Daim xalqla birlikdə

 

Dövlətlərin və xalqların tarixinin yazılmasından başlamış dünya birliyində özünə layiqli yer tutmasının və tanınmasının zamanın süzgəcindən keçərək özünü doğruldan aydın şərtləri var.

Tarix həmin şərtləri dönə-dönə sübut edərək göstərir ki, dövlətlərin və xalqların inkişafı, yüksəlişi üçün onun malik olduğu maddi və mənəvi zənginliklər vacib olsa da, yetərli sayıla bilməz. Bu baxımdan onların taleyində lider amilinin bütün şərtlərin fövqündə dayanması ən mühüm siyasi reallıqdır.

 

Azərbaycan cəmiyyətinin böyük rəğbət və etimad göstərdiyi lider

 

Böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin dövlətlərin taleyindəki rolu barədə tarixdən çox misallar gətirmək olar. İstənilən dövlətin tarixinə nəzər salsaq, onun həm yaranmasında və formalaşmasında, həm də inkişafında lider amilinin nə qədər böyük rol oynadığını görərirk. Çox tarixi ənginliklərə getmədən Türkiyədə Atatürkün, Böyük Britaniyada Uinston Çörçilin, Fransada Şarl de Qollun fəaliyyəti göstərir ki, dövlətin dövlət olması, dünya səhnəsinə çıxması, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətlərdən asılıdır. XX əsr Azərbaycan tarixi isə Heydər Əliyevin timsalında hələ ötən əsrin 70-80-ci illərindən lider amilinin dövlətin və xalqın tarixində, onun gələcəyinin formalaşmasında, inkişafında, beynəlxalq aləmdə özünü təsdiq etməsində ən vacib faktor olduğunu təsdiq edir. Heydər Əliyev kimi dahilər öz mübarizələri ilə dövlətin qürurdoğuran tarixinin möhkəm təməlini yaratmaqla bərabər, həm də inkişaf salnaməsinin müəllifinə çevrilirlər.

Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməyib, bu strateji kursu davam etdirməyə qadir istedadlı, praqmatikrasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirib. Ölkəmzin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaradıb.

2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inametimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Geridə qoyduğumuz hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. Məhz Heydər Əliyevin dühasından və qüdrətli zəkasından ilham alan milli inkişaf strategiyası Azərbaycanın müstəqillik və inkişaf yolunda inamla addımlamasını təmin edir.

Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin ən layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən İlham Əliyev qısa bir zaman ərzində geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilib. Fəaliyyət göstərdiyi bütün sahələrdə qazanılmış nailiyyətlər onun siyasi prioritetinə yeni ştrixlər əlavə edib. Təsadüfi deyil ki, bu gün İlham Əliyevin adı dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə bir sırada çəkilir. Dünyanın siyasi xəritəsində və beynəlxalq münasibətlər sistemində yeri olan aparıcı dövlətlərin rəhbərləri Azərbaycana və onun Prezidentinə dərin rəğbət və böyük ehtiramla yanaşırlar.

 

Tariximizə qızıl hərflərlə yazılan uğurların müəllifi

 

Yüksək beynəlxalq imic, kosmik klubun üzvü, regionun lideri, beynəlxalq miqyasda dünyada söz sahibi və dayanıqlı inkişaf... Bütün bunlar müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən nailiyyətlərin yalnız bir qismidir. Ötən ilin Vətən mühariəsində isə titulların sırasına biri də əlavə olundu: qalib dövlət. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin müəyyən etdiyi və ötən 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz yol, qazandığımız hər bir nailiyyət təsdiq edir ki, bu siyasətin alternativi yoxdur.

18 il bir dövlətin tarixi baxımından uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu dövrdə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi nailiyyətlər, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizi dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Cəmi iki ay əvvəl müstəqilliyinin bərpasının üçüncü onilliyini geridə qoyan respublikamızın qısa zaman kəsiyində böyük tərəqqi yolu keçməsi ən böyük uğurlarımızdan biridir. Bir vaxtlar burulğanlardan keçən, hətta müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan indi siyasimakroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf etməkdə olan, bölgənin əsas iqtisadi potensialına sahib qüdrətli dövləti məhz Azərbaycandır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.

Cənab İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində qazanılan uğurların bir qisminə nəzər salaq: 18 ildə Azərbaycan iqtisadiyyatı təxminən 3, sənaye məhsulları istehsalı 2,7, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfə artıb, valyuta ehtiyatlarımız 50 milyard dolları ötüb. Bu illər ərzində hazırda Azərbaycanın iqtisadi inkişafına əvəzsiz töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib, Bakı-Tbilisi-Qars dəmir yolu inşa olunub, “Cənub qaz dəhlizi” reallığa çevrilib, Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı fəaliyyətə başlayıb. Bu dövrdə respublikamızda 6-sı beynəlxalq olmaqla 7 aeroport tikilib, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, orbitə 3 peyk çıxarılıb, yeni elektrik stansiyalarının inşası nəticəsində 3 min meqavatdan artıq yeni generasiya gücü yaradılıb, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96,3 faizə çatıb, 17 min kilometrə yaxın avtomobil yolu tikilibya yenidən qurulub.

Azərbaycan üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Bunun da əsas səbəblərindən biri dövlət proqramlarının icrası nəticəsində yaradılmış iqtisadi potensialdır. Beynəlxalq iqtisadi geriləmənin yaşandığı və sınaq dövrü olan illərdə də Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

 

Şəffaf idarəçilik, xalqa verilən hesabatlar

 

Əlbəttə, hər bir uğur Prezident İlham Əliyvevin siyasi kursunun təntənəsi olmaqla yanaşı, həm də dövlətimizin başçısının liderlik keyfiyyətlərinin nəticəsi kimi nəzərdən keçirilir. Eyni zamanda Azərbaycanın yüksəlişi, xüsusən iqtisadi inkişafı barədə danışarkən əsasən ənənəvi amillərə üstünlük verilir. Bunlar ölkə rəhbərliyinin yürütdüyü düşünülmüşelmi əsaslara söykənən inkişaf strategiyası, həyata keçirilən islahatların uğurlu nəticə verməsi, dövrün çağırış və tələblərindən irəli gələrək islahatların davamlı olması, iqtisadi potensialın hərəkətə gətirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, sənayeləşmə siyasəti, neft gəlirlərindən səmərəli istifadə olunması, xüsusən bu gəlirlərin qeyri-neft sektorunainsan kapitalına yönəldilməsi və s.-dir.

Bu yerdə inkişafın daha bir ciddi amilinə xüsusi diqqət yetirməliyik. Bu, Azərbaycan cəmiyyətindəki bərqərar olunan konsensus və həmrəylik, ölkə ictimaiyyətinin Prezident İlham Əliyevin ətrafında sıx həmrəyliyidir. Bütün bunların təmin olunmasında isə Prezident İlham Əliyevin vətəndaşlarla ünsiyyətləri, ictimaiyyət nümayəndələri ilə ünsiyyəti, keçirdiyi görüşlər əvəzsiz rol oynayır.

Məlum həqiqətdir ki, politoloji nəzəriyyələrə əsasən siyasi uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqda, ölkənin bütün resurslarını strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edə bilir. Bu baxımdan səmərəli və şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu prinsip daim önə çəkilir.

Hələ 2003-cü ildə hökumətin Prezident kimi keçirdiyi ilk iclasında çıxışı zamanı “Biz xalqın xidmətçisiyik” deyən cənab İlham Əliyev ötən 18 ildən artıq müddətdə ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar, hər rübil üzrə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması həmin problemlərin həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir. Səmərəli, məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi Prezident İlham Əliyev xalq qarşısına daim yeni uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın tərəqqisinə, sabitliyə, vətəndaş sülhünə yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

Bu baxımdan İlham Əliyevin fəaliyyətində diqqətəlayiq ən üstün cəhətlərdən biri onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi, hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm hesabatların verilməsini idarəçilikdə demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Bu cür hesabatlar həm də konkret dövr ərzində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi, əldə edilmiş uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, gündəmdəki məsələlər və problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.

 

Vətəndaşlarla ünsiyyət inkişafın əsas şərtlərindən biri kimi özünü göstərir

 

Əlbəttə ki, inkişafın təməlində dayanan əsas şərtlərdin biri cəmiyyətimizdəki konsensusdur. Bu konsensusun təmin olunmasında isə siyasi-iqtisadi amillərlə yanaşı, Prezident İlham Əliyevin vətəndaşlarla görüşləri və vətəndaş müraciətlərinə çevik reaksiyası əsas rolu oynayır. Müxtəlif tədbirlər çərçivəsində, bayramlarda, rayonlara səfərlər zamanı əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Məsələyə bu prizmadan yanaşsaq görərik ki, dövlət başçısının fəaliyyətinin ən mühüm tərəflərindən biri vətəndaşlarla təmaslara, ünsiyyətlərə, söhbətlərə vaxt ayırması, belə görüşləri fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirməsidir.

Ümumiyyətlə, ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək mümkün deyil. Ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür.

Xatırladım ki, Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdu. Heydər Əliyev hələ o dövrdən insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi yaratmışdı.

Hazırda bu xətti cənab İlham Əliyev öz fəaliyyətində layiqincə və uğurla tətbiq edir. Prezident İlham Əliyevin fəaliyyətində - istər vətəndaşlarla görüşlərində, istər ölkənin regionlarına səfər proqramlarında əsas yeri məhz sakinlərlə görüşlər təşkil edir. Bu səfərlər zamanı müxtəlif obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməklə yanaşı, dövlət başçısının ictimaiyyət nümayəndələri ilə ünsiyyəti, onlarla görüşdə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Rəsmiyyətçilik baryerlərini aşaraq son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər cənab Prezidentin vətəndaşlara olan həssas münasibətini nümayiş etdirib.

Azərbaycanda sosial-iqtisadi məsələlərlə bağlı həyata keçirilən dövlət siyasətinin ayrı-ayrı istiqamətləri də məhz Prezident İlham Əliyevin regionlara səfərləri və burada vətəndaşlarla görüşləri zamanı formalaşıb. Bu görüşlər dövlət siyasətinin daha da təkmilləşməsi üçün yeni imkanlar açıb. Məsələn, Prezident İlham Əliyev bölgələrə ardıcıl səfərləri və hər səfərindən, vətəndaşlarla ünsiyyətindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə yeni tədbirlər planını təsdiqləyir, Prezidentin Ehtiyat Fondundan bu məqsədlə əlavə vəsaitlər ayrılır. Bu isə öz növbəsində həm ölkənin hərtərəfli inkişafına, həm də cəmiyyətimizdəki konsensusun daha da möhkəmləndirilməsini təmin edən vacib amil kimi özünü göstərir.

Prezident İlham Əliyevin regionlara səfərləri şəhər və rayonlarda təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olmayıb, eyni zamanda sadə insanların həyatında dərin və silinməz iz buraxır. Cənab İlham Əliyevin kütlələrlə ən qısa ünsiyyəti belə onun əksər siyasi keyfiyyətlərini parlaqlığı ilə əks etdirir. Danışıq tərzi, nitqindəki rəvanlıq, məntiqi ardıcıllıq, soyuqqanlı reaksiya, təmkin, psixoloji sabitlik Azərbaycan Prezidentinin siyasi portretinin aydın cizgiləridir.

Vətəndaşların dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulması da olduqca vacibdir. Xüsusən söhbət sosial dövlətdən və ədalətli cəmiyyətdən gedirsə, burada vətəndaş müraciətlərinə diqqətlə yanaşılmalıdır. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır. Prezidentin tapşırığı ilə 2013-cü ilin aprel ayından başlayaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbullarının həyata keçirilməsi işi də insanları narahat edən məsələlərin aradan qaldırılmasına mühüm töhfə olmaqla bərabər, vətəndaşlarla ünsiyyətin bir formasıdır. Şübhəsiz, Prezidentin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları başçılarının regionlarda mütəmadi keçirdikləri görüşlər xalqın dövlət institutlarına etimadını daha da yüksəldir. Odur ki, xalq-iqtidar birliyi bizim inkişafımızı getdikcə sürətləndirir, vətənimizin iqtisadi qüdrətinin artması, sosial rifahımızın daha da yüksəlməsi üçün ciddi əsaslar yaradır.

 

Prezident problemləri vətəndaşların öz dilindən eşitməyə üstünlük verir

 

Hər bir cəmiyyətin inkişafına və həm də sosial həmrəyliyinə yol açan əsas şərtlərdən biri insanların qayğılarına, onları narahat edən məsələlərə diqqətlə yanaşılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən məqamlardan birimövcud problemləri birbaşa vətəndaşların öz dilindən eşitməyə və onların arzu və istəkləri əsasında həll etməyə üstünlük verməsidir. Dövlət başçısı müxtəlif tədbirlər çərçivəsində vətəndaşlarla görüşlər zamanı onların qayğıları ilə də maraqlanır və onların həlli istiqamətində çevik qərarlar qəbul edir. Bu, ilk növbədə, xalqa olan hörmətin sübutudur. Cənab İlham Əliyevin ictimaiyyət arasına çıxaraq, birbaşa onların qayğıları ilə maraqlanması həm də sarsılmaz xalq-Prezident münasibətlərinin təcəssümüdür.

Elə buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin simasında özlərinin ən yaxın hamilərini, güvənc yerlərini görürbununla da fəxr edirlər. Özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və bu, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırıb.

Müxtəlif yerlixarici təşkilatlar tərəfindən keçirilən sosioloji sorğularda Prezident İlham Əliyevin reytinqinin artmasının səbəblərindən biribudur. Prezidentin rayon ictimaiyyəti ilə mehriban görüşlərinin, səmimi söhbətlərinin ictimaiyyət tərəfindən necə rəğbətlə, yüksək əhvali-ruhiyyə ilə qarşılandığı sakinlərin fikirlərindən də aydın görünür. Bu səmimiyyət bir daha belə bir reallığa işıq salır ki, İlham Əliyev hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə daim çıxışlarında qarşıya qoyduğu bu tapşırığın - “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” - real həyatda ifadəsidir.

Prezident İlham Əliyev həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğını bütün cəmiyyətin işinə çevirib. Prezident şəhid ailələrinə mənzillərin, maşınların açarlarını şəxsən özü təqdim edir, bu qayğını özünə təkcə vəzifə borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlət başçısı öz ad günlərində hər zaman xalqın arasında olur. “Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edimbu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz”, - deyə Prezident İlham Əliyev 2011-ci ildə Ağcabədidə məcburi köçkünlərlə görüşdə bildirmişdi.

2016-cı ilin aprelində Ermənistan cəbhə xəttində təxribat törədəndə və nəticədə insanlar ev-eşiklərindən olanda yenə də onların harayına ilk çatan Prezident İlham Əliyev oldu. Onun dərhal təmas xəttinə gəlişi düşmənlə üz-üzə dəyanətlə dayanan insanlara inanılmaz ruh vermişdi. Bu həm də xalqın liderinin qətiyyət və mərdliyinin, xalqla bir olmasının gözəl örnəyi idi.   

İnsan amilinin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanmasını kifayət qədər faktlarla göstərmək olar. Bu sırada xüsusən əvvəldən proqnozlaşdırılması mümkün olmayan təbiət hadisələri zamanı və digər ekstremal situasiyalarda dövlətin çevik reaksiyası xüsusilə qeyd olunmalıdır. 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə bağlı ilk gündən həyata keçirilən təxirəsalınmaz tədbirlər də göstərdi ki, insan amili hər zaman prioritetdir.

 

(ardı var)

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2021.-23 dekabr.- S.5.