“Növbəti stansiya Şuşa şəhəridir”

 

 

Şuşa və Kəlbəcərə dəmir yolu xəttinin çəkilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrinin inkişafında müstəsna rol oynayacaq

 

 

Azərbaycan öz coğrafi mövqeyinə görə də dünyada əhəmiyyətli yer tutur. Ölkəmiz Şərqlə Qərbi birləşdirən ən qısa tranzit yolu üzərində yerləşir və qədim İpək yolunun Azərbaycandan keçməsi bununla bağlıdır.

Çar Rusiyası tərəfindən Cənubi Qafqazda ilk dəmir yolunun Azərbaycanda tikilməsi barədə qərarın qəbul edilməsi də təsadüfi deyildi.

Bolşeviklər ölkəmizi işğal etdikdən sonra 70 il biz tranzit ərazi kimi hüququmuzu itirmişdik. Daha doğrusu, belə bir imkan əlimizdən alınmışdı. Məhz buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın ilk qəbul etdiyi qərarlardan biri dünya üçün əhəmiyyətli tranzit ölkəyə çevrilməsi barədə oldu. İndi tarixi İpək yolunun bərpasına ilk təşəbbüs göstərən də, ən çox sərmayə yatıran ölkə də Azərbaycandır.

Şübhəsiz ki, həmişə dünya üçün əhəmiyyətli layihələrin rəqibləri olur. Bu rəqabətin bəzən təxribata çevrilməsi və siyasi şantaja məruz qalması da təbii haldır. Tarixi İpək yolunun bərpasının ilk mərhələsində biz məhz bu hallarla rastlaşdıq. Lakin Prezident İlham Əliyev bütün bunlara sinə gərərək öz istədiyinə nail oldu. Hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin maliyyələşdirilməsini dövlətimiz öz üzərinə götürdü. Bununla tarixi İpək yolunun çəkilməsində müşkülə çevrilmiş maliyyə məsələsi də həll olundu.

Hazırda Çinlə Avropa ölkələri arasındakı qarşılıqlı ticarətin dəyəri 1 trilyon dollardır. Bu ticarətin böyük hissəsi dəniz yolu vasitəsilə həyata keçirilir. Bu marşrutun maya dəyəri baha, daşınma müddəti uzundur. Amma alternativ marşrut var. Həmin yükləri Azərbaycan üzərindən keçirməklə 12 gün daha tez çatdırmaq mümkündür.

Ümumiyyətlə, bu gün dünya ticarətinin 80 faizi dəniz yolu ilə reallaşdırılır. Həmin yolların nəzarəti isə Amerika Birləşmiş Ştatlarının əlindədir. Buna görə də hazırda Çinlə ABŞ arasında iqtisadi, siyasi və hərbi gərginlik yaşanmaqdadır. Bu üzdən Çin ticarətini dəmir yolu ilə aparmağa xüsusi diqqət yetirir. Üstəlik, Azərbaycan 44 günlük Vətən müharibəsində yeni reallıqlar yaratmışdır. Belə ki, Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

Ermənistanın hər bir vəchlə buna müqavimət göstərməsi isə faydasızdır. Azərbaycan bu məsələni regionda söz sahibi olan ölkələrlə çoxdan həll edib. Bu il oktyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüşün nəticəsi də  bunu aydın göstərir.

 

İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir.

 

Bu il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Qeyd edək ki, bu xətlərin çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün ilkin şərtdir. Bu səbəbdən də Horadiz-Ağbənd dəmir yolunda işlərin sürətlə həyata keçirilməsinə xüsusi önəm verilir. Birxətli  dəmir yolu üzərində 8 stansiya tikiləcək. Bununla bərabər, layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılıb. Hazırda minalardan təmizlənmiş 39 kilometrlik hissədə torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilir.

 

Düşmənin bir hissəsini dağıtdığı Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də aparılır. Əvvəlcə yolun fəaliyyət göstərən Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək.  Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb. Torpaq yatağının üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri isə davam edir. Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun coğrafi şəraiti, ərazidə dağlıq yerlərin çox olması dəmir yollarının  çəkilişi üçün çətinlik yaradır. Üstəlik, bu yerlər düşmən tərəfindən minalanıb.  

 

Bütün bunlara baxmayaraq, qatarlar Qarabağın zirvəsinə qalxacaq. İlk dəfə Füzulidən Şuşaya 83,4 kilometr uzunluğunda dəmir yolu çəkiləcək və bölgənin inkişafına öz töhfəsini verəcək. Çünki qış aylarında qarın çox yağdığı və yolların buz bağladığı dövrlərdə avtomobil yolu ilə hərəkəti dayandırmaq məcburiyyəti yaranır. Dəmir yolu isə  müstəsna hallarda işləməyə bilər.

 

Hazırda görülən işlərə paralel olaraq, Qarabağın yüksəklikdə yerləşən Kəlbəcər bölgəsinə dəmir yolu xətlərinin çəkilməsi araşdırılır. Dəliməmmədli-Kəlbəcər dəmir yolu layihəsinin ilkin konseptual variantı hazırlanıb.

 

Şuşa və Kəlbəcərə dəmir yolu xəttinin çəkilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrinin inkişafında müstəsna rol oynayacaq. Bu yolun hərbi-strateji əhəmiyyəti də böyükdür.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 3 dekabr.- S.5.