Tovuzlu qazi Türkiyədə müalicə aldıqdan sonra Vətənə dönüb

 

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən  atəşkəs rejiminin sərhədin Tovuz istiqamətində pozulması zamanı həmin rayonun Hacıalılı kənd sakini Nəsirov Kənan Fizuli oğlu ağır  yaralanmışdır.

“YAŞAT” Fondunun qardaş Türkiyəyə göndərdiyi qazi müalicə aldıqdan sonra evinə dönmüşdür. Tovuz rayon rəhbərliyi, YAP Tovuz rayon təşkilatının, eləcə də ictimaiyyətin digər nümayəndələri bu günlər Kənan Nəsirovun evində olmuş, onun müalicədən sonrakı səhhəti ilə maraqlanmışlar.

Çay süfrəsi arxasında keçən söhbət zamanı qeyd olunmuşdur ki, Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Çünki bu döyüşlərdən sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etmişdir.

Qazi Kənan Nəsirov onun müalicəsinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmiş və diqqətə çatdırmışdır ki, artıq onun səhhətində elə bir ciddi problem yoxdur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2021.-19 dekabr.- S.4.