Azərbaycan beynəlxalq birliyin gündəliyində duran qlobal məsələlərə diqqət yetirir

 

Azərbaycan Prezidenti BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edərkən bu vacib məsələni bir daha xatırlatdı

 

 

 

Çoxqütblü dünyanın idarə edilməsi həm də mövcud beynəlxalq birlik və təşkilatların tutduğu mövqedən asılıdır. Təbii ki, bir sıra məhəlli, regional və beynəlxalq problemlər var ki, onların həllində həmin nüfuzlu təşkilatlar mühüm rol oynamalıdırlar. Belə beynəlxalq missiya daşıyan qurumlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır ki, Azərbaycan onunla 29 ildir əməkdaşlıq edir.

 

BMT dünyanın inkişaf etmiş ölkələri ilə sıx əmədaşlığa üstünlük verir və müəyyən mənada sözü də keçərlidir. Azərbaycan ictimaiyyəti bu təşkilatı əslində Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərinin 20 faizinin işğalından sonra (422 saylı ilk qətnamə Kəlbəcərin işğalı ilə bağlı qəbul edilib) qəbul etdiyi 4 qətnamə ilə tanıdı. Açığı, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul edilən həmin qətnamələrin icrasına nail olmadığı üçün Azərbaycan xalqı bu qurumun fəaliyyətindən ciddi narazı qaldı.

 

Lakin bütün hallarda millətlərin taleyində mühüm humanitar missiya daşıyan BMT ilə sıx əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin prioritetinə çevrildi.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təyinatı ilə bağlı məktubu avqustun 24-də Prezident İlham Əliyevə təqdim edərkən dövlətimizin başçısı bir daha bu vacib məsələni diqqətə çatdırdı: “Bildiyiniz kimi, Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə, hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İkiillik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə

 

COVID ilə mübarizə sahəsində...”

 

Ölkəmizin sülhə və təhlükəsizliyə töhfə verməyə çalışdığını deyən Azərbaycan Prezidenti, eyni zamanda, BMT ilə əməkdaşlığın haradan başlamasına diqqət çəkdi. Dövlət başçısı qonağın nəzərinə çatdırdı ki, BMT ilə fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin qəbulunu isə müsbət qarşılamışdıq. Bu, çox müsbət addım, erməni təcavüzünə toxunularaq bizə dəstəyin ümidverici bir jesti idi. Beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, bu qətnamələr icra olunmadı.

 

Azərbaycan Prezidenti vurğuladı ki, xüsusilə bizi narahat edən və cəmiyyətin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edən Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü (ABŞ, FransaRusiya) ATƏT-in Minsk qrupuna həmsədrlik edirlər. Onlar özləri bu qətnamələri qəbul ediblər. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi: “Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.

 

Daha sonra Azərbaycan Prezidenti UNESCO ilə əməkdaşlığımıza diqqət çəkdi. 30 ilə yaxın müddətdə UNESCO-nun erməni vandalizminin işğal edilmiş Azərbaycan ərazilərindəki tarixi, dini, mədəniyyət abidələrini məhv etməsi ilə bağlı konkret addım atacağını gözlədik. Hətta bir neçə il bundan öncə hələ işğal dövründə, Azərbaycan UNESCO-nu həmin ərazilərə səfər etməyə və orada nələrin törədildiyini görməyə dəvət etmişdi. Çünki əvvəllər ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə iki faktaraşdırıcı missiya göndərmişdi. Azərbaycan haqlı olaraq UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı öz gözləri ilə görməyi xahiş etsə də, proqram və nizamnaməsində humanitar missiya daşıması göstərilən beynəlxalq təşkilat məsələni qulaqardına, yaxud görməməzliyə vurdu. Guya ki, bu, siyasi məsələ imiş. Bu, absurd bir yanaşmadır.

 

Dövlətimizin başçısı da məhz məsələyə bu cür laqeyd yanaşmanın yanlış olduğunu diqqətə çatdırdı: “...Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər... BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır”.

 

Dünya hələ ikili standartlardan xilas olmayıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edərkən Azərbaycan Prezidenti bir daha bu vacib məsələni xatırlatdı.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 29 avqust.- S.1-2.