Həyatı naxışlarda əbədiləşən rəssam

 

Başa çatmaqda olan 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın ictimai-siyasi həyatında və iqtisadi inkişafında xidmətləri olmuş neçə-neçə dövlət xadiminin, alim, akademik, hərbçi, şair, yazıçı və digər görkəmli sənət və peşə adamlarının, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yubileyləri qeyd edilib. Bu sıradan olan tədbirlərdən biri  dünyada Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi kimi tanınan, Xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin anadan olmasının 100 illik yubileyidir.

Mədəniyyət və incəsənət adamlarının həmişə ehtiramla xatırladıqları Kamil Əliyev yaradıcı ömrünü xalqımızın xalçaçılıq sənətinin yaşadılmasına və inkişafına sərf etmişdir. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini yeni ornamentlərlə zənginləşdirmişdir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fonduna daxil edilmişdir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir. Böyük sənətkar respublikamızda xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir. Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində  Kamil Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Azərbaycan Prezidentinin Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında 12 oktyabr 2021-ci il tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının xətti ilə ölkəmizdə xalçaçı-rəssamın yubiley tədbirləri keçirilir.

Xatırladaq ki, Azərbaycan rəssamlıq sənətində məktəb yaratmış Kamil Əliyev 1921-ci ildə İrəvan şəhərində anadan olub. 1930-cu illərdə Bakı Rəssamlıq Məktəbində oxuyub, Əzim Əzimzadədən dərs alıb. Kamil Əliyev üç il dekorasiya şöbəsində oxuyub və müəllimlərinin dəstəyi ilə “Azərxalça” Birliyində eksperimental laboratoriyada köçürücü-rəssam işləməyə başlayıb. Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb. Bu illər onun yaradıcılıq coğrafiyasının genişlənməsinə stimul olub. K.Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam müəllifi kimi özünü təsdiqləyib. Bununla da bədii sənət üzrə fəxri fərmanın, habelə respublikanın “Tətbiqi incəsənət ustası” adının ilk sahibi olub.

İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirib. Bir müddət Respublika Bədii Fonduna, sonralar Bakı Zərgərlik Fabrikinə rəhbərlik edib.

Kamil Əliyevin yaradıcılığında 1950-ci illərdən  süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı yer tutur. Sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. O, bu sıradan olan xalçaların bir silsiləsini Azərbaycan ədəbiyyatının korifeyləri olan Nizami, Füzuli və Nəsimiyə həsr edir. Ekspertlər hesab edirlər ki, dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır. Bu sahədə ilk işiFüzuli” xalçası olmuşdur. Kamil Əliyev ornamentdən istifadə edərək şair və mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq tamaşaçının ruhuna, mənəvi dünyasına təsir göstərə bilir. Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edilən xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilmişdir.

Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalılar da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərir və məqsədinə də nail olur. Hazırda Bakıda Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən Nizami Gəncəvi xalısının iki başqa variantı da var. Onlardan birini müəllif Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində özbək xalqına bağışlamışdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur.

Kamil Əliyev sənətinin böyüklüyünü göstərən digər nümunələrdən biri  Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin portretini əks etdirən xalçadır. Süleyman Dəmirəl xalçaçı-rəssamın bu işini görərkən heyrətini gizlədə bilməyərək demişdi: “Bu, Süleyman Dəmirəldir, onda bəs mən kiməm?”

Kamil Əliyev 1999-cu ildə xalqımızın taleyində əbədi iz qoymuş Ümummilli Lider Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general mundirində portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi. Ümummilli Lider Heydər Əliyev xalçaya baxarkən susmuş, əlini ilmələrə sürtərək demişdi: “Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır”.

Həqiqətən də bu xalçada Ulu Öndərin müdrikliyinin, qətiyyətinin və qüdrətinin  ən müxtəlif rəng çalarları fonunda məharətlə ifadə olunması hər kəsdə heyrət doğurur.

Ümummilli Lider onun sənətini yüksək qiymətləndirmişdir. Kamil Əliyevin yaradıcılıq irsini diqqətə çəkən Heydər Əliyev demişdir: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaqlarçox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqlar”.

Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli sənətkarlardan biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyevbaşqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək tamaşaçıların rəğbətini qazanmışdır.

Kamil Əliyevin zəngin yaradıcı əməyi xalqımız və dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının “Xalq rəssamı” adına, ölkənin ən yüksək mükafatı olanİstiqlal” ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilmişdir.

Azərbaycan xalçaçılıq sənətinin klassiki, rənglər və ilmələr sehrkarı, həyatı naxışlarda əbədiləşən Kamil Əliyevin vaxtilə yaşadığı evin qarşısında onun xatirə lövhəsi vurulmuşev-muzeyi yaradılmışdır.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2021.-7 dekabr.- S.11.