Şuşa dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcək

 

 

 

Azərbaycan dövləti ötən il cəmi 44 gün ərzində erməni faşizmini məhv edərək, nəinki Qarabağa, həm də Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verən Zəfər Qələbəsi ilə dünyanın diqqətini özünə cəlb etdi. Bu ərəfədə hökumət yalnız təcavüzkar Ermənistanın məğlubiyyəti üçün deyil, eyni zamanda COVID-19 - koronavirus pandemiyasının qarşısının alınması sahəsində də ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirdi. Sevindirici haldır ki, hər iki cəbhədə Azərbaycanın dövlət başçısının yürütdüyü siyasət uğurlu nəticələri ilə yaddaşlarda qalacaq.

Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bu və digər məsələlər barədə geniş söz açdı. İlk növbədə qeyd edildi ki, son illər ölkədə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanalarda ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmət göstəriləcək. O cümlədən 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisinin çalışacağı Abşeron Rayon Mərkəzi Xəstəxanasının müasir üslubda inşası, müasir tibbi avadanlıqlarla təchizatı bir daha onu göstərir ki, dövlət və hökumət bu sahədəki fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Son 17 il ərzində 750-dən çox xəstəxananın yenidən tikilməsi, ya da əsaslı şəkildə təmir edilməsi ölkədə səhiyyə sisteminin günün tələbləri səviyyəsində fəaliyyətdə olması deməkdir.

2004-cü ildə Prezident vəzifəsinə seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, qara qızılı insan kapitalına çevirməliyik. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək başlıca vəzifə kimi qarşıya qoyuldu.

Bu gün artıq həmin vəzifənin bütövlükdə həyata keçirildiyinin şahidiyik: bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərməyə başladı. Əlbəttə, buna nail olunmasaydı, sonralar hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi.

Azərbaycan o ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda ölkədə mərhələli yolla icbari tibbi sığorta sisteminə keçirilib.

Adıçəkilən xəstəxananın açılışının pandemiya dövrünə düşməsi isə təsadüfi deyildir. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail oldu. COVID-19-a qədər ölkəmizdə cəmi 8 laboratoriya var idisə, həm də gündə cəmi min test keçirilə bilərdisə, bu gün vəziyyət tamamilə başqa cürdür. Yəni laboratoriyaların sayı 42-yə çatıb ki, bunun da hesabına gün ərzində 20 min test keçirmək mümkündür. Məhz bu laboratoriyaların hesabına indiyədək 2 milyon 400 min test keçirilib.

Bunlarla yanaşı, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi də vəziyyətin ciddiliyindən xəbər verirdi. Belə qabaqlayıcı tədbirlərin sırasına daxil olanlardan biri də, əlbəttə, modul tipli xəstəxanaların tikintisi idi ki, respublikamız burada da liderliyi əldən vermədi. 13 xəstəxananın Azərbaycana gətirilib vaxtında quraşdırılması imkan yaratdı ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun.

 Azərbaycan Prezidenti onu da vurğuladı ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Bütün bunlar məmnunluq yaradan faktlardır. Beynəlxalq təşkilatlar bu sahədə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Dövlət başçısının fikrincə, əsas vəzifə xalqımızı, vətəndaşlarımızı qorumaqdır. Artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə ölkəmizi nümunə kimi təqdim etmişdir. Maraqlıdır ki, Azərbaycan dövlətinin öz xalqının sağlamlığının təmin olunması istiqamətində yürütdüyü tibbi-sosial siyasət dünyanın aparıcı rəy sorğusu şirkətlərinin də diqqətindən kənarda qalmayıb. Məşhur beynəlxalq “Gallup” rəy-sorğu şirkətinin Azərbaycanda apardığı təhlil-rəyə əsasən,vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bu göstəriciyə görə, Azərbaycan dünyada dördüncü yerdədir. Beləliklə, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi Prezident İlham Əliyevin pandemiya ilə mübarizədəki fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi bu dövr ərzində 30-dan çox dövlətə maliyyə və humanitar yardım göstərib. Bununla yanaşı, ölkəmiz tərəfindən beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib ki, onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan, xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilib.

Azərbaycan beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı kimi tanınıb. Son dövrdə həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilibçox müsbət nəticələri olub. BMT Baş Assambleyasının xüsusi sessiyasında dövlət başçısı Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırıb. Həmin çağırışda bildirilirdi ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta o da vurğulanırdı ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Azərbaycan Prezidenti eyni zamanda peyvənd istehsal edib satışa çıxaran şirkətlərə də çağırışlar etmişdi ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar.

Dünya üzrə vaksinasiya prosesinə toxunan dövlət başçısı bununla bağlı fikirlərini açıqlayarkən bildirdi ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır: “Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulub, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”.

Azərbaycan Prezidenti müsahibədə, Zəfərlə başa vurulan 44 günlük Vətən müharibəsinə də toxundu. Dövlət başçısı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə olub, o yerlərdə erməni faşizminin törətdiklərini əyani şəkildə görüb : “Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda, sadəcə olaraq, bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli, hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.

Azərbaycan Prezidentinin daim öz xalqı ilə birlikdə olmasını, dövlətimizin hərtərəfli inkişafını gerçəkləşdirməsini təsdiqləyən faktlar kifayət qədərdir. Dövlət başçısı seçilən gündən “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağa çalışacam” vədi çox çəkmədi ki, özünün təsdiqini tapdı. Yaddan çıxarmaq olmaz ki, ötənilki 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının səbəbləri sırasında xalq-hakimiyyət-ordu birliyinin yaratdığı həmrəylik də vardı. Bu dəfə də Azərbaycan Prezidenti məsələyə həmin aspektdən yanaşaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu önə çəkdi. Daim xalqla təmasda olarkən onun problemlərinin həllində məmur özbaşınalıqlarına toxunan dövlət başçısı dinc quruculuq dövründə də bu məsələnin diqqət mərkəzində saxlanılacağını açıq şəkildə bəyan etdi: “Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilirbu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar”.

Daha sonra Prezident müəyyən qurumların rəhbərlərinə iradlarını bildirdi, sərt xəbərdarlıqlar etdi: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun... Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsinmüasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 7 fevral.- S.1;5.