Qazaxıstanın “Sətti” qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işə başladı

 

Qazaxıstanın “Sətti” özüqalxan qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərini həyata keçirməyə başlayıb. Qurğunun modifikasiyası cari ilin iyunundaKaspian Drillinq Kompani Limited” (CDC) şirkətinin idarəetməsi altında başa çatıb. Modifikasiya nəticəsində qurğunun texniki göstəricilərinin daha da təkmilləşdirilməsi onun rəqabətlilik qabiliyyətini artırıb.

 

Xatırladaq ki, modifikasiya işlərinin yekunlaşdırılması ilə əlaqədar iyun ayında Qazaxıstan tərəfdən “Samruk-Kazyna” və “KazMunayQaz” SC-lərin və ölkəmiz tərəfindən SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), eləcə də CDC-ninbp-nin rəhbərliklərinin iştirakı ilə tədbir keçirilmişdi.  Bu yaxınlarda isə CDC və “KMG Drilling and Services” şirkətləri arasında müqavilə imzalanıb ki, bununla da qurğu vasitəsilə bp-nin operatoru olduğu Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) üzrə hasilatın pay bölgüsü sazişi ərazisində iki kəşfiyyat və bir əlavə quyunun qazılması üçün birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub. Müqaviləyə əsasən, CDC “Sətti” özüqalxan qazma qurğusunun operatorudur.

 

“Sətti” qurğusu Qazaxıstan “KMG Drilling and Services” şirkətinə məxsusdur. 2019-cu ilin yanvar ayında SOCAR və “KazMunayGaz” arasında imzalanmış memoranduma, eləcə də həmin ilin fevralında “Kaspian Drillinq Kompani Limited” və “KMG Drilling and Services” arasında bağlanmış müqaviləyə əsasən, bu qurğu CDC-nin etibarlı idarəetməsinə verilib.

 

Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik CDC “Sətti”nin modernləşdirilməsini də uğurla həyata keçirib. Təkmilləşdirilmə qurğunun texnikiistehsalat qabiliyyətini artırıb, onun 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularını təhlükəsiz və səmərəli qazmasına imkan yaradıb.

 

“Sətti” Abşeron yarımadasının SOCAR və bp tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatlara cəlb olunub. Xəzərin ölkəmizə məxsus sektorunda hələ bir sıra potensial perspektiv strukturlar var ki, onlardan biri də məhz Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşir. 2014-cü il dekabrın 22-də SOCAR və bp arasında bu strukturda birgə geoloji-kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Bundan bir neçə ay sonra saziş Milli Məclis tərəfindən ratifikasiya edilmişdir. Sənədə əsasən, müqavilədə bp-nin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd 30 illik müddəti əhatə edir .

 

Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 2000-5000 metr təşkil edir.

 

Hasilatın Pay Bölgüsü Sazişi Milli Məclis tərəfindən ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırılmışdır.

 

Üçölçülü seysmik tədqiqat proqramı üzrə ƏMSSTQ (Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədinin ictimai müzakirələri aparılmışdır. Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir.

 

2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatmışdır. SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla bp-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirilmişdir. Bunlar Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq əraziləridir.

 

Beləliklə, indi birinci quyunun qazılmasına başlanıb. Onun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır və qazma işlərinin təxminən iki ay yarım davam edəcəyi gözlənilir. Quyu üzrə ƏMSSTQ sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilk kəşfiyyat quyusunun qazılmasına başlanması münasibətilə demişdir: “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xətlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, bp Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcəklər.”

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dayazsulu Abşeronda qazma işlərinin başlanmasından məmnun olduğunu  bildirmişdir: “Dünyanın müxtəlif yerlərindəki dayazsulu sahələrdə əldə etdiyimiz təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq. AYDH sahəsindəki ilk kəşfiyyat quyusunun təhlükəsiz və səmərəli şəkildə qazılması üçün SOCAR ilə sıx əməkdaşlıq şəraitində işləməyə davam edəcəyik.”

 

“Sətti”nin gələcəkdə Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda iştirak edəcəyi də nəzərdə tutulub.

 

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 20 avqust.- S.1;3.