentinin deputatı, iqtisadçı Tadevos Avetisyan da vəziyyətin ağır olduğunu bəyan edir: “2021-ci ilin birinci yarısında da sosial-iqtisadi böhran davam edib. Cari ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə müavinətlərin, pensiyaların, minimum əməkhaqqının, dövlət qulluqçularının əsas əməkhaqqının artımı baş vermədi. Əvəzində istehlak malları xeyli bahalaşdı. Bu mənfi tendensiya davam edir. Yəni vətəndaşların real gəlirləri daim azalır və yoxsulluq, o cümlədən işləyən insanlar arasında ifrat yoxsulluq artır.  2020-ci ilin əvvəli ilə müqayisədə, son altı ay ərzində Ermənistanın xarici borcu 10,3 faizya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun davamlı artması həm də ölkəmizin inkişaf etməsini məhdudlaşdırır. Davam edən böhran fonunda yeni bir mühacirət dalğası da formalaşır: 2021-ci ilin yanvar-iyun aylarında respublikanı tərk edən Ermənistan vətəndaşlarının sayı ölkəyə gələnlərin sayını 95 min nəfər üstələyib”.

Erməni mediası yazır ki, Ermənistan hazırda yeni texnologiyaların inkişafına görə orta qlobal göstəricidən üç dəfə geridədir. Ümumiyyətlə, son üç ildə iqtisadiyyatda heç bir real islahat aparılmayıb. Bu sahədə hər hansı yaxşılaşma yoxdur.  İqtisadçı Ruben Tovmasyan da bildirir ki, mövcud vəziyyət hər an sosial partlayışlara səbəb ola bilər: “Ermənistanda ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bunun axırının necə olacağını demək çətindir. Çünki ölkədə tərəqqinin qeydə alındığı hər hansı sahənin adını çəkmək çətindir. Mühacirət səviyyəsi yüksəlir, yoxsulluqişsizliyin səviyyəsi sürətlə artır”.

Bu gedişlə ölkənin daha dərin böhran yaşaması, daha ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.

 

Elçin Cəfərov

Azərbaycan.-2021.- 20 avqust.- S.1;7.