Xüsusi təyinatlı əfsanəvi döyüşçü

 

Düşməni öz dilində pusquya salıb, generalı tərksilah edən şəhid gizir Elyar Vəliyevin şərəfli döyüş yolunun bəzi məqamları

 

Vətən müharibəsində canını fəda edərək xalqımıza Qələbə yaşadan cəsarətli oğullarımızdan biriXüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyev olub. O, Cəbrayıl, Hadrut, FüzuliŞuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb.

2020-ci il oktyabrın 17-də səngərdə olan hərbçilərimiz qəfildən bir erməni əsgərinin qaçdığını görürlər. Elyar ayağa qalxaraq onun ardınca düşür. Bir az keçdikdən sonra görürlər ki, üstü-başı toz içində, əlində bıçaq və “ratsiyageri qayıdır.

Hələ bu harasıdır. Onun cəngavərliyini təsdiqləyən o qədər hadisələr olub ki... İgid döyüşçü Cəbrayıl uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən qənimət kimi ələ keçirdiyi 40 tapançanı komandirə təhvil verəndə hər kəs çaş-baş qalır. Axı sıravi əsgərdə tapança olmur. Bu o deməkdir ki, düşmənin 40 zabiti  “tərksilah” edilib.

Sonuncu döyüşü oktyabrın 19-da Şuşadan 14 kilometr aralıda, Qırmızı Bazarda olub. Güllələri qurtarana qədər döyüşüblər. Elyarı müxtəlif istiqamətlərdə yaxın məsafələrə qumbara atanda ürəyindən vurublar. O, “Allahu-Əkbər” deyərək yerə yıxılıb.

 

Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Elyar Vəliyevin də tərkibində olduğu 40 nəfərlik qrup Qubadlı döyüşləri zamanı, Laçın dəhlizinə nəzarəti ələ keçirmək üçün strateji əhəmiyyətə malik mövqelər uğrunda ölüm-dirim savaşına qalxıb. Döyüşlər qeyri-bərabər şəraitdə keçib. Ermənistan tərəfdən 150-200 nəfərdən ibarət heyət döyüşüb. 7 saatdan çox davam edən ağır döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrdən ibarət qrupdan dörd nəfər - baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyevgizir Elyar Vəliyev şəhid olub.

Beləliklə, “Vətəni sevmək imandandır” deyiminin ən parlaq nümunələrindən biri də 44 günlük Vətən müharibəsinin xüsusi təyinatlı şəhidi Elyar Vəliyevdir.

Elyar Arif oğlu Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Məhz doğma Vətəninə olan bağlılığı, yurd sevgisi gənc Elyarı Xocalının və digər faciələrdə amansızlıqla qətlə yetirilən həmvətənlərinin qisasını almağa çalışan cəsur döyüşçü kimi tanıdıb.

Tale elə gətirdi ki, ömrünün 29-cu payızında gizir Elyar Vəliyevin doğum gününə edəcəyi hədiyyə də qeyri-adi oldu: iki gün sonra ən uca zirvəni - şəhidlik məqamını fəth etdi...

Atası Arif Vəliyev onu xaraktercə sərt bir övlad kimi xatırlayır: “Elyar 2016-cı və 2020-ci illərdə 3 döyüşdə iştirak edib. Çoxlu yaralanmış döyüş dostlarının xilası üçün ölümün gözünə dik baxıb. Onlar Vətən müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüblər. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli erməni zabitlərini, eləcə də “KamAZdolu quldur silahlıları məhv ediblər. Elyar düşmən qərargahını ələ keçirib və erməni polkovniki ilə əlbəyaxa olub. Ondan qisasını alıb. Hə, deyirlər ki, gülləsi qurtaranadək döyüşüblər...”

Anası Səmayə xanım deyir ki, Elyarın qardaşı da hərbçidir: “İki oğlum var. Hər ikisi hərbçidir, müharibədə iştirak ediblər. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olub...”

Elyarın dəfələrlə həyatlarını xilas etdiyi hərbçi yoldaşları bu gün onu ehtiramla yad edirlər. Şəhidimizlə çiyin-çiyinə döyüşən Səxavət Salmanov bildirir ki, Elyar Vəliyevin əhatəsində olan 50 nəfərlik dəstə 600 nəfərlik erməni ordusunu tamamilə məhv edib.

Şəhidin idman müəllimi Sərhad Quliyevonunla fəxr edir: “Mən ona əlbəyaxa döyüşün sirlərini öyrətmişəm. O, idman sahəsində əldə etdiyi, qazandığı nə vardısa, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə göstərdi. O, əsl qəhrəman idi”.

Döyüşçü dostları arasında “Canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görüldü.

Şəhid Elyar Vəliyev ailəli idi. Həyatındakı qeyri-adiliklərdən biri övladlarının üçəm olması idi. Beş övlad atası bunu da Yaradanın onun ailəsinə sovqatı hesab edirdi.

Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrindən birinə verilib.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.- 5 dekabr.- S.5.