Şuşalı mühacir

 

8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə əfsanəvi Şuşa şəhərinin 28 il sonra erməni işğalından azad olunduğu gün kimi yazıldı. Kiçik şəhər olmasına baxmayaraq, ən qədim zamanlardan bu günə kimi Azərbaycan tarixinə, mədəniyyətinə bir-birindən dəyərli ziyalılar, şəxsiyyətlər bəxş edən Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi.

 

Qarabağın, eləcə də Şuşanın azadlığı ictimaiyyətdə doğurduğu qürur və sevinclə yanaşı, yeni təkliflərin səslənməsinə də səbəb oldu. Vaxtilə orada olmuş qədim mədəniyyət abidələrinin, yerli memarlıq üslubunda tikilmiş mülklərin, muzeylərin, kitabxanaların, uşaq bağçası və təhsil müəssisələrinin, dövlət əhəmiyyətli binaların, məscid və inanc yerlərinin bərpası, habelə Şuşada doğulmuş tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi həm xalqımızın, həm də dövlətimizin prioritet məsələlərindəndir.

 

Nəinki Qarabağda erməni silahlı birləşmələrinə qarşı mübarizə aparanlar sırasında, bütövlükdə Azərbaycanın o dövr istiqlal davası tarixində mühüm yer tutan şuşalılardan biriHüseyn Baykaradır. 117 il bundan öncə, 1904-cü ildə Şuşada ziyalı ailəsində dünyaya göz açan bu şəxsiyyətin əsl adı Qara, soyadı Hüseynov olmuşdur.

 

Orta təhsilini Şuşada alan Qara Hüseynov sonralar Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxumuşdur. Gənclik illərindən ermənilərin Qarabağ torpaqlarında törətdiyi vəhşiliklərə son qoyulması, xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda gedən ictimai-siyasi hadisələrin fəal iştirakçısı olmuşdur. 19 yaşlı Qara Hüseynov 1923-cü ilin sonlarında bolşeviklər tərəfindən həbs edilərək istiqlal şairi Əhməd Cavadla Bakının köhnə Staro-Politseyski məhəlləsindəki həbsxanada (Kömürçü bazarının yaxınlığında, karamelnı fabriki kimi tanınan ünvanda) bir neçə ay bir kamerada dustaq həyatı yaşamışdır.

 

Qara Hüseynov bir gün şəhərdə yaxın dostu Əhməd Cavadla, qeyri-leqal Milli Azadlıq Komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və bu sıradan olan liderlərdən Rəhim bəy Vəkilli ilə rastlaşır. Uzun-uzadı söhbətdən sonra Qara Hüseynov erməni-bolşevik təqiblərindən bezdiyini, Dövlət Siyasi İdarəsi əməkdaşlarının diqqətini özlərindən uzaqlaşdırmaq üçün qeyri-leqal komitənin üzvlərinin, özübu dəstəyə daxil olmaqla bir hissəsinin müvəqqəti olaraq  Azərbaycandan çıxıb getmələrini təklif edir. Qara Hüseynov öz xatirələrində qeyd edir ki, bu zaman Azərbaycan azadlıq mübarizəsinin hər üç lideri mənim bu təklifimə qarşı çıxdılar və dedilər: “Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün!

 

Rəhim bəy Vəkilli və Əhməd Cavad mənim sözlərimə çox hirsləndilər və bir daha belə danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç “azadlıq aşiqi” sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini xalqla birgə yaşamışdılar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş (əslində şair NKVD zirzəmisində ağır işgəncələrlə 1937-ci il oktyabrın 13-dən 14-nə keçən gecə vəhşicəsinə qətlə yetirilmişdir) və ondan bir daha heç bir xəbər gəlməmişdir”.

 

1927-ci ildə dostlarından biri Qaraya izlənildiyini, universitet tələbələrinin Novruz bayramı ilə əlaqədar keçirəcəkləri tədbirdə bolşevik casusları tərəfindən tutulacağını ehmalca xəbər verir. Bu zaman  Qazax gimnaziyasında böyük şairimiz Səməd Vurğuna, Osman Sarıvəlliyə, şəmkirli Qlaçalı Kamala, Hüseyn bəy Hacıyevə dərs demiş qardaşı, tanınmış pedaqoq Surxay müəllimin Sibirə sürgün edildiyi səhnələr gözləri önündə canlanır.

 

Tələbələr arasında qapalı və simvolik keçirilən Novruz tədbirlərində gözə dəyməyən Qara NKVD-çilərin əlinə keçməmək üçün Azərbaycanla vidalaşmalı olur. Baharın xoş günlərində əyninə çoban paltarı geyinib üz tutur cənuba - çatır Araz çayının sahilinə, İrana keçir, sonra da Türkiyəyə gedir. Hüseyn Baykara ad və soyadı ilə taleyini bu ölkəyə bağlayır. İlk növbədə ali təhsil almağı qarşısına məqsəd qoyur. Xeyirxah insanların qayğısı ilə əhatə olunan 23 yaşlı Hüseyn Baykara İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olur. Ərəb, fars  rus dillərini, habelə qədim tarixi yaxşı bildiyindən, Şərq-Qərb ədəbiyyatına  yetərincə bələd olduğundan qısa müddətdə nümunəvi tələbə kimi tanınır. Şair Əli Yusif bəyin vasitəsilə universitetin nəzdində yaradılmış Azərbaycanlı Tələbələr Birliyinə yazılır. Birliyin keçirdiyi ziyafət, görüş və konfransların fəal iştirakçısı olur. Dövrün məşhur tələbələrindən Sürəyya Talıbxanlı, Dilşad Talıbxan Elburus, Əhməd Cəfəroğlu, Səlim Rəfiq, Mirzəbala Məhəmmədzadə, Azərbaycanlı Tələbə Birliyinin rəhbəri İslam bəy, sabiq ədliyyə naziri Xəlil bəy Xasməmmədli və başqaları ilə yaxından tanış olur.

 

Hüseyn Baykara universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Diyarbəkr vilayəti Osmaniyyə qəzası prokurorluğunda, sonra İstanbulda hakimprokuror vəzifələrində çalışır. Bu zaman dövri mətbuatda saysız-hesabsız publisistik məqalələri ilə çıxış edir. “Azəri-türk”, “Odlu Yurdkimi jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı və onun dəyərli ziyalıları ilə əlaqədar yazdığı elmi-publisistik məqalələri, xüsusilə onun “Azərbaycanda erməni basqını və Naxçıvan məsələsi”, “Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə”, “Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli” yazıları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Çoxsaylı oxucu marağını nəzərə alan Hüseyn Baykara sonralar bu məqalələrin bəzisini daha da genişləndirərək kitab halında dərc etdirmişdir. “Azərbaycan mədəniyyəti tarixi”, “Azərbaycanda yeniləşmə hərəkatı”, “Azərbaycan istiqlal mücadiləsi tarixi”, “İran inqilabı və azadlıq hərəkatı” əsərləri  indioxucular tərəfindən sevilə-sevilə oxunan məxəzlərdəndir. Bu əsərlərin ana xəttini millətimizin igid oğlanlarının Azərbaycanın milli müstəqilliyi və ərazi bütövlüyünün qorunması, habelə erməni vəhşiliklərinə, işğalçı bolşevik qüvvələrinə qarşı mücadiləsi təşkil edir.

 

Hüseyn Baykaraya görə Azərbaycan xalqının qəlbində millətçilik ruhunu oyadan, bunu millətin qayəsinə çevirən M.F.Axundzadə, “Əkinçi”də H.Zərdabi, “Kəşkül” və “Ziya” qəzetlərində isə Ünsizadə qardaşları olmuşdur. Milli şüurun oyanışı və inkişafı ilə əlaqədar 1890-cı illərdə çar Rusiyasının Azərbaycan türklərinin türk dilində qəzet nəşrinə qadağa qoymasına baxmayaraq, artıq azəri-türk cəmiyyəti bir millət kimi meydana çıxma şüuruna malik olduğunu önə çəkir. Bununla da XX əsrin əvvəllərində etnik birliyə və coğrafi sərhədlərə malik Azarbaycan ölkəsində siyasi hakimiyyət və azadlıq olmasa da, əhalisinin, xüsusən də ziyalıların müstəqilliyə, azadlığa qovuşmaq istəyinin gündən-günə gücləndiyini diqqətə çatdırır. Şuşalı mühacir Hüseyn Baykara müşahidələrindən belə qənaətə gəlir ki, ümumiyyətlə, XX əsrin əvvəllərində milli ideologiya baxımından mübahisələr “avropalaşmaq, türkləşmək və islamlaşmaq” ətrafında gedibbu mübahisələrin mərkəzində Azərbaycan türklərinin milli azadlıq hərəkatı dayanıb.

 

1967-1968-ci illərə kimi Hüseyn Baykaranın harada olmasından doğmaları xəbər tutmayıb. Türkiyədə yetərincə tanınan bu böyük şəxsiyyəti yenidən Azərbaycana tanıdan, doğmalarına qovuşduran dünya şöhrətli mayestro Niyazi olmuşdur. 1991-ci ildə ölkəmiz öz tarixi müstəqilliyinə qovuşduqdan sonra azərbaycanlı oxucular Hüseyn Baykara yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə etmişlər. Müstəqillik illərində bir neçə məqaləsi dilimizə uyğunlaşdırılaraq dövri mətbuatda dərc edilib. Araşdırıcılar müəllifin “Azərbaycan mədəniyyəti tarixi” və “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitablarını Azərbaycanın XX əsr azadlıq mübarizəsinin əlifbası hesab edirlər.

 

Hüseyn Baykara ömrünün sonuna kimi tarixi-publisistik məqalələri, dəyərli kitabları, ictimai-siyasi tədbirlərdə çıxışları ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və xalqının azadlığı uğrunda mübarizə aparmışdır. Mühacir, hüquqşünas, habelə milli mətbuat tarixində publisistik yazar kimi tanınan Hüseyn Baykara doğma Qarabağı, əziz Şuşanı, bir sözlə, Azərbaycanı bu günkü kimi müstəqil və qüdrətli görmək həsrəti ilə 1984-cü ildə İstanbulda dünyasını dəyişmişdir.

 

Cənnət Qarabağın, əziz Şuşanın erməni separatçılarından  azad edilməsi  mühacir Hüseyn Baykaraonun böyük qardaşı, gimnaziya müəllimi, tanınmış pedaqoq, repressiya qurbanı Surxay Hüseynov da daxil olmaqla, orada doğulmuş ziyalılarımızın ruhunun azadlığa qovuşmasıdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanın istiqlal mübarizəsi tarixində önəmli izləri olan  vətənpərvər şəxsiyyətlər sırasında Hüseyn Baykaranın və Surxay Hüseynovun da xatirəsi doğulub, boya-başa çatdıqları doğma Şuşa torpağında əbədiləşdiriləcəkdir.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.- 29 avqust.- S.6.