FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim təşkil olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Avstriyanın Federal Daxili İşlər Nazirliyinin səmərəli əməkdaşlığı çərçivəsində Qusar rayonunda dağ alpinizmiqar uçqunlarında axtarış-xilasetmə üzrə təlimlər təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər FHN-in xilasedicilərinə mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqların artırılması məqsədilə keçirilib. Bununla yanaşı, təlim iştirakçıları müasir texnika və avadanlıqdan istifadə üzrə peşəkar vərdişlərini gücləndirir, bu istiqamətdə beynəlxalq təcrübəni öyrənirlər.

Təlimə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və xüsusi texnikası, təlim görmüş itlər cəlb edilib.

Dekabrın 19-dək davam edəcək təlim nəzəri və praktiki hissələrdən ibarətdir.

Təlimin gedişində şəxsi heyətə avstriyalı mütəxəssislər tərəfindən FHN-in yeni aldığı qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlığı, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib.

Praktiki hissədə avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlığından istifadə etməklə axtarışı, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqları yerinə yetirirlər.

Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, dekabrın 11-də start götürmüş bu təlim iki nazirlik arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca beşinci təlimdir.

 

Azərbaycan.- 2021.-16 dekabr.- S.7.