Tovuzda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

 

Tovuz rayonunun Əsrik Cırdaxan kəndində şəhidlərin xatirəsinə abidə kompleksinin açılışı olub. Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, müharibə veteranları və kənd sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Sonra iştirakçılar abidənin önünə gül dəstələri düzmüşlər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək abidə kompleksinin tikintisində əməyi olanlara minnətdarlıq etmiş, şəhid ailələrinə səbr, qazilərimizə şəfa diləmişdir.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tovuz rayon şöbəsinin sədri Əli Əliyev, Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Telman Əmiraslanov, kənd bələdiyyəsinin sədri Mübariz İbrahimov, Koxanəbi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sadiq Abulov, şəhid Murad Ələkbərovun atası Məzahir Ələkbərov və şəhid Qəzənfər İsmayılovun qardaşı Yolçu İsayev çıxış etmişlər. Sonda məktəblilər şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər söyləmişlər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2021.-16 dekabr.- S.7.