Əsrlərin mirasına böyük qayğı

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli dövlətçilik tariximizdə yeni bir mərhələnin yaradıcısıdır. Görkəmli fikir adamlarımızın xalqımızın gələcəyi ilə bağlı amalları, yüz illər ərzində müəyyənləşən strateji məqsədlərimiz məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi zamanında reallaşdı. Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu aydın inkişaf istiqamətləri ilə müstəqil dövlətimizi tarixinin ən qüdrətli intibah dövrünə yetirdi. Bununla da təxminən iki əsrin problemini həll etməyə nail oldu. Ordumuzun gücü ilə torpaqlarımızı düşmən tapdağından azad etdi. Azərbaycan Prezidenti xalqımızı ən böyük qələbəyə yetirən qüdrətli şəxsiyyət və güclü Liderdir.

 

Tarix boyu yaşadığımız keşməkeşlər, işğallar, əsarətlər, başımıza gələn müsibətlər bizi toplum olaraq taleyimizə boyun əyməyə öyrətmişdi. Torpaqlarımızı itirə-itirə getməyimizə acı taleyimiz kimi dözürdük. Hansısa məqamlarda qəsbkarların qarşısını almağa nail olanda buna sevinirdik. Azərbaycan Prezidenti isə 44 günlük Vətən müharibəsi ilə bu taleyimizi dəyişdi. İtirilmiş Azərbaycan torpaqlarını geri almağa müvəffəq olmuş qüdrətli Sərkərdə kimi adını tarixə əbədi yazdı, yeni bir tarixin başlanğıcını qoydu. Və bu başlanğıcdan gələcəyə doğru yola çıxan Azərbaycanı qarşıda yalnız uğurlar, möhtəşəm günlər gözləyir.

 

 

 

Xalqa xidmət nümunəsi

 

 

 

Azərbaycan Prezidentinin 2003-cü ildə ölkəmizə rəhbərliyi dövründən, ondan da əvvəl Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı kimi ötən əsrin 90-cı illərinin ortalarından xalqımıza qazandırdığı nailiyyətlərin miqyası çox genişdir. Ən müxtəlif sahələrdə çalışıb və məşğul olduğu hər işdə xalqına fayda verməyi qarşısına ali məqsəd qoyub və bu məqsədinə də çatıb. Ona görə də Azərbaycan Prezidentinin həyat və fəaliyyəti dövlətimizə xidmət nümunələri ilə zəngindir.

 

Bu illər ərzində əzmlə həyata keçirilən milli-strateji inkişaf kursu ilə Azərbaycan özünəməxsus tərəqqi modelini formalaşdırıb. Dünya birliyində layiqli yer tutub. Onun siyasi iradəsi sayəsində icra olunan irimiqyaslı layihələrlə ölkəmiz regionun əsas söz sahibi, inkişaf mərkəzi kimi mövqelərini möhkəmləndirib. Belə bir fəaliyyət dövlətimizin gələcəyi üçün aydın proqram, etibarlı yol bələdçisi olub.   

 

Bu gün cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, tarixi inkişaf proseslərindən keçməsin. Bütün istiqamətlərdə misilsiz tərəqqi, oyanış ruhu hökm sürür. Ölkədə gedən  sosial-iqtisadi inkişaf proseslərindən tutmuş insanların rifahına, innovasiyaların həyatımıza gəlişinə, cəmiyyətin maraqlarına, Azərbaycanın getdikcə abadlaşan mənzərəsinə qədər bu ruhu duyub hiss edə bilirik.

 

 

 

Mədəniyyətdən başlanan intibah

 

 

 

İntibah çox zaman mədəniyyətdən başlanır. Ölkə rəhbərinin həyata keçirdiyi inkişaf siyasətində də mədəniyyətin xüsusi yeri var. Azərbaycana rəhbərliyi dövründə Prezident İlham Əliyev cəmiyyət həyatının digər mühüm sferaları kimi, mədəniyyət sahəsində də əsaslı islahatlar aparıb. Mənəvi dəyərlərimizin inkişafını daim diqqət mərkəzində saxlayıb. Mədəniyyət sahəsində 600-dən çox fərman və sərəncama imza atıb. Bu istiqamətdə böyük investisiya tutumlu proqramlar icra olunub. Paytaxt Bakıda və regionlarımızda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində irihəcmli layihələr reallaşdırılıb.

 

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa Şurası, Avropa İttifaqı, ICESCO və başqa nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin mühüm bir qismi məhz mədəniyyət sahəsinə aiddir. Dövlət başçısının 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul vermişdir.

 

Bu gün Azərbaycan incəsənəti ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır. UNESCO və ICESCO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz bu nüfuzlu qurumların maddi və mənəvi irs siyahısına salınmışdır.

 

Dövlət başçısı mədəniyyətə fərdləri birləşdirən dəyər kimi yanaşır. Bunu bəşəriyyətə xidmət etmək istəyən bütün insanların ali niyyətlərinin ifadəsi kimi görür. Prezident İlham Əliyev mədəniyyətlər arasında uğurlu dialoqun dünyanı bir çox problemlərdən xilas edə biləcəyinə inanır. Bütün imkanları ilə buna töhfə verməyə çalışır. Çünki zəmanəsinin ən parlaq liderlərindən biri, uzaqgörən dövlət xadimi kimi fərqli mədəniyyətlər arasında toqquşmaların dünyamızı hansı fəlakətlərə apara biləcəyi də ona yaxşı əyandır. Bu gün Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında hörmət ruhunun örnəyini yaradır. Şərqlə Qərbin təmas məkanı, tolerantlıq ölkəsi kimi hər kəsin marağını cəlb edir. Azərbaycan Prezidenti xalqımızın tarixən malik olduğu tolerantlıq ruhunu, multikulturalizm  ənənələrini dövlət siyasətinin mühüm bir hissəsinə çevirməyə müvəffəq olub. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanan “Bakı Prosesi” dünyada sülhün əldə olunmasına, gərginliklərin mümkün qədər minimallaşdırılmasına, toplumlar arasında anlaşmaların yaranmasına, qlobal problemlərin həlli ilə bağlı faydalı təşəbbüslərin formalaşmasına ciddi töhfələr verir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilmişdir.

 

Azərbaycan adına bütün bu uğurların əldə olunmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mühüm xidmətləri var. Görkəmli sənət adamlarının - şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin təzahürüdür.

 

Azərbaycan dövləti bu gün ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrini ortaq mədəni dəyərlər ruhunda bir araya gətirir. Tarixi qələbəmizdən sonra Şuşada təntənəli şəkildə keçirilən “Xarı- bülbül” festivalı, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiya bunun təzahürü idi. Həmin festivalda Azərbaycan dövləti eyni bir dövlətdə, eyni bir bayraq altında, eyni arzularda qovuşmuş mədəniyyətlərin nə qədər möhtəşəm bir gözəllik yaratdığını, sülhə, davamlı inkişafa, rifaha, xoşbəxtliyə yol açdığını bütün dünyaya sərgilədi. Bu möhtəşəmliyin müəllifi Azərbaycan Respublikasının Prezidentidir. Bu misilsiz mənzərə cənab İlham Əliyevin əsəridir.

 

 

 

Həyata qaytarılan abidələr

 

 

 

Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra azad torpaqlarımızda yenidən həyat canlanır, quruculuq tədbirləri geniş vüsət alır. Bu prosesdə də mədəniyyət məsələlərinə  xüsusi önəm verilir. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Erməni vandallarının tarixi nişanələrimizi silmək üçün on illər ərzində dağıdıb tar-mar etdiyi abidələrimiz yenidən həyata qaytarılır.

 

 

Heydər Əliyev Fondu da tarixi bərpa işlərində dövlət tərəfindən reallaşdırılan layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Bu işlərə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər, o cümlədən Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan peşəkarlar cəlb olunub.

 

Ötən müddət ərzində artıq bir sıra mədəniyyət abidələrinin bərpası başa çatdırılıb. Bu ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəli Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb. Burada tarixi abidələr yerləşən hissələr zonalara ayrılıb. Şuşa şəhərindəki 150-dən çox tarixi abidənin hər biri xüsusi diqqətdədir.

 

Bununla Şuşanın həyatında yeni bir sabah açılır. Bu sabahın günəşindən Azərbaycanın gələcəyinə işıq düşür. Xalqımızın bu torpaqlarda əbədi həyatı, xoşbəxtliyi, bizimlə eyni ümumbəşəri dəyərləri paylaşan hər kəslə sülh və əmin-amanlıq içində yaşamaq, dünyaya fayda vermək əzmi görünür. 

 

 

 

Böyük şəxsiyyətlərimizə verilən dəyər

 

 

 

Bu gün Azərbaycan öz milli-mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərini dünyada təbliğ edir. Beynəlxalq ictimaiyyət xalq olaraq bizi tarix boyu bəşər mədəniyyətinə ciddi töhfələr vermiş mütəfəkkirlərimizin mənəvi irsi işığında tanıyıb dəyərləndirir. Nəsimi, Nizami və başqa böyük şəxsiyyətlərimizin yaradıcılığına diqqət yönəltməklə Azərbaycan bu dühaların yaradıcılıq dünyasından müasir bəşəriyyətin, çağdaş insanın problemlərinə həllər tapır. Azərbaycanda dövlət rəhbərimizin təşəbbüsü ilə “Nəsimi ili”, “Nizami ili”nin elan olunması belə böyük dühalarımızı cəmiyyətimizə də, gənc nəsillərimizə də fərqli yöndən tanıdır. Onların mənəvi irsi işığında gələcəyə doğru aydın yol göstərilir.

 

Yada salaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olundu. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Həmçinin Nəsiminin yubileyi Parisdə - UNESCO-nun mənzil-qərargahında da qeyd edildi.

 

Prezidentin 5 yanvar 2021-ci il tarixli Sərəncamı əsasında isə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il ölkəmizdə “Nizami ili” elan olundu. Bu, təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.

 

 

 

Missiya

 

 

 

Azərbaycan Prezidenti ölkəmizi uğurlu gələcəyə aparır, məqsədyönlü daxili və xarici siyasətinin uğurları sayəsində milli  maraqlarımızı qoruyur. Dünyada sülhün, insanların xoşbəxt həyatının təmin olunması, bəşəriyyəti narahat edən problemlərin həlli, ölkələr arasında faydalı əməkdaşlıqların qurulması məqsədilə irəli sürdüyü qlobal təşəbbüslər və onların özünü doğruldan tarixi nəticələri dövlət rəhbərimizin zəmanəmizin ən parlaq liderlərindən biri olduğunu göstərir, şəxsiyyətinə dərin rəğbət formalaşdırır.

 

Vətəndaşlarımızın rifahına xidmət edən sosial siyasət, müasir çağırışlara uyğun davamlı islahatlar, dayanıqlı inkişafa zəmin yaradan zəruri əsaslar, cəmiyyətimizdə milli vəhdətin, hərtərəfli tərəqqi mühitinin təmin olunması Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı mühüm nailiyyətlərdir.

 

Tarixi Zəfərimizdən sonra yaranmış yeni tarixi reallıqda cənab İlham Əliyev regionun sülh, dayanıqlı inkişaf məkanı olmasını hədəfləyən strateji kursla Cənubi Qafqaz regionunun gələcəyinin memarı missiyasını həyata keçirməkdədir.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2021.- 26 dekabr.- S.9.