Milli Prioritetlər iqtisadiyyatın dayanıqlı inkişafına və əhalinin sosial rifahının daha da yaxşılaşmasına yönələn strateji sənəddir

 

 

Prezident İlham Əliyevin bu il fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı ölkə qarşısında duran mühüm məsələlərin səmərəli həlli istiqamətində növbəti addımdır.

Prioritetlər növbəti 10 il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafında vacib olan istiqamətləri özündə əks etdirir.

Öncə qeyd edək ki, bu prioritetlərin müəyyən edilməsi günün tələbidir. Çünki dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbdən, sənəddə qeyd edildiyi kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bunun sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Məqsədyönlü islahatlar sayəsində ölkəmizdə son 17 ildə iqtisadiyyatın həcminin 3 dəfədən çox artması, güclü sosial-iqtisadi infrastrukturun yaradılması da sıradan faktlar deyil. Məhz bunların sayəsində Azərbaycan mövcud maliyyə imkanlarını tarixi maksimuma çatdırmış və yuxarı orta gəlirli dövlətlər qrupunda yerini möhkəmləndirmişdir.

Prezidentin sözügedən sərəncamında qeyd edilir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.

Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyini möhkəmlətməsinə zəmin yaratmışdır.

Milli Prioritetlərin əsas məqsədi də məhz dövlətin qüdrətli olması və yüksək rifah cəmiyyətinin formalaşmasıdır. Bunun üçün güclü iqtisadiyyatın olması şərtdir. İndiyədək həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar buna real bünövrə yaratmışdır. Dövlət əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf modelini seçmişdir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, aparılan islahatların məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bunu artıq neçə ildir dövlət büdcəsində gəlirlərin xərclənməsindəki dinamikadan aydın görmək olur.

 Milli Prioritetlərin reallaşdırılması da əslində bu məqsədə xidmət edir. Bunun üçün qarşıdakı onillikdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, inklüzivsosial ədalətə əsaslanan cəmiyyət, məqsədli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” kimi məsələlər hədəf götürülmüşdür.

Sənəddə dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyətin bütün üzvlərinin sosial rifahı nəzərə alınır. Qarşıya qoyulan hədəfə çatmaq üçün əməkhaqlarının artırılaraq layiqli səviyyəyə çatdırılması, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, gəlirlərin ədalətli bölünməsinin təmin olunması, eləcə də əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının artırılması prioritet kimi göstərilib. Bununla yanaşı, sənəddə qeyd edilir ki, məqsəd ölkədə əhalinin pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərinin minimum məbləğinin layiqli səviyyəyə çatdırılmasına nail olmaqdır. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi də milli prioritetlər sırasına daxil olan məsələlərdəndir.

Məlumdur ki, müasir dünyada dövlətlərin siyasi çəkisi, beynəlxalq məsələlərdə söz sahibi olması onun iqtisadi inkişafı ilə ölçülür. İqtisadi müstəqilliyi olmayan ölkələrin siyasi müstəqilliyi təhdid altında olur. Bir dövlət digər dövlətə siyasi təsir göstərmək üçün, ilk növbədə, iqtisadi rıçaqlardan istifadə edir. Belə vəziyyət müasir dünya düzənində oturuşmuş hala gəlib. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu üzdən milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir.

Milli iqtisadiyyatımızın inkişafı dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyatdan keçir. Bu cür iqtisadiyyat həmçinin vətəndaşların sosial rifahına təsir göstərən başlıca faktordur. İqtisadiyyatı davamlı və yüksək templə artırmaqla adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxmasına nail olmaq mümkündür. Bunun üçün isə ölkədə bazar iqtisadiyyatı ilə bərabər, sahibkarlıq da inkişaf etməlidir. Dövlət bugünədək də sahibkarlığın inkişafına böyük dəstək verib. İndiqeyri-neft sektorunun inkişafında sahibkarlığın rolunun artmasına əlavə dəstək göstərməyi qarşıya məqsəd qoyub. Özəl sektorun, xüsusilə kiçikorta sahibkarlığın iqtisadi artımın və məşğulluğun təminatında mühüm rol oynaması danılmazdır. Bunun üçün biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır.

Azərbaycan xarici sərmayə qoyuluşunda da MDB məkanında lider dövlətdir. Buna səbəb ölkəmizdə xarici investisiyanın qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. Mövcud münbit investisiya mühiti və dövlətin bu məsələyə xüsusi qayğı göstərməsi ölkəyə xarici kapitalın axmasını təmin edən başlıca amildir. Milli Prioritetlərdə bu məsələyə də xüsusi önəm verilir. Sənəddə qeyd edilir ki, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahəsinə investisiyaların cəlb olunması təmin edilməlidir.

Azərbaycan iqtisadiyyatında neft-qaz istehsalı və ixracının birinci yerdə qərarlaşdığı danılmazdır. Bununla yanaşı, dövlətin əsas məqsədlərindən biri iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılmasıdır. Bu istiqamətdə son dövrlər bir sıra mühüm islahatlar həyata keçirilir. Nəticədə özəl sektor sürətlə inkişaf edir. Qeyri-neft sənayesi məhsullarının istehsalının 80 faizindən çoxu da bu sahəyə məxsusdur.

Sonda onu qeyd edək ki, Milli Prioritetlərin istiqamətinin müəyyənləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına yeni dinamika verəcək. Həmin sənəddə nəzərdə tutulanların icrası iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 6 fevral.- S.1;4.