Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü keçirilib

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmişDünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival çərçivəsində “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə “Tamara” ART, “Günəş” ART, “Palitra” ART studiyalarının dərnək üzvlərinin, bir sıra orta məktəbləri şagirdlərinin, Bakı Avropa, İdrak, Zəngi, Türk-Ankara, 16 nömrəli Texniki Humanitar liseylərinin, İncəsənət Gimnaziyasının hazırlıq kurslarının, Kəlbəcər, Qax, Balakən, Zaqatala, Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucularının 160-a yaxın illüstrasiya və rəsmləri Xətai Sənət Mərkəzinin sərgi salonunda nümayiş etdirilib.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin, Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gəncliyə Yardım Fondunun nümayəndələr, eləcə də Xalq rəssamı Arif Hüseynov, qrafik rəssam İlqar Mehdiyev gənc rəssamların Nizami əsərlərinə çəkdikləri rəsmləri yüksək qiymətləndirərək, onlara gələcək işlərində uğurlar diləyiblər.

Sərgi zamanı R.Hacıyev adına 15 nömrəli onbirillik, Leopold və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəblərinin şagirdlərinin təqdimatında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar ifa edilib. Tədbirin sonunda festival iştirakçıları diplom və təşəkkürnamələrlə təltif olunublar.

Yağlı boya, qələm, akvarel və ipək üzərində çəkilən rəsm əsərləri sərgi iştirakçılarında maraq doğurub.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd qüdrətli sözfikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

 

Azərbaycan.- 2021.-8 dekabr.- S.7.