Qiymətlər bahalaşır, gəlirlər azalır, ölkə boşalır

 

 

Ermənistanda miqrasiyanın mənfi saldosu 33 faiz artıb

 

 

 

Ermənistanda ağır sosial-iqtisadi vəziyyət yeni inflyasiya göstəricilərinin fonunda özünü daha qabarıq büruzə verməyə başlayıb. “İravunk” qəzeti son günlərdə mağazalarda qida məhsullarının qiymətinin qalxdığını qeyd edib. Bildirilir ki, oktyabr-noyabr aylarında  ölkədə inflyasiya illik hesablama üzrə 9 faizə yaxınlaşıb. Bu halda qida məhsulları üzrə qiymətlərin artımı cari ildə ilk dəfə ikirəqəmli olub və 13,9 faiz təşkil edib.

Oktyabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 16 faiz bahalaşıb ki, bu da son 30 ildə ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylar üçqat artıb. Yerli məhsulların yüksək qiymətləri də istehlak səbətinin sadə vətəndaşa daha baha başa gəldiyini göstərir.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabrında 2020-ci ilin eyni dövrü ilə müqayisədə çörəyin, dənli bitkilərin və unun qiymətləri müvafiq olaraq 11 faiz, 17,3 faiz və 7,2 faiz artıb. Qiymət artımı noyabrda da baş verib, lakin hələlik komitə bununla bağlı məlumat verməyib.

2021-ci ilin sentyabr ayından çörək 30-50 dram bahalaşıb: kiçik bir çörək artıq 140-150 drama satılır. İri tədarükçülər hələlik payızdan əvvəl ölkəyə daha aşağı qiymətlərlə ixrac edilən mövcud ehtiyatlar hesabına kəskin qiymət artımının qarşısını ala bilirlər. Lakin Ermənistanda çörək və unun qiymətinin yenidən yüksəlməsi ilin sonuna kimi qaçılmaz olacaq.

Artıq İrəvanda büdcənin, ölkədəki sosial durumun Qarabağ müharibəsinə görə ikiqat zərbə alması aşkar şəkildə etiraf edilir. Erməni iqtisadçı Larin Minosyan Ermənistanda qiymətlərin yenə də yüksək olmasını və hələ artımın davam etdiyini vurğulayır: “Yeni tarif ili yaxınlaşdıqca, kommunal xidmətlərin tariflərinə yenidən baxılması prosesi gözlənilir. Bu istiqamətdə bəzi şirkətlər satış qiymətinin dəqiqləşdirilməsi və növbəti il üçün qiymətlərin müəyyənləşdirilməsi məqsədi ilə tarif şurasına müraciət edib. Bağlanılan müqaviləyə əsasən şirkətlər hər il belə bir təşəbbüslə çıxış etmək hüququna malikdirbundan yararlanırlar”.

 

Bütün bunların fonunda Ermənistan üçün ən ciddi problemlərdən biri demoqrafiya sahəsində yaranan böhrandır. Xatırladaq ki, Ermənistanın əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2.9 milyon nəfər, doğum səviyyəsi isə 1.6 milyon nəfər təşkil edir ki, bu da özünübərpa səviyyəsindən çox aşağıdır.

 

Ekspertlər bildirirlər ki, Ermənistan artıq demoqrafik böhran həddinə çatıb və tədricən depopulyasiyaya, yəni ölüm nisbətinin doğum səviyyəsini ötdüyü mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm nisbəti doğum səviyyəsini aşıb.

 

Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiq edir. Qurumun bildirdiyinə görə, bu ölkənin ali məktəblərində 15 min tələbə yeri boş qalıb. Qeyd olunur ki, bu, ölkənin gələcəyi üçün əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəm hər il artmaqda davam edir. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə verməyə başlayıb. Məlumata görə, əvvəllər ölkəni əsasən qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı hissəsi tərk edirdisə, indi erməni ailələri uşaqları ilə birlikdə gedirlər.

 

Ölkəni tərk edən ailələrin uşaqlarını özləri ilə aparması halları keçən ilin payızında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da sürətlənib. İctimai fəalların dediyinə görə, erməni ailələr uşaqlarının gələcəkdə baş verəcək növbəti müharibələrə qurban getməməsi üçün onları başda Rusiya olmaqla digər xarici ölkələrə aparır, oradakı məktəblərə qoyurqeydiyyata salırlar.

 

Qeyd olunur ki, 2021-ci ilin 8 ayı ərzində Ermənistanı hava yolu ilə tərk edən ölkə vətəndaşlarının sayı gələnlərdən 64 min 78 nəfər çoxdur. Bildirilir ki, 9 ayda hava yolu ilə gedən vətəndaşların sayı gələnlərdən 74 min 506 nəfər, 10 ayda isə 84 min 934 nəfər çoxdur. Məlum olub ki, Ermənistanda miqrasiyanın mənfi saldosu 3 ayda təxminən 21 min nəfər (33 faiz) artıb.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 3 dekabr.- S.1;5.