Hər bir insanın qaydalara ciddi əməl etməsi vacibdir

 

Yalnız bu yolla koronavirusdan qorunmaq mümkündür

 

 

 

İlyarımdan artıqdır ki, əsrin bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Pandemiyanın ilk günlərindən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən, insanların sağlamlığının qorunması məqsədilə bu gözəgörünməz virusa qarşı mühüm tədbirlər görülür.

 

İlin əvvəlindən başlanan peyvəndləmə nəticəsində bir ay bundan öncəyədək yoluxmaların və ölüm hallarının sayında kəskin azalma müşahidə olundu. Bundan sonra müəyyən qadağalar aradan qaldırıldı, bəzi yumşaltmalar oldu. Lakin indi vəziyyət dəyişib. Ölkə rəhbərliyini və ictimaiyyəti narahat edən odur ki, bu təhlükəli virus səbəbindən xəstələnənlərin və həyatını itirənlərin sayı əvvəlki aylara nisbətən artıb. Bu məsələlərlə əlaqədar avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə genişliyi ilə açıqlama verilib. Yaranan narahatlıq və qarşıda duran vəzifələr KİV vasitəsi ilə ictimaiyyətə çatdırılıb.

 

Brifinqdə iştirak edən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bu gün pandemiyaya yoluxanların böyük əksəriyyəti peyvənd olunmayan şəxslərdir.

 

O vurğulayıb ki, təşviqat işləri elə qurulmalıdır ki, insanlar vaksinasiya prosesinə kütləvi cəlb edilsinlər: “Yalnız əhalinin böyük hissəsi peyvənd olunarsa, biz epidemioloji zənciri qıra bilərik. Bundan sonra indiki kimi yüksək yoluxmalar olmayacaq”.

 

Hazırda ölkəmizin bütün şəhər və rayonlarında, ən ucqar kəndlərində belə insanlar xüsusi xəstəxanalarda, poliklinikatibb məntəqələrində, səyyar avtobuslarda COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunurlar. Etiraf edək ki, əvvəllər bu peyvəndləmə əməliyyatına şübhə ilə yanaşanlar, ətrafında və yaxınlarında bu gözəgörünməz virusun fəsadlarından dünyasını dəyişənləri, qəfil ölümün pəncəsindən zorla qurtula bilənləri görəndən sonra fikirlərində yanıldıqlarını anlayıblar. İndi nəinki həmin adamlar özləri, hətta bu işə şübhə ilə yanaşan bir neçəsini də özləri ilə peyvənd etdirməyə gətirirlər.

 

Azərbaycan Tibb Unversitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Şöhrət Qasımov bildirir ki, COVID-19 ilə mübarizədə vaksinin vacibliyi barədə dünyada modern tibbinə və bunu müdafiə edən həkimlərin fikirlərinə inanmaq lazımdır. Bu bəladan az itki ilə qurtarmağın yeganə yolu peyvənd edilməkdən, həkim tövsiyələrinə və Operativ Qərargahın irəli sürdüyü qaydalara ciddi əməl etməkdən keçir. Mən də, övladlarım da, hətta nəvələrim də vaksinin hər iki dozasını etdirmişik.

 

Fakt göz qabağındadır: Operativ Qərargahın keçirdiyi brifinqdə açıq-aşkar bildirildi ki, süni tənəffüs aparatına qoşulanların 97 faizi, vəfat edənlərin 99 faizi peyvənd vurdurmayanlardır. Peyvənd olunan şəxslərdən 0,6 faizi hospitalizasiya olunub. O ki qaldı vaksin olmayanlara və ümumilikdə ona qarşı çıxanlara, deyirəm ki, vaksinə qarşı hansı motivlə çıxıb-çıxmamağınız şəxsi fikrinizdi. Amma xatırladım ki, illər bundan öncə pensilin və müxtəlif peyvəndlər ortaya çıxanda da ona qarşı olanlar çox idi. Sonra vəziyyət elə gətirdi ki, insan özündə hansısa narahatlıq hiss edəndə, pensilin vurdururdu. Bu gün uşaqlara bütün peyvəndləri etdirənlər mütləq mənada çoxluq təşkil edir. Bu, düzgün yoldur. İnanıram ki, COVID-19 vaksininə qarşı olanlar çox qısa vaxtda vaksin üçün tibb mərkəzlərinə və poliklinikalara tələsəcəklər.

 

Bakı şəhər sakinləri, uzun illər dövlət qulluğunda çalışmış Telman Musayev və Nurəddin Adıgözəlov bildirir ki, keçən il bu vaxtlar hamı arzu edirdi ki, bu dəhşətli pandemiyaya qarşı peyvənd tapılsın. Şükürlər olsun ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində bu virusun geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər görüldü. Yaradılan modul tipli xəstəxanalar və görülən digər tədbirlər buna bariz nümunədir. Bizdən də əvvəl bu bəlaya tuş gəlmiş ölkələrdə vaksin tapılmadığı halda, Azərbaycanda peyvəndləmə həyata keçirildi. Bir ay bundan öncəyədək yoluxmanın əhali arasında tamamilə azalmasına səbəb də pevəndləmə oldu. Vaksinasiya bizi xəstəlikdən tam qoruya bilməsə də, ağırlaşma ehtimalı olmur. Karantinin tətbiq olunmasını və küçədə maska taxmaq istəmiriksə, peyvəndlənmək lazımdır.

 

Yoluxmalarölüm halları bölgələrdə də çoxalıb. Bu sahədə həyəcan təbili çalınan rayonlarda əhali kütləvi surətdə peyvənd olunur. Ölkəmizin digər bölgələrində olduğu kimi, Şəmkir rayon sakinləri də COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Birinci peyvəndləməni uğurla başa çatdıran tibb işçiləri indi hər gün 100-150 nəfərə xidmət göstərirlər. Hətta səyyar həkim briqadaları ən ucqar kəndlərdə, adamların çalışdıqları sahələrdə vaksinləmə prosesini həyata keçirir. Təzəkənd kəndinin sakinləri Nizami Əliyev, Vüqar Həsənov, Füzuli Süleymanov və başqaları bildirirlər ki, peyvənd olunanlar arasında biz və ailə üzvlərimiz də varıq. Heç bir narahatlığımız yoxdur. Dövlətimiz sağ olsun ki, əhalinin sağlamlığı üçün belə gözəl addım atıb, insanlar pulsuz peyvəndlə təmin olunurlar.

 

Bu proses Qazax, Tovuz , Goranboy, Gəncə, Şirvan, Salyan, Sabirabad, Biləsuvar, Cəlilabad, Lənkəran, Sumqayıt, Şəki, Zaqatala və digər yerlərdə də yüksək səviyyədə davam etdirilir. Məlumata görə, ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.

 

Xəstəxanada fəaliyyət göstərən Təcilli Tibbi Yardım, poliklinikadoğum şöbəsi istisna olmaqla, digər şöbələrin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürülməsi nəzərdə tutulur.

 

Azərbaycan Prezidentinin tapşırığına əsasən, insanların sağlamlığına qayğını artırmaq və COVID-19 pandemiyasına qarşı mübarizəni gücləndirmək məqsədilə ölkəmizdə vaksin yaradılacaq. Bu barədə mətbuata açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: “Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”.

 

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun birgə təşkil etdiyi “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda ustad dərslərinə başlanılıb. Proqramda nəzəri və praktik biliklər nümayiş etdirilir. Nəzəri hissə professor Adil Allahverdiyev tərəfindən, praktiki hissə dosent M.Bağırova, dosent Ş.Şıxəliyeva, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun virusologiya şöbəsinin müdiri dosent Kubra YusifovaÜmumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə elmi təcrübə məqsədilə Türkiyədən Azərbaycana dəvət olunmuş Yıldız Teknik Universitetinin Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının elmi əməkdaşı Səhər Dinpərvər tərəfindən həyata keçirilir.

 

Proqramın həyata keçirilməsində əsas məqsəd yaxın gələcəkdə COVID-19 başda olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostika, kimya terapiyası və xüsusilə vaksin yaradılması kimi sahələrdə tədqiqatlar aparmaqdır. Bu məqsədə nail olmaq üçün tədqiqatların əsasını təşkil edən hüceyrə kulturası modellərinin yaradılması və bu sahədə mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

 

Ekspertlərin fikrincə. hazırda ölkəmizdə peyvəndlənmə səviyyəsi 24 faizdir. Əgər bu, 60 faizə çatarsa, demək olar ki, Azərbaycanda pandemiya bitmiş hesab ediləcək. Ona görə də hər kəsin peyvəndlənmədə iştirakı, genişlənməkdə olan COVID-19 pandemiyasının qarşısını almaq və sağlamlığımızı qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın irəli sürdüyü qayda və tələblərə ciddi əməl edilməsi vacibdir.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.- 24 avqust.-  S.1;5.