Azərbaycan gəncliyi üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir

 

 

Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı ildən-ilə daha da yüksəlmiş, onların cəmiyyət həyatında daha fəal iştirakına, məşğulluğuna, istedad və bacarıqlarının üzə çıxarılmasına böyük töhfələr verilmişdir. Bu barədə danışan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.

Adil Əliyevin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” vəsiyyətini gənclərimiz uğurla yerinə yetirirlər. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.

Ulu Öndərin 1993-cü ildə xalqın istək və tələbi ilə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. Bu sahədə aparılan işlərin səmərəliyinin artırılması məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətinin istiqamətləri müəyyənləşdirilərək həyata keçirilməyə başlandı.

1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirildiyini deyən Adil Əliyev bildirdi ki, forumların əsas xəttini gənclərin qayğıları, onları narahat edən məsələlərin həlli təşkil edirdi: “Bu gün Azərbaycan Gənclərinin I Forumunun təşkil edilməsindən 25 il keçir. 1996-cı ilin 2 fevral tarixində baş tutmuş ilk forum həm də Azərbaycan gəncliyinin ilk dəfə bir araya gəlməsi idi. Azərbaycan gəncliyinin həmin gün məqsəd və vəzifələri müəyyənləşdi. Gənclərimizin bilikli və vətənpərvər formalaşdırılmasının əsasları həmin forumdan sonra daha geniş vüsət aldı. Forumun keçirildiyi gündən bir il sonra Ulu Öndərin 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi gün - fevralın 2-si Azərbaycan Gəncləri günü elan edildi.

Adil Əliyev qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla aparılan gənclər siyasəti, gənclərlə bağlı təsdiq olunan dövlət proqramları, yaradılan Gənclər Fondu bu sahədə görülən işlərin daha da intensivləşdirilməsinə,  gənclərimizin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına yol açmışdır. O cümlədən mütəmadi olaraq gənclərə təqaüdlər verilməsi onların fəaliyyətini daha da stimullaşdırır.

Göstərilmiş diqqətin nəticəsi olaraq gənclər layiqli vətəndaş kimi yetişir, Azərbaycanın adını hər yerdə ucaldırlar. “Fənn olimpiadalarında qazanılan medallara baxsaq, gənclərimizin uğurlarının ildən-ilə çoxaldığını görərik. Onlar beynəlxalq elm yarışlarında çox böyük uğurla çıxış edirqalib olurlar. Nəticə etibarilə dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu universitetlər həmin gənclərimizi öz sıralarında görməyə çalışırlar. Eyni zamanda gənclərimiz idmana da çox üstünlük verirlər. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara evsahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.

Beləliklə, elmi olimpiadaların qalibi olmaqla yanaşı, gənclərimiz üçrəngli şanlı bayrağımızı müxtəlif idman yarışlarında da ucaldır, himnimizi səsləndirirlər. Bu da onu göstərir ki, Azərbaycan gənci öz məsuliyyətini tam başa düşür, öz ixtisaslaşmasını çox böyük uğurla aparır. İstər elm, istərsə də idman və yaradıcılıq müstəvisində gənclər vətəndaşlıq məsuliyyətini layiqincə yerinə yetirirər”, - deyə Adil Əliyev bildirdi.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların milli-mənəvi dəyərlərimizə ehtiram ruhunda yetişdirilməsi dövlət siyasətinin əsas məqsədlərini təşkil edir. Bu mənada gənclərimizin bilikli olmaları, zərərli vərdişlərdən uzaq durmaları ilə yanaşı, onların əsl azərbaycançılıq məfkurəsində yetişmələri də olduqca mühümdür. Bu barədə danışan Adil Əliyev dedi ki, 44 gün davam edən Vətən müharibəsi zamanı dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun və Azərbaycan gəncinin qüdrətini gördü. Məhz gəncliyimizin vətənpərvər ruhda yetişməsinin nəticəsidir ki, şanlı Ordumuza daxil olan minlərlə gəncimiz döyüş meydanında misli görünməmiş şücaət göstərdi. Ləyaqətli Azərbaycan gəncliyi öz üzərinə düşən uca missiyanın yerinə yetirilməsinə səfərbər olaraq, könüllü şəkildə hərbi əməliyyatlara qatıldı. Gənclərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdilər.  Çünki onların ruhu vətənpərvərliklə yoğrulmuşdur. Gənclərimizə aşılanan yurd, vətən sevgisi onların müharibəni qələbə ilə başa vurmalarında mühüm rol oynadı.

Habelə gənclərimiz yalnız döyüş meydanında deyil, düşmənə qarşı mübarizəni sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə də aktiv şəkildə həyata keçirdilər. Adil Əliyevin sözlərinə görə, gənclərimiz Azərbaycanın haqlı mübarizəsini və ədalətli müharibəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdılar: “Gənclərimiz Ermənistanın haqsız mövqeyini müdafiə edən, yalan, həqiqətə uyğun olmayan xəbərlərin qarşısının alınmasında böyük əmək sərf etdilər. Onların sosial şəbəkələrdə başlatdıqları kampaniyalar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milyonlarla insanın baş verən hadisələrin səbəbkarının məhz işğalçı Ermənistanın olması barədə məlumatlandırılmasında mühüm rol oynadı. Ermənistanın Bərdə, Gəncə, Mingəçevir və digər şəhər və rayonlarımıza təcavüzü, qadağan olunmuş silahlardan kütləvi şəkildə istifadə etməsi barədə məlumatlar beynəlxalq auditoriyaya çatdırıldı. O cümlədən xaricdə yaşayan və ürəyi ölkəmizlə döyünən azərbaycanlı gənclər də bu sahədə fəallıq göstərdilər”.

Gənclərimizin bu fəallığı Ermənistanın təcavüzkar siyasəti barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında, faşist simasının ifşa edilməsində və Azərbaycanın informasiya müharibəsində də qalib gəlməsində böyük rol oynadı. Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi məsuliyyətini tam başa düşür və vəzifələrinin öhdəsindən layiqincə gəlir. Azərbaycan gəncləri, gənclər gününüz mübarək!” - deyə Adil Əliyev bildirdi.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 2 fevral.- S.6.