Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı

 

Dekabrın 7-də İçərişəhərdə “Art Garden” restoranında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilati, UNESCO üzrə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə işıq üzü görmüş respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassikmüasir tədqiqlərdə” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, konfrans ölkəmizdə bu ilinNizami Gəncəvi ilielan edilməsi ilə bağlı müvafiq sərəncama əsasən təşkil edilib.

Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov açaraq bildirib ki, 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bütün ilboyu eyni xarakterli layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı elmi məqalələr toplusu nəşr olunmuşdur. İnanırıq ki, “Nizami Gəncəvi ilinin sonunda ərsəyə gələn “Nizami Gəncəvi klassikmüasir tədqiqlərdə” adlı araşdırmalar toplusu da elm və sənət tariximiz üçün çox faydalı olacaq.

Konfransda kitabın elmi redaktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Nizami Gəncəvi lap çoxdan yalnız Azərbaycanın övladı olmaq çərçivəsindən çıxıb: “Onun ədəbi yadigarları bəşəriyyətin ən qiymətli sərvətləri xəzinəsinə daxil olub, özü isə bütün xalqların, insanlığın övladı olmaq mərtəbəsinə ucalıb. Nizamidən sonra onun əsərlərinə yüzlərlə nəzirələr yazılıb, Hindistanda Əmir Xosrov Dəhləvi Nizami poemalarına cavab olaraq ilk beşliyi yaratmaqla, əslində, həm də Nizami məktəbinin bünövrəsini qoydu. Əmir Xosrov həm də Nizamiyə cavab yazmağın düsturunu müəyyənləşdirdi: süjet, obrazlar qalmalı, təməl prinsipləri qorunmalıdır”.

Nizaminin dünya dillərinə ən çox tərcümə edilmiş klassiklərdən olduğunu söyləyən R.Hüseynov deyib ki, bu dillərin sırasına zaman ötdükcə yeni-yeni dillər əlavə olunacaq. Nizami əsərləri ilə yalnız əsrlərboyu təkrarlanacaq ədəbi model deyil, həm də düşüncə, millət quruculuğu, mənəviyyat quruculuğu, dövlət quruculuğu modeli yaratdı. O ideyaları ki, onları Nizami səkkiz əsr əvvəl təbliğ edirdi, bu gün də arzulanandır. O keyfiyyətlər ki, Nizami səkkiz əsr əvvəl onları insanlarda, cəmiyyətdə görmək istəyirdi, bu gün də insanlıq həmin dəyərlərin daha artıq bərqərar olması yolunda mübarizə aparır. Nizami daim bizdən bir addım irəlidədir, həmişə də bizdən bir addım qabaqda olacaq və hər zaman da bizi daha aydın gələcəyə yönəldəcək”, - deyə akademik qeyd edib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən Xalq yazıçısı Anar vurğulayıb ki, böyük şairə həsr olunan hər bir tədbir Nizami bayramıdır: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami hər zaman bu xalqa xidmət edib. NizamiHomerFirdovsi, Yunis Əmrə və Nəvai, RustaveliPuşkin kimi bütün dünyanın fəxridir, amma ilk növbədə, əlbəttə, öz xalqının övladıdır”.

Konfransda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Şəfəq Əlibəyli, Zümrüd Dadaşzadə, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və başqaları Nizami yaradıcılığı haqqında danışaraq kitab barədə fikirlərini bölüşüblər.

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.

Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Vurğulanıb ki, ölkəmizdə yubileyinin 880 illiyi silsilə tədbirlərlə qeyd olunan dahi şairin irsinə həsr olunmuşNizami Gəncəvi klassikmüasir tədqiqlərdə” adlı kitabNizami Gəncəvi ili”nə gözəl bir töhfədir. Kitabdan elmi-mədəni, geniş ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri yararlana bilərlər.

Qeyd edək ki, iki fəsildən - “Nizami Gəncəvi klassik araşdırmalarda” və “Nizami Gəncəvi müasir tədqiqlərdə” ibarət kitabın redaktoru akademik Rafael Hüseynov, “Ön söz” müəllifi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, işçi qrupun rəhbəri filologiya üzrə fəlsəfə doktoru İradə Musayevadır.

 

Azərbaycan.- 2021.-8 dekabr.- S.7.