Ən qayğıkeş Prezident

 

Qarabağ şəhid ailələrinə və əlillərə xüsusi qayğı və diqqətinizi xalq yüksək qiymətləndirir. Çoxları, xüsusən də gənclər bilmirlər ki, Prezident İlham Əliyev bu müqəddəs işə illərlə öncə, Qaradağ rayonundan millət vəkili olandan başlayıb.

Yaratdığı “Qaradağın inkişaf fondunun maddi dəstəyi ilə Lökbatan qəsəbəsində Qarabağ şəhid ailələri və əlilləri üçün beşmərtəbəli, beşbloklu bina tikdirilmişdi. Mənzillərə telefon çəkilmiş, mebellə təmin olunmuşdu.

30 iyun 1999-cu il tarixdə Ulu Öndərin iştirak və çıxış etdiyi açılış mərasimində ziyalılar adından mən də çıxış etdim. Bu bina ölkəmizdə Qarabağ şəhid ailələri və əlilləri üçün tikilən ilk bina idi. Az sonra cənab İlham Əliyevin təşəbbüsü ilə 2-ci bina da tikildi.

İndi bütün şəhid ailələri və əlillərin evlə təmin olunması haqqında möhtərəm Prezidentimizin göstərişini eşidəndə, gözlərim önünə keçən əsrin 90-cı illərində, ağır vaxtlarda Qarabağ şəhid ailələri və əlillərinə göstərdiyi qayğı və diqqət gəlir.

Ali Baş Komandanımızın gördüyü, beynəlxalq aləmdə bizə başucalığı gətirən fərəhli işlərindən biriSloveniyada xalqımızın igid oğlu, SloveniyaSovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadəyə xatirə muzeyi yaratmağı, muzeyin həyətində qəhrəmanımıza möhtəşəm heykəl ucaltdırmağı, ümumi məzarlıqda Mehdi Hüseynzadə başda olmaqla, o bölgədə alman faşistlərinə qarşı mübarizədə həlak olan döyüşçülərə abidə qoydurmağı, qranit üzərində adlarını, soyadlarını, anadan olduğu və əbədiyyətə qovuşduğu tarixi həkk etdirməyi, adlarını əbədiləşdirməyi olub.

Mən Sloveniyada sanatoriyada müalicə olunanda iki dəfə Mehdi Hüseynzadə xatirə muzeyini və abidəni ziyarət etmişəm. 2011-ci ildə xatirə muzeyinin açılışında Prezidentin iştirakına və vətənpərvərliyinə heyran olmuşam, qürur duymuşam. Mən bu hissi olimpiya oyunlarında dövlət başçımızın idmançılarımızı qələbə və vətənpərvərliyə ruhlandıranda da, qələbə münasibətilə onları doğma balası kimi bağrına basanda da, Vətən müharibəsində qələbə sevincini xalqımıza çatdıranda da, Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini dilə gətirəndə də, 30 ildən artıq blokada şəraitində olan Naxçıvana Ermənistan ərazisindən avtomobil və dəmir yolu çəkiləcəyini bəyan edəndə də, Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam Cümə məscidinə bağışlayanda da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla paytaxtımızda Zəfər paradı keçirəndə də, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Şuşaya gedəndə də, fəxrlə Cıdır düzündə “Əziz Şuşa, sən azadsan!” və “Qarabağ Azərbaycandır!” deyəndə də yaşamışam.

Nə gizlədim, dəfələrlə sevinc göz yaşlarımı saxlaya bilməmişəm. Qarabağı azad gördüyümə görə Yaradana və istəkli Ali Baş Komandanımıza dua oxuyuram. Ədəbiyyat adamı olsam da, Prezidentimizdə olan vətənsevərliyi ifadə etməkdə çətinlik çəkirəm.

Liderimiz ümumxalq məhəbbəti qazanıb, ürəklərdə məskən salıb. Tariximizin qızıl hərflərlə yazılan ən parlaq səhifələrindən biri onun adı ilə bağlıdır.

Arzu edərdim, işğaldan azad edilmiş rayonların hər birində o rayon ərazisində döyüşlərdə şəhid olmuş Vətən oğullarına Sloveniyadakı kimi abidə qoyulsun. Abidənin üzərində şəhid olmuş igidlərimizin adı, soyadı, anadan olduğu və şəhid olduğu il yazılsın. Bu, bir tərəfdən şəhid ailələri üçün təsəlli olardı, digər tərəfdən gələcəkdə bu yerləri ziyarət edən diplomatik korpusun nümayəndələrinin, əcnəbi turistlərin, istirahətə gələnlərin, bizi əvəz edəcək nəsillərin doğma Qarabağı, mədəniyyət paytaxtı elan edilən Şuşanı nəyin bahasına azad etdiyimiz haqqında tam təsəvvürləri yaranardı.

 

 

 

Qəzənfər PAŞAYEV,

Əməkdar elm xadimi,

Professor

Azərbaycan.-2021.- 6 fevral.- S.3.