Taleyini Vətənin bütövlüyünə bağışladı

 

44 günlük Vətən müharibəsində iştirak edən, qələbə üçün qanı və canını əsirgəməyən vətən oğullarının əziz xatirəsi illər, əsrlər ötsə də, xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onlardan biri də Qubanın Xırt kənd sakini Taleh Ədalət oğlu Salamovdur.

Şəhidin məzarını ziyarət etmək üçün yolumuzu Xırta saldıq. Kənd rayon mərkəzindən 40 kilometr məsafədə - Quba-Qonaqkənd yolunun üstündə yerləşir. Yolboyu yaşayış məntəqələrindən keçəndə şəhid olmuş igidlərimizin böyük portretlərinə rast gəldik. Hər dəfə də maşını saxlayıb onların ruhuna dualar etdik.

Qam-qam kəndində şəhidlərin şərəfinə ucaldılmış abidə kompleksinin qarşısında dayanırıq. Kompleksdəki lövhədə Talehin də şəkli var. Burada tikilmiş bulaqlar, müxtəlif çiçəklərdən salınmış çəmənlik kompleksə möhtəşəmlik bəxş edirdi. Elə buradaca məktəblilər - Polad Səfərəliyev, Muhyəddin AbdullayevSimran Əliyevlə tanış olduq. Söhbət zamanı məlum oldu ki, onlar digər həmyaşıdları ilə birgə hər gün buraya gəlir, kompleksdə səliqə-sahman yaradırlar.

Bəli, dağ oğulları uşaqlıqdan mərd, mübariz böyüyürlər. Şəhidin atası Ədalət kişi yol boyu söhbət edərək oğlunun həyat lövhəsini bir rəssam kimi müxtəlif boyalarla qəlbimizə həkk etdi. Talehin uşaqlıq illərində necə şıltaq, dəcəl olmasından, hər dəfə işdən qayıdanda qabağına yüyürməsindən, gənclik illərində isə qorxmaz dəliqanlı kimi ad çıxarmasından, hətta bir dəfə ayı balasını tutub gətirməsindən danışır və danışdıqca kövrəlirdi. Əlbəttə, övladını itirmiş bir valideyn üçün keçmişə qayıtmaq, ötüb-keçənlərdən danışmaq həm ağır, həm də təsəllivericidir. Sözlər, kəlmələr dodağından süzüldükcə ürəyindəki yanğını büruzə verir, uşaq təki kövrəlir, gözlərində yaş damcıları parlayırdı.

Nəhayət, kəndə çatırıq. Ədalət kişi bizi evə dəvət edir. Burada şəhidin ömür yoluna həsr edilən guşə bir daha qəhrəmanımızın igidliyini göz önündə canlandırır. Vətən oğlunun qanı bahasına qazandığı medallar, hərbi geyimi, döyüş çantası, xidmətdə və uşaqlıq illərində çəkdirdiyi fotolar bir gəncin həyatının anlarını əks etdirirdi.

Nəfəsimizi dərdikdən sonra qəbiristanlığa yol alırıq.  Ədalət kişi fikirli-fikirlibu yolu mən salmışam” deyir. Onu da qeyd edək ki, Ədalət kişi uzun illər yol idarəsində traktorçu işləyib, ucqar dağ kəndlərinə yeni yolların çəkilişində iştirak edib. Onun 7 övladı olub - 4 qız, 3 oğlan. Taleh ortancıl övladı idi. Həyat yoldaşı Məryəm xanımı 2014-cü ildə 49 yaşında itirib. O gündən ailənin bütün ağırlığı Ədalət kişinin üzərinə düşüb. İndiTaleh...

Bu da şəhidin uyuduğu qəbiristanlıq. Talehin məzarının üstündə əklillər vardı. Əklillərin biri şəhid ailələri, digəri isə ailə üzvləri tərəfindən ad günündə qoyulmuşdu. Talehin  məzarı önündə bir xeyli dayandıq, qəhrəmanın həyat yolunu vərəqlədik. Ədalət kişi əlindəki telefonda oğlunun səs yazılarını səsləndirdi. Həyəcansız dinləmək olmurdu. Döyüşdə olduğu günlərdə “Ata, çox istəyirəm qızımı görüm”, yaralı olduğu vaxt isə “Sümüyüm, ayağım ağrıyır” ismarışlarını göndərmişdi atasına. İnsanı kövrəldən bu ismarışlar şəhidin son sözləri idi.

Salamov Taleh Ədalət oğlu 1992-ci il yanvarın 16-da Qubanın Xırt kəndində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra Zizik kəndində təhsilini davam etdirib. Bakıda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət 11 saylı Yol İstismar İdarəsində çalışıb. Hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayan Taleh 2016-cı ildən xüsusi təyinatlı hərbi hissədə müddətli hərbi xidmətə başlayıb. Müxtəlif kurslarda təhsil alaraq kiçik çavuş kimi kəşfiyyatçı ixtisasına yiyələnib.

İkinci Qarabağ müharibəsi başlayanda Taleh də həmyaşıdları kimi odun-alovun içinə atılıb. 30 il işğal altında qalmış torpaqlarımızın, o cümlədən Talış, Suqovuşan və digər yaşayış məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Dəfələrlə düşmən bölmələrinin arxasına keçərək kəşfiyyat işləri aparıb, mühüm məlumatlar əldə edib. Mühasirədə olan 8 döyüş yoldaşının həyatını xilas etməsi isə onu qəhrəman kimi tanıdıb. Həmin döyüşçülər indisağ qaldıqlarına görə Talehə minnətdar olduqlarını bildirirlər.

Talehin vətən, torpaq sevgisi o qədər güclü idi ki, hətta yaralandığı halda hospitala yox, yenidən döyüş tapşırığını yerinə yetirmək üçün kəşfiyyata gedib. Lakin bu dəfə - oktyabrın 13-də düşmənin qurduğu pusquya düşərək son gülləsinədək döyüşüb. Onun nəşi noyabrın 29-dək neytral ərazidə qalıb, yalnız noyabrın 30-da doğulduğu Xırt kəndində torpağa tapşırılıb.

Ölümü ilə ölümsüzlüyə qovuşan Taleh “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Talehdən bir də Ayşən adlı 3 yaşlı qızı yadigar qalıb. İndi həyat yoldaşı Tamilla xanımın istəyi, arzusu onu atasının adına layiq övlad kimi böyütməkdir.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2021.- 5 dekabr.- S.5.