Gəncə Dövlət Universitetində Nizami Gəncəvi ili çərçivəsində videokonfrans olmuşdur

 

 

Gəncə Dövlət Universitetində (GDU) Microsoft Teams proqramı vasitəsilə Nizami Gəncəvi ili adlı onlayn şəkildə videokonfrans keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatı, universitetin elminnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə məruzə ilə çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan edilməsi GDU-nun professor-müəllim heyəti tərəfindən də razılıqla qarşılanmışdır. Məruzəçi Prezident İlham Əliyevin bu sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Tədbirdə vurğulanmışdır ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərin özü qədər inandığı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin Nizami Gəncəvi ili, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlər Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

Prezident İlham Əliyevə görə, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyubbu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi qoruya bilək.

Bildirilmişdir ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə də Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Sonra Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış edərək Nizami Gəncəvinin ətraf mühit haqqında olan fikirlərindən danışmışdır. Bildirmişdir ki, əsasən XII əsrdə yaşayıb-yaratmış şair nəinki özündən sonrakı sələfləri üçün zəngin ədəbi irs, həmçinin elmin müxtəlif sahələrini əhatə edən külli miqdarda tədqiqat materialı qoyub getmişdir. İlk baxışda adama elə gəlir ki, ekologiyaekoloji problem anlayışı son dövrün məhsuludur və orta əsərlərdə, xüsusən Nizami Gəncəvinin yaşadığı illərdə mövcud ola bilməzdi. Doğrudan da hələ kimya elminin kifayət qədər inkişaf etmədiyi, texnikanın mövcud olmadığı bir zamanda - ətraf mühiti çirkləndirən mənbələr yox ikən, hansı ekoloji problemlərdən danışmağa dəyərdi? Lakin maraqlıdır ki, bu gün bəşəriyyətin üzləşdiyi ekoloji təhlükəsizlik probleminə Nizaminin əsərlərində geniş toxunulur, onun həlli yolları araşdırılır. Qəzəl və qəsidələrindən tutmuş, Xəmsəyədək bütün əsərlərində ətraf mühit problemləri ilə qarşılaşmaq mümkündür.

Tədbirdə çıxış edən Ekologiya kafedrasının müdiri Sevda Əhmədova da vurğulamışdır ki, dünya poeziyasının dahisi Nizami Gəncəvinin əsərlərində insanın ekoloji tərbiyəsi əhəmiyyətli yerdə dayanır. Nizami Gəncəvi şair olmaqla yanaşı, onun əsərlərindən müəyyən etmək olur ki, o bir mütəxəssis olaraq da təbiət elmlərini mükəmməl bilən və onun təbliği ilə məşğul olan bir alim olmuşdur.

Universitetin professorları Xəlil Yusifli, Mübariz YusifovYadigar Əliyev öz çıxışlarında qeyd etmişlər ki, Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Nizamişünas alimlər Nizaminin əsərlərindən nümunələr gətirərək tədbiri daha da maraqlı etmişlər.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 4 fevral.- S.5.