Şagirdlər narkotik biznesinin ən müdafiəsiz hədəfləridirlər

 

Təhsil müəssisələri narkomaniya ilə mübarizədə fəal iştirak etməlidirlər

 

Narkotikdən mütəmadi istifadə edənlər başqalarını da bu işə sövq edirlər ki, onların da əksəriyyəti uşaqlar və gənclər olurlar. Bu yaşda olanlar narkotik biznesinin ən həssas və  daha müdafiəsiz hədəfləridirlər. Hazırda uşaqların internetə çıxış imkanlarının olduqca yüksək olması, narkotacirlərin sosial şəbəkələrdə çox fəallaşması uşaqların daha erkən vaxtlarda narkotik maddələrin təsiri altına düşməsinə imkan yaradır.

 

Narkotikdən istifadə dərslərin mənimsənilməsinin qarşısını alır

 

Dünya təcrübəsi göstərir ki, narkomanlığa sövq edilən uşaqlar təxminən 10 yaşında olarkən ilk dəfə bu maddələri sınaqdan keçirirlər. Narkomaniyaya meyilliliyin daha geniş yayıldığı cəmiyyətlərdə isə uşaqlar onu daha erkən yaşlardan istifadə edirlər. Narkomaniyanın ən geniş yayıldığı ölkələrdən olan Braziliyada aparılmış tədqiqat bu bəlaya sürüklənən şagirdlərin təxminən 5 faizinin 10 yaşından da əvvəl narkotiklərdən istifadə etdiyini göstərib. Narkotiklərdən ən çox istifadə edən məktəblilər 13-15 yaş arasında olanlardır. Təcrübə göstərib ki, ömrünün müəyyən dövründə narkotik maddələrdən istifadə etmiş şagirdlər heç bir maddə istifadə etməyənlərlə müqayisədə dərslərini 45 faiz daha gec mənimsəyirlər.

Məktəblilər arasında narkotik maddələrin istifadəsindən danışarkən yalnız bir səbəb üzərində dayanmaq düzgün olmaz. Bu istifadə bir neçə faktorun təsiri altında yaranır ki, onların arasında sinifdə həddindən artıq utancaqlıq və aqressiv davranışlar, məktəbdə müvəffəqiyyətin azalması, sosial bacarıqların zəifliyi, ailə mühitində narkotik maddələrin istifadəsinə şəraitin yaradılması kimi və digər amillər də var. Narkotiklərdən istifadəni qabaqlayan qoruyucu faktorların arasında isə məktəbdə müvəffəqiyyətli olmaq, məşğuliyyət dairəsinin genişliyi, narkomaniyanarkotik maddələr haqqında düzgün maarifləndirmənin aparılması və s. kimi işlər durur.

Narkomaniya ilə mübarizədə ailə mühiti olduqca böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, təhsil müəssisələrində təlim-tərbiyə sisteminin düzgün təşkili də mühüm rol oynayır. Bu baxımdan pedaqoqların üzərinə narkomaniya ilə mübarizədə xüsusi məsuliyyət düşür.

Məktəblərin bu məsələdəki rolunu araşdıran Təhsil İnstitutunun gəldiyi qənaətə görə, öyrənmə prosesinin şagirdlər üçün cəlbedici qurulması onları zidd davranışlardan  uzaqlaşdıra bilır. Bu səbəbdən təlimin təşkili məsələləri həmişə diqqət mərkəzində olmalıdır. Şagirdlərə özünüidarə imkanları yaratmaq onların fəal və məsuliyyətli olmasını dəstəkləyir. Məsələn, şagirdlər üçün önəmli olan məsələlərin (şənliklərin, ekskursiyaların, gəzintilərin və idman yarışlarının təşkili, məktəbli forması ilə bağlı məsələlər və s.) nəzarətdə saxlanılmasını şagirdlərin özlərinə həvalə etmək olar. Valideynlər və övladları arasındakı yaxşı münasibətin olması narkotiklərə qarşı mübarizədə böyük rol oynadığından valideynlər üçün mütəmadi maarifləndirici seminarların keçirilməsi tövsiyə edilir. Özünüifadə çətinliyi olan şagirdlər üçün qrup terapiyasının təşkili fayda verə bilər. Musiqi, təsviri incəsənət, texnologiyafiziki tərbiyə dərslərinin imkanlarından tam istifadə etmək məktəbdə normal öyrənmə mühitinin bərqərar olmasına şərait yaradır və şagirdləri kənar təsirlərdən uzaqlaşdırır. Narkoloji dispanserə ekskursiyanın təşkili, həkimlərin iştirakı ilə “dəyirmi masalar kimi tədbirlərin keçirilməsi faydalı ola bilər.

 

Şagirdlərə narkomaniyanın fəsadları barədə məlumatların verilməsi vacibdir

 

Bəzi mütəxəssislər dərsliklərdə narkomaniya haqqında məlumatların daha da dərinləşdirilməsinin və ya onun ayrıca fənn formasında tədrisinin narkomaniya ilə mübarizədə uğurlu olacağına inanırlar. Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, “Həyat bilgisi” dərsliyində narkomaniya ilə mübarizə məsələlərini bir qədər genişləndirməyi düşünürlər. Ancaq narkomaniya ilə mübarizə məqsədilə məktəblərdə ayrıca fənnin tədrisi məqsədəuyğun deyil.

Bakı şəhər 176 saylı tam orta məktəbin psixoloqu Qəmər Bünyatova isə bu fikirdədir ki, dərsliklərdə narkomaniyaya dair informasiyaların daha da dərinləşdirilməsinə, xüsusilə narkotik maddə qəbul edərkən yaranan təsirlər barədə məlumatların verilməsinə ehtiyac yoxdur. O hesab edir ki, profilaktik tədbir olaraq şagirdlərə narkomaniyanın fəsadları barədə məlumatların verilməsi yetərlidir. Çünki yeniyetmələrdə maraq hissi güclü olduğundan onlar həmin vasitələri yoxlamağı bacarırlar. Psixoloq valideynləri xəbərdar edir ki, narkomaniyanın ilk mərhələsi siqaret çəkməkdən başlayır. Siqaret çəkən uşağın gələcəkdə narkotik maddə aludəçisi olmaq ehtimalı daha çoxdur. Buna görə də valideynlər uşaqlarının bu zərərli vərdişə yiyələnməsindən çox narahat olmalıdırlar.

 

Narkomaniyaya qarşı görülən tədbirlər

 

Məktəblərdə narkomaniyaya qarşı görülən tədbirlərin mahiyyətinə gəldikdə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov nəzərə çatdırır ki, hər hansı uşağı xüsusi nəzarətdə saxlamağa ehtiyac yarandığı zaman gördükləri profilaktik tədbirlər səmərəsini verir. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək məqsədilə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir. Maarifləndirici tədbirlərdə məktəblilərə narkotik vasitələrin ziyanlarından, real örnəklərdən, istənilən tütün məmulatlarının orqanizmdə törətdiyi böyük fəsadlardan bəhs olunur. Onlara zərərli vərdişlərdən uzaq olmaqsosial bəlalara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.

 

Məktəblərdəki mövcud yanaşmalar öz effektivliyini itirib

 

Narkomaniya ilə mübarizədə məktəbin imkanlarının nədən ibarət olduğunu müəyyən etmək üçün beynəlxalq təcrübəyə istinad edilməsini vacib sayan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova düşünür ki,  narkomaniyanın qarşısının alınması bu gün yeni taktiki həllər tələb edir. Məktəbdə gənclərə yönəlmiş mövcud yanaşmalar öz effektivliyini itirib. Gənclərin iyerarxik strukturlardan istifadə etməyən daha yaradıcı yanaşmalara ehtiyacları var: “Avropada yeniyetmə və gənclər arasında  narkomaniyanın qarşısının alınması üzrə bir çox proqramlar həyat keçirilir. Buna nümunə kimi həyatın inkişafına  dair yeni bacarıqların öyrədilməsinə və standart yanlış təsəvvürlərin aradan qaldırılmasına yönələn “Unplugged” proqramını göstərmək olar. Almaniyada hazırlanmış, İngiltərədə sınaqdan keçirilmişRebound” proqramı (“Ricochet”) da bu nümunələrdən biridir. Həmin proqramların  pozitiv tərəfi onların narkotikpsixoaktiv maddələrin qəbulu ilə bağlı aydın təsəvvür formalaşdırması, öyrənməyi  və müdafiə olunmağı təşviq etməsi, qoruyucu və tərbiyəedici təhsil mühiti yaratmasıdır. Onların icrası zamanı sübutlara əsaslanan, insanı zərərli vərdişlərə yönəltməyən üsullardan istifadə olunur”.

H.Hüseynova deyir ki, ötən əsrin 80-ci illərində ABŞ-da bütün əvvəlki tədbirlərdən daha yaxşı nəticə verən narkomaniyaya qarşı ümummilli kampaniyanın uğurunun əsas səbəbi onun məqsədinin düzgün müəyyən edilməsi idi. Məqsəd gənclərdə narkotiklərə qarşı laqeydya mənfi münasibətin formalaşdırılması idi ki, buna da məktəblərin köməyi ilə nail olundu. Prosesə müəllimlərlə yanaşı, ölkədə tanınmış və nüfuzlu şəxslər (sənət adamları, idmançılar, siyasətçilər, adamları, polislər) cəlb edildi. Həmin proqram hələ də davam etməkdədir.

 

Valideynlə yanaşı, müəllim uşağı bu bəladan qurtarmağa kömək etməlidir

 

H.Hüseynova hesab edir ki, çox az insanın tamsağlam həyata dönə bildiyi  bu dəhşətli  bəladan real xilasedici valideynlə yanaşı, həm də müəllimdir: “Biz hər zaman fikirləşirik ki, uşaqları mümkün şəxsi faciələrdən ən yaxşı şəkildə valideyn qoruya bilər. Ancaq bu zaman bəzi suallar yaranır: Uşağın ata və ananın məsləhətlərinə qulaq asması üçün ailədə kifayət qədər qarşılıqlı anlaşma varmı? Bütün valideynlər uşağı bəlalardan məharətlə və effektiv şəkildə xəbərdar edə bilirlərmi? Təbii ki, ailə bu pisliyə gedən yolu bağlayan əsas qalxandır. Lakin təəssüf ki, ailə həmişə bu problemi uğurla həll edə bilmir. Bunun bir çox səbəbləri varonlar hamıya məlumdur. Buna görə də valideynlə yanaşı, müəllim də uşağı bu bəladan qurtarmağa kömək edə bilər”.

Komitə sədri əlavə edir ki, adətən gənclərlə birbaşa ünsiyyət üçün qısamüddətli imkanlara malik və sayı da çox məhdud olan narkomaniya mütəxəssisindən fərqli olaraq, müəllim öz şagirdlərinə uzun müddət məqsədyönlü şəkildə təsir göstərmək imkanına malikdir. Müəllimlər millətin sağlamlığı, ölkənin gələcəyi naminə bu üstünlüklərindən istifadə etməlidirlər.

 

Uşaqların yanaşması qiymətləndirilməlidir

 

Milli Məclisin komitə sədri H.Hüseynovanın fikrincə, bu gün ölkə məktəblərində narkomaniya ilə mübarizə  aparan zaman uşaqların bu məsələyə yanaşması üzrə qiymətləndirmə aparılmalıdır. Bu zaman yeniyetmələrin üzləşdikləri problemlərin və onların həlli istiqamətində hansı çətinliklərin ortaya çıxdığını  müəyyən edəcəklər. Əldə olunmuş nəticə maarifləndirmə tədbirlərinin və proqramlarının daha düzgüneffektiv seçilməsinə səbəb olacaq. Diqqət yetirilməli olan digər məsələ isə mütəxəssislərin, nüfuzlu insanların bu zərərli bəlanın insana təsirini  izah etmək üçün seçdiyi üsul və metodlardır.

Narkomaniya ilə mübarizə üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməli, ictimai maarifləndirmənin ənənəvi üsulları ilə bərabər, yeni forma və metodları, o cümlədən sosial media menecment (SMM) mexanizmi tətbiq edilməli, narkomaniya ilə bağlı statistika dəqiq aparılmalı, mövcud qanunların icra mexanizmləri yenidən nəzərdən keçirilməli və s. tədbirlər həyata keçirilməlidir, - deyə H.Hüseynova bildirir.

 

Vahid pedaqoji yanaşma olmalıdır

 

Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Piralı Əliyev deyir ki, son illərdə uşaqların və yeniyetmələrin psixodiaqnostikasına həsr olunmuş tədqiqatlar azalıb. Narkomaniya xəstəliyinə düçar olan insanın yaranmasında ailənin rolu, uşaqlar və yeniyetmələrin narkotik əleyhinə tərbiyəsinin təşkilində məktəblərin rolu barədə ümumiləşdirici tədqiqatlar mövcud deyil. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə əleyhinə proqramlar həyata keçirilir, lakin asılılığı aradan qaldırmağa xidmət edən vahid pedaqoji yanaşma yoxdur.

Professor deyir ki, uşağa ailədə ünsiyyət və tənqidi düşünmə bacarığı, müstəqilllik və məsuliyyəti bölüşmək aşılanmayıbsa, bu boşluğu dərsdə və dərsdən sonra müəllim doldurmağa çalışmalıdır. Mütəxəssislər (psixoloqlar, müəllimlər) yeniyetmələrə daxili aləmlərini öyrənmək, “mən” anlayışını və sosial bacarıqlarını inkişaf etdirmək üçün təlimlər keçirərək bu prosesə kömək edə bilərlər. Bütün bunlar hər bir yeniyetməni narkotikdən uzaqlaşdıra bilər.

P.Əliyevin sözlərinə görə, mütəxəssislər məktəblilərə narkotikin zərəri haqqında xəbərdarlıq edərkən bildirməlidirlər ki, vətənimizi düşmən tapdağından azad etməyin birinci şərti sağlam və ayıq olmaqdan ibarətdir. Bunun üçün narkotik maddələrdən uzaq olmaq, mənəvi sıxıntı və problemləri inamla, iradə ilə əvəz etmək lazımdır. Bununla həm öz səhhətinizi, həm də ölkəmizin gələcəyini müdafiə etmiş olarsınız.

Pedaqoqun təhsil müəssisələrində müəllimlərin şagirdlərdə bəzi dəyişikliyin müşahidə edildiyi zaman diqqətli olmalarını vacib sayır. Məktəbdə hər hansı həb, ampula, müalicə preparatlarının başqa tibbi formaları, inyeksiya üçün hər hansı vasitə, dəri üzərində inyeksiya izləri, venalarda dəyişiklik, şagirdin nəfəsindən, paltarından, saçından, dərisindən və əllərindən spesifik “kimyəvi qoxunun gəlməsinə diqqət verilməlidir. Narkotik vasitə və psixotrop maddə qəbul edəndə süstlük, az hərəkətlilik, danışıq kontaktının çətin olması, hərdən səthi yuxululuq, monotonluq, nitqin rabitəsizliyi, ifadələrin anlaşılmazlığı,  yerişin bir qədər pozulması,  yüksək əhvali-ruhiyyə, səbəbsiz şənlik, hərəkətlərdə qeyri-ardıcıllıq, fikir dağınıqlığı və s. müşahidə olunur. Müəllimlər şagirdlərin narkotik, psixotrop və digər maddələrdən istifadə etmələrindən şübhələnərkən yubanmadan mütəxəssis-psixoloq və narkoloqu həmin şagirdlərlə anonim söhbətə dəvət etməlidirlər. Valideynşagird anonim müalicəyə razılıq verdikdə şagird anti-narkotik mərkəzə göndərilməli, müəyyən edilmişanonim müalicəyə göndərilmiş narkomanların hər birinə ciddi fərdi yanaşma təmin edilməlidir.  

 

Düzgün olmayan məlumat məktəblilərdə narkotiklərə maraq oyada bilər

 

P.Əliyev bildirir ki, narkomanlıq meyillərinin ilkin profilaktik tədbirlərinə anonim sorğu yolu ilə təhsil ocaqlarının ümumi şəbəkəsindən “risk qrupunun ayrılması, müayinələrin məqsədyönlü keçirilməsi, anti-narkotik təbliğatın müntəzəm aparılması aid edilməlidir. Narkomanlıq problemi üzrə mühazirə işləri təcrübəli psixiatr-narkoloqlara həvalə edilərsə, daha effektli olar. Anti-narkotik təbliğat zamanı  naşıcasına, ehtiyatsız verilən məlumat məktəblilər arasında qeyri-sağlam maraq oyada və narkotiklərin dadına baxmağa səbəb ola bilər. Mühazirələrdə narkotiklərin necə əldə edilməsi və istifadə yolları, onların təsirinin əsas xüsusiyyətləri və istehlakı zamanı yaranan hissiyyat barədə məlumat verilməməlidir. Narkotiklərin insan orqanizminə məhvedici təsirini, narkotiklərdən istifadənin sosial bəlaya çevrilməsi, erkən müalicənin labüdlüyümümkünlüyü, həmçinin narkomanlıq probleminin hüquqi aspektləri ilə bağlı məsələləri xüsusi qeyd etmək lazımdır. Məktəblər narkotiklərin qarşısının alınmasını planlaşdırdıqda müxtəlif yanaşmalar seçə bilərlər ki, bunlara anti-narkotik proqramların işlənilməsi, pedaqoji kollektiv üçün narkotiklər haqqında məlumat xarakterli dərslərin  keçirilməsi daxil ola bilər. Bundan başqa, hər hansı icmanın anti-narkotik strategiyasına məktəblər mütləq şəkildə daxil edilməlidir.

Narkomaniya probleminin ictimai təhlükəliliyi onun həmişə gizli şəraitdə baş verməsindədir. Çox zaman buna görə valideynlər övladlarının, xüsusilə məktəbyaşlı uşaqlarının narkomaniyaya meyil etməsindən çox gec xəbər tuturlar. Xəbər tutduqları zaman isə övladlarının artıq “həvəskar” narkomandan “peşəkar” narkomana çevrildiyini görürlər.

Məsələyə düzgün prizmadan yanaşan ölkələr həyata keçirdikləri çoxsaylı tədbirlərə məktəbləri də cəlb etməklə bu sosial bəlanın genişlənməsinin qarşısını ala bilirlər. Gənclərin formalaşmasının ən əhəmiyyətli dövründə iştirak edən təhsil müəssisələrinin narkomaniya ilə mübarizəyə aktiv şəkildə qatılması yalnız ailələrin şəxsi problemlərlə üzləşməsinin qarşısını almağa deyil, həm də dövlətin gələcək nəslinin sağlam olmasını təmin etməyə yardım edir.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 16 dekabr.- S.7.