Pandemiyadan sosial-iqtisadi yüksəlişə

 

İlham Əliyevin Quba səfəri bir daha təsdiq etdi ki, regionların inkişafında yeni mərhələ başlayır

 

Vətən müharibəsindəki möhtəşəm qələbə respublikamızın qarşısında yeni çağırışlar formalaşdırıb və bundan irəli gələrək işğaldan azad olunmuş ərazilərin bərpası milli prioritetə çevrilib.

Bununla yanaşı, regionların sosial-iqtisadi inkişafına dair öncədən müəyyən olunmuş proqramlarla qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi də diqqət mərkəzindədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın  dekabrın 6-da Qubaya etdikləri səfər bunu bir daha təsdiqlədi.

 

Mövcud potensialdan səmərəli istifadə edilir

 

Xüsusilə qeyd edilməlidir ki, dövlət proqramları çərçivəsində nəzərdə tutulan layihələr pandemiya dövründə də vaxtında icra edilir. Bütün dünyanı çənginə almış koronavirus Azərbaycanda da müəyyən çətinliklərə yol açdı.

Lakin Prezident İlham Əliyevin təşəbbüsləri, göstəriş və tapşırıqları, fərman və sərəncamları, ən əsası şəxsi nəzarəti ilə ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq infeksiyanın daha ciddi fəsadlara yol açmasının qarşısı uğurla alındı. Belə bir həssas dönəmdə dövlətimizin təqdir olunan başqa bir addımı isə əvvəldən nəzərdə tutulmuş layihələrin təxirə salınmamasıdır.  Bu baxımdan Quba rayonunda görülən işlər pandemiya şəraitində də qazanılan iqtisadi uğurlardan xəbər verir.

Qeyd edək ki, respublikamızda yürüdülən məqsədyönlü siyasət, sərbəst biznes mühitinin bərqərar olması işgüzar fəallığın yüksəlməsini, qeyri-neft sektorunun artımını təmin edib. Bu istiqamətdə həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini verir, sahibkarlığın inkişafı stimullaşdırılır. Bütün bunlar nəticə etibarilə məhsul istehsalının artımı, yeni yerlərinin açılması ilə müşayiət olunmaqdadır.

Prezident İlham Əliyevin Qubaya səfəri zamanı açılışı olanQuba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsi öz fəaliyyəti ilə yerli və ətraf rayonlardan olan sahibkarların tələbatını ödəyəcək. Müəssisədə kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda tullantı kağızların preslənməsi nəzərdə tutulur.  “ABAD Factorybir neçə ildir qubalı  kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq. Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təmin olunması reallaşacaq.

Bu müəssisənin yaradılması həm də onu göstərir ki, Qubada mövcud potensialdan səmərəli istifadə edilir.

 

İnkişafın təcəssümü olan müasir infrastruktur

 

İnkişafın, yüksəlişin təməllərindən biri standartlara cavab verən infrastrukturdur. Əgər elektrik enerjisinin verilişi və digər kommunal xidmətlərin göstərilməsi lazımi səviyyədə təmin edilməsə, avtomobil yolları pis vəziyyətdə olsa, bank xidmətlərinin səviyyəsi yüksəlməsə, hotellər, xəstəxana və idman qurğuları olmasa, heç bir inkişafdan danışmaq olmaz. Dayanıqlı inkişaf ilk növbədə infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsindən keçir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin inkişaf siyasətinin mühüm tərəflərindən biri bütün istiqamətlər üzrə infrastrukturun yaradılması və inkişaf etdirilməsidir. Dövlət başçısı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində görürbu sahədə əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.

Ölkənin bütün rayonları kimi, Qubada da son illər böyük iqtisadi, sosialinfrastruktur layihələri həyata keçirilib. Regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində  bu rayonun da inkişafı təmin edilib. Prezident İlham Əliyevin Qubaya səfəri həm də onu göstərdi ki, həm regionların inkişafına töhfə verən, həm də quruculuğun tərənnümü olan infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Məlum oldu ki, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir. Bu kompleks həm də yerli sakinlərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayacaq. Belə ki, burada 200-250 işçinin çalışacağı nəzərdə tutulur ki, onların da mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək. Kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək.

Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Quba-Qonaqkənd avtomobil yolu isə 70 minə yaxın rayon sakininin rahat gediş-gəlişini təmin edir. Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi. Yolun yenidən qurulması əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradacaq, həmçinin turizmin inkişafını daha da sürətləndirəcək. “Bura çox gözəl turizm zonasıdır. Burada yol olmadığı üçün turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, hotellər, ictimai yerlər yaradılacaq. Yəni Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur”, - deyə Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdə bildirib.

 

Heydər Əliyev Fondunun ərməğanı

 

Qubanın Birinci Nügədi kəndindəki 1 nömrəli tam orta məktəbin yeni binası isə Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu məktəbdə yaradılan şəraitlə də tanış oldular.

Məktəbin 1971-ci ildə inşa olunmuş əvvəlki binası son illər tam yararsız vəziyyətə düşmüşdü. Bundan sonra şagirdlər yeni binada təhsillərini davam etdirəcəklər. Qeyd edək ki, Birinci Nügədi kənd orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son

4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb.

Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir. Eyni zamanda müasir  infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir.

Prezident İlham Əliyevin Qubaya səfəri həm də respublikamızdakı sarsılmaz xalq-iqtidar birliyinin növbəti təsdiqi kimi yadda qaldı. Qonaqkənddə Mədəniyyət evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə rəsmiyyətdən uzaq qarşılıqlı səmimi dialoq şəraitində keçən görüş, sakinlərin görülən işlərə görə minnətdarlıqları, Vətən müharibəsindəki qələbəyə görə Prezident İlham Əliyevin alqışlamaları hər şeydən öncə qubalıların ölkə rəhbəri ətrafında sıx birləşmələrinin, Heydər Əliyev ideyalarına sədaqətlərinin növbəti dəfə təcəssümü idi.

Son ayların reallıqlarından biri odur ki, respublikamızda pandemiyanın yaratdığı çətinliklər artıq geridə qalmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin Quba səfəri bir daha təsdiq etdi ki, regionların inkişafında yeni mərhələ başlayır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2021.- 7 dekabr.- S.1;3.