GUAM-a üzv dövlətlərin BMT, ATƏT, Avropa Şurası və onların parlament qurumları çərçivəsində əməkdaşlığı müzakirə olunub

 

Dekabrın 20-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 5-ci birgə iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Birgə iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.

İclasda GUAM məkanında lokal münaqişələrin həllinin hazırkı vəziyyəti, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, GürcüstanMoldova Respublikasında dondurulmuş münaqişələr, GUAM-a üzv dövlətlərin BMT, ATƏT, Avropa Şurası və onların parlament qurumları çərçivəsində əməkdaşlığı, COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, onların qanunvericilik təminatı, üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, GUAM Azad Ticarət Zonasının yaradılmasının başa çatdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Onlayn tədbirdə deputatlar müzakirə olunan məsələlərlə bağlı çıxışlar edib, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S.2.