Tərtərdə müharibə zamanı evlərə dəymiş ziyan aradan qaldırılır

 

44 günlük savaşda Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atılmışdır

 

 İkinci Qarabağ müharibəsi milli dövlətçilik və hərb tariximizin şanlı və qürurverici səhifəsinə çevrilmişdir. Bu müqəddəs savaşda qazanılan parlaq qələbə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz sərkərdə qüdrətinin, doğma vətənini canından artıq sevən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində gerçəkləşmişdir. Xalq və ordunun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilib məkrli düşməni darmadağın etmişdir.

İndi qarşıda duran vəzifə müharibənin vurduğu yaraları qısa zamanda sağaltmağa nail olmaqdır. Çünki müharibə kəndlərimizi, şəhərlərimizi dağıdıb viran qoymuşdur. Müharibədə həmçinin nə qədər vətən sevdalı oğullarımız şəhid olmuş, nə qədər igidimiz sağlamlığını itirib qaziyə çevrilmişdir. Məmnunluq doğurur ki, dövlət başçısı İlham Əliyevin böyük qayğısı sayəsində şəhid ailələri və Qarabağ qaziləri dövlətin və millətin ali ehtiram ünvanına çevrilmişdir. Bu gün Prezident İlham Əliyevin müəyyən etdiyi tələb belədir - şəhid ailələri, Qarabağ qaziləri bütün zəruri qayğı və diqqətlə əhatə olunmalı, onlar rahat evlərdə yaşamalı, sosial sıxıntı hiss etməməli, hər yerdə qayğı ilə qarşılanmalıdırlar. Əlbəttə, bu, çox doğru yanaşmadır. Axı onlar bu isti və doğma münasibəti qanları və canları bahasına haqq ediblər.

Müharibədən sonrakı dövrün bir ana xətti də tikinti, quruculuq və bərpa işləridir. Azərbaycan əsgəri ilə üz-üzə döyüşməyə cəsarət etməyən mənfur düşmən cəbhə xəttinə yaxın ərazilərdə kəndləri, şəhərləri də hədəf seçmiş, yaşayış məntəqələlərini raket və artilleriya atəşinə tutmuşdur. 44 gün davam edən müharibə zamanı elə gün olmurdu ki, Tərtər rayonunun ərazisinə mərmi düşməsin. Təsəvvür edin: ay yarım ərzində rayon mərkəzinə və kəndlərə 21 raket, 16 min 277 artilleriya mərmisi atılmışdır. Elə ev, elə həyət olub ki, ora bir neçə mərmi düşüb. Nəticədə 17 mülki vətəndaş şəhid olmuş, 63 nəfər yaralanmışdır.

Hazırda digər bölgələrdə olduğu kimi, Tərtərdə də müharibədən zərər görən evlərin tikintisinə, təmirinə və bərpasına başlanılmışdır. Müharibənin vurduğu zərərin miqyası isə çox böyükdür - 3548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana. Təəssüflə qeyd edək ki, bu statistika hələ son deyil.

Dövlət başçısının müvafiq sərəncamı ilə yaradılmış dövlət komissiyasının mütəxəssislərindən ibarət işçi qruplarının iştirakı ilə ümumilikdə cəbhə bölgəsinə yaxın 11 rayon ərazisində zərər çəkmiş obyektlərə baxış keçirilir, qiymətləndirmə və təmir-tikinti işlərinin ilkin planlaşması aparılır. Tərtərdəki işçi qrupunun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Vasif Quliyevlə Şıxarx ərazisində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məhəlləsində görüşdük. Artıq ərazidə dağılmış evlərin təmirinə başlanıb. Buradakı çoxmərtəbəli binalara çox sayda mərmi atılıb, 900-dən çox mənzilə ziyan dəyib. Vasif Quliyev:

- Təmir-tikinti işlərinə yeni başlamışıq. 10-dan çox ünvanda iş gedir. Hər gün işin miqyasını və sürətini artırmağa çalışırıq. Hazırda təmir-tikinti işlərinə cəlb edilənlərin sayı 100 nəfərdir. Onların əksəriyyəti Tərtər sakinləridir. Ən yaxın zamanda onların sayını 400 nəfərə çatdıracağıq. Üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik. Bütün səy və bacarığımızı səfərbər edərək çalışırıq ki, müharəbinin vurduğu yaraları ən qısa zamanda sağaldaq, evləri dağıdılan ailələri əvvəlkindən də yüksək səviyyədə rahatlığa qovuşduraq.

Yeni yaşayış məhəlləsindəki 25 nömrəli binanın 3-cü mənzilində də təmir işləri aparılır. Evin sahibi Qüdrət Xudiyev:

- Mən kəlbəcərliyəm. Fikir verdinizmi daha məcburi köçkün demədim. Bizi bu xəcalətdən qurtaran müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan əsgərinə minnətdarıq. Sağ olsunlar ki, 30 ilin həsrətinə son qoyub bizə qələbə sevinci bəxş etdilər. Bu gün isə dağılmış evimiz təmir olunur. Bunun üçün dövlətimizə minnətdarıq.

Tərtər şəhərinin Ş.Xətai küçəsində Razi Xəlilovun mərminin dağıtdığı evinin əvəzinə 2 otaqlı yeni evin tikintisinə başlanıb. Elman Səfərov küçəsində Sahib İsmayılovun ailəsi üçün isə 4 otaqlı evin bünövrəsi tökülmüşdür. Ailə top mərmisinin dağıdıb yararsız vəziyyətə saldığı evi müharibənin acı xatirəsi kimi saxlamaq fikrindədir.

Bu gün Tərtərdə xoş ovqat yaşanır. Hər zaman öz vətəndaşına sahib çıxan dövlətin qayğı payı Tərtərdə ehtiyac duyulan hər evə, hər ailəyə ünvanlanıb. Belə bir ölkənin vətəndaşı olmaq həqiqətən adamda qürur doğurur.

 

 Lazım QULİYEV

Azərbaycan.-2021.- 3 fevral.- S.4.