Ermənistan problemlər məngənəsində boğulur

 

 

Müharibədəki məğlubiyyət və pandemiya Ermənistanı sosial-iqtisadi baxımdan da uçuruma yuvarlayıb. Dərin böhran hər gün yeni problemlərə yol açmaqdadır. Hökumətin vaxtilə verdiyi vədlər isə söz olaraq qalır, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün kiçicik belə təşəbbüs göstərilmir. Çünki hökumətin heç bir proqramı yoxdur.

Ötən ilin sonunda Ermənistanın dövlət borcu 2019-cu illə müqayisədə 647,2 milyon ABŞ dollar artaraq 7,968 milyard dollara çatıb. Qeyd edilir ki, ölkənin dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına yalnız koronavirus pandemiyası yox, həm də İkinci Qarabağ müharibəsi səbəb olub. Bu məbləğin 7,508 milyard dollarının hökumətin borcu olduğu bildirilir.

Ermənistanın maliyyə naziri Atom Cancuqazyan deyib ki, dövlət borcu 2021-ci ildə də artacaqdır. Bu isə iqtisadiyyat üçün kritik risklər deməkdir. İqtisadçı Suren Parsyan isə qeyd edib ki, Paşinyan baş nazir vəzifəsinə gəldikdən sonra dövlət borcu 1,2 milyard dollar artıb. Serj Sarkisyan hakimiyyəti dövründə isə dövlət borcu 5 milyard dollar artmışdı. O əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı silahlanmaya ayrılan kreditlərin həcmi barədə rəsmi məlumat gizlədilir. Bu rəqəm açıqlansa, o zaman Paşinyanın dövründə Ermənistanın xarici borcunun daha böyük olduğu ortaya çıxar.

Belə vəziyyət sosial sahədə də problemləri xeyli artırıb. Bu günlərdə Ermənistanın müdafiə nazirliyinin binası yaxınlığında aksiya keçirən bir qrup keçmiş hərbçi dörd aydır ki, dövlət ödənişlərini ala bilmədiklərini bildirərək pullarını tələb ediblər. Ermənistan mediası yazır ki, bu durum iqtidarın yarıtmaz siyasətinin, sosial sahədə fəaliyyətin fiaskoya uğramasının konkret göstəricisidir. Hakimiyyət xalqı yox, öz maraqlarını düşündüyü üçün Ermənistanda sosial sferada da acınacaqlı vəziyyət yaşanır.

Bu arada Paşinyan hökumətinə qarşı radikal çağırışlar da artmaqdadır. İstefaya getmək istəməyən Paşinyana qarşı terror çağırışları az qala adiləşib. Baş nazir isə özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa üstünlük verir. Əsasən kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır, həbs edilir.

Maraqlı məqam ondan ibarətdir ki, həbs olunanların müdafiəsinə ilk qalxanSasna Tsrerterrorçu partiyasının rəhbərliyi olub. Partiya bəyan edib ki, əgər tezliklə tutulanlar buraxılmasa, Nikol Paşinyan hökuməti üçün vəziyyət daha acınacaqlı xarakter alacaq. Xatırladaq ki, 2016-cı ildə “Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və post-patrul xidmətinin binasına hücum edərək 6 nəfəri girov götürmüşdü. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra  Sasna Tsrerterror təşkilatının “xaç atası”, o cümlədən qruplaşmanın mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edilmişdi. Səfilyanla yanaşı, təşkilatın digər üzvləri Gevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Ovhannes Petrosyan azadlığa buraxılmışdı. Terror qruplaşması daha sonra partiyaya çevrilərək parlament seçkilərinə də qatılmışdı. Amma indi həmin qruplaşma baş naziri terrorla təhdid edir. Bir sözlə, Paşinyan arzuolunmaz vəziyyətə düşüb: nə ölkənin problemlərini həll edə bilir, nə də normal idarəçilik həyata keçirir. Onun və başçılıq etdiyi hökumətin taleyi böyük sual altındadır.

44 günlük müharibə Ermənistan ordusunun kifayət qədər aciz olduğunu əyani surətdə nümayiş etdirdi. Məğlubiyyətdən sonra erməni ictimaiyyətinə agah oldu ki, ölkə rəhbərliyi düzgün məlumatlar verməyib və xalqı aldatmaqla məşğul olub. Bunu etiraf edən ermənilərin sayı hər gün artmaqdadır. “Çiçəklənən Ermənistan” fraksiyasından olan Ermənistan parlamentinin üzvü Naira Zohrabyan deyib ki, 14 oktyabr tarixində müharibəni dayandırmaq üçün imkan var idi. Həmin tarixə kimi itkilərin sayı rəsmi məlumatlara görə 800-ü keçmirdi: “Oktyabrın 14-də ikinci mərhələdə Qarabağın statusu məsələsini həll etmək imkanı da olmuşdu. Nikol Paşinyan bu təklifi pis Lavrov planı hesab edərək rədd etdi. İndi Qarabağı itirdik, minlərlə həlak olan, minlərlə itkin düşən, minlərlə əlil var. Qarabağın statusu məsələsi isə Əliyevin dediyi kimi, “gorbagoroldu. Bax belə”.

Müharibədən sonra Ermənistanda demoqrafiya problemi də artaraq daha gərgin mərhələyə qədəm qoymuşdur. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, imkan düşdükcə xaricə köçənlər artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Erməni mətbuatının verdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 milyon nəfər azalacaq.

Qeyd edək ki, fevralın 1-dən etibarən Rusiya Ermənistan vətəndaşları üçün hava sərhədini bir aylıq açdığını elan edib. Ermənistan  parlamentinin üzvü Naira Zöhrabyan bildirib ki, erməni ailəsinin ölkədən çıxıb getmək üçün bilet aldığına görə necə sevindiyini görmək lazım idi: “Moskvaya bir tərəfə bilet 700 dollara satılırdı. Əgər az sonra Moskvaya bilet hərracda satılarsa, təəccüblənməyin. Gündəlik çörək problemini həll etmək üçün Ermənistanı tərk edən ermənini günahlandırmağa mənim haqqım yoxdur”.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəmiyyətində pessimizm baş alıb gedir. İqtidar  problemlərin həllində çıxılmaz vəziyyətə düşüb, müxalifət isə aksiyalarını davam etdirir. Bu vəziyyət bütövlükdə ölkədə idarəçiliyi iflic vəziyyətinə salıb.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 3 fevral.- S.7.