Paralimpiyaçılarımızdan bir gündə 3 qızıl, 1 bürünc

 

 

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarına start verilib.  İlk gündə Azərbaycan millisinin 4 paralimpiyaçısı mübarizəyə qoşulub.

 

Kişilərin 60 kq çəki dərəcəsindəki mübarizəsində Vüqar Şirinli 1/4 finalda türkiyəli Recep Ciftçi ilə üz-üzə gəlib. Debütdə qələbə qazanan təmsilçimiz yarımfinal görüşünü də aktivinə yazıb. O, rumıniyalı Aleks Boloqa qalib gəlib.  Şirinli finalda qazaxıstanlı Anuar Sarıyevlə güləşib və qələbə sayəsində çempion tituluna yiyələnib.

 

66 kq çəki dərəcəsində yarışda Namiq Abaslı Paralimpiadaya ispaniyalı Serxio İbaneslə görüşlə start verib. Məğlubiyyətə üzülən paracüdoçumuz təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə Luis Peresi (Puerto-Rika), ardınca Viktor Rudenkonu (Rusiya) yarışdan kənarlaşdırıb.  Abaslı bürünc medal uğrunda ukraynalı David Xorovanı sınağa çəkib və tatamidən qalib ayrılıb.

 

Qadınların  48 kq çəkidəki mübarizəsində Şəhanə Hacıyevanın çıxışı uğurlu alınıb. Yaponiyalı Şizuku Hanqai, daha sonra Viktoriya Potapovaya (Rusiya) qalib gələn həmyerlimiz finala yüksəlib. O, çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşıb və qələbə qazanıb. Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.

 

52 kq çəkidə Bəsti Səfərova çıxışını medalsız bitirib. O, ilk qarşılaşmasında yaponiyalı Yui Fujivaraya, təsəlliverici görüşdə isə ukraynalı Nataliya Nikolayçuka uduzub.

 

Əvəzində üzgüçümüz Roman Saleh çempionluq sevinci yaşayıb. O, arxası üstə 100 m üzməkdə hamını qabaqlayıb. Təmsilçimiz 1 dəqiqə 0,30 saniyəyə finişə çatıb.

 

Azərbaycan.-2021.- 28 avqust.- S.6.