Qarabağın iki beynəlxalq hava limanı Azərbaycanın nəqliyyat infrastrukturunu daha da zənginləşdirəcək

 

Onların biri Füzulidə inşa edilir, digərinin yeri aprel ayında müəyyən olunacaq

 

 

Füzuli Beynəlxalq Hava Limanının tikintisi işğaldan azad edilmiş ərazilərdə, ilk növbədə, start götürmüş layihələrdən biridir.

Aeroportun inşasının baş podratçısı olanAzVirt” şirkətinin məlumatına görə, hazırda ərazidə minalardan təmizlənmə işləri gedir. Bu işlər yekunlaşandan sonra tikinti prosesi sürətlənəcək. Qarşıdan gələn yaz aylarında fasiləsiz, gecəli-gündüzlü aparılacaq.

Füzuli rayonunda Beynəlxalq Hava Limanının təməlini bu il yanvarın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qoymuşlar. Təməlqoyma zamanı dövlət başçısı sözügedən hava limanının əhəmiyyətini vurğulayaraq demişdir: “Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Uçuş-enmə zolağının uzunluğu 3000 metr olacaq bu hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiyameteoroloji avadanlıqlarla təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanıb.

Layihəyə bir sıra obyektlərin, o cümlədən aerovağzalın (terminal), uçuş-enmə zolağının, perronun, yönəldici yolun inşası, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiyameteoroloji avadanlıqların quraşdırılması, transformator yarımstansiyalarının, köməkçi binaların, qurğuların tikintisi, elektrik, qaz, su və rabitə kommunikasiyalarının çəkilişi daxildir.

Hava limanının aerodrom ərazisinin 250 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən tədbirlər həyata keçirilir. Ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınıb və əraziyə gətirilərək işə salınıb. Uzunluğu 3000, eni 45 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malikAzVirt” şirkəti cəlb olunub.

Layihəyə əsasən, Füzuli 110/35/10 kilovoltluq yarımstansiyasından buraya 6 kilometr 10 kV-luq xarici, 4 kilometr 10 kV-luq daxili elektrik xəttinin, işıq-siqnal sisteminin quraşdırılması üçün 130 kilometr elektrik kabel xətlərinin, digər xaricidaxili mühəndis şəbəkəsinin çəkilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığına əsasən, uçuş-enmə zolağının istismara verilməsi cari ilin sonunadək həyata keçiriləcək. Aeroportun tikinti işlərinin isə gələn ilin aprel-may aylarında yekunlaşdırılması nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdə daha bir aeroport olacaq. Bunun Kəlbəcər və Laçın rayonlarından birinin ərazisində tikilməsi planlaşdırılır. Hazırda hava limanının yerini müəyyən etmək üçün araşdırmalar aparılır. Sözügedən bölgələrin coğrafi şəraiti bu məsələnin həlli üçün bir qədər mürəkkəbdir, yəni ərazilərin mütləq əksəriyyəti dağlıqdır. Orada düz yer tapmaq çətindir. Odur ki, uçuşların təhlükəsizliyi baxımından burada olduqca geniş araşdırma işləri aparmaq lazım gəlir. Beləliklə, yaxın gələcəkdə Laçın, yaxud Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanı tikiləcək. Bu aeroport da beynəlxalq standartlara cavab verəcək. Hava limanının tikiləcəyi yer cari il aprel ayının sonunadək müəyyən olunacaq.

İki beynəlxalq aeroport Qarabağ zonasında genişmiqyaslı bərpa işlərinin aparılmasında, yüklərin daşınmasında, turizmin inkişafında ölkəyə böyük kömək göstərəcək. Bunun öz yurd-yuvasına qayıdan insanların rahatlığı üçünböyük əhəmiyyəti olacaq.

 

 Flora SADIQLI

Azərbaycan.-2021.- 9 fevral.- S.1;5.