Vendi Morton: Böyük Britaniya Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazırdır

 

Fevralın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa qonşuluğuAmerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət naziri Vendi Mortonu səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafdan məmnunluğunu ifadə edib.

Bölgədəki cari vəziyyətdən bəhs edən nazir Ceyhun Bayramov 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. Birgə bəyanatların icra edilməsinin bölgədəki sülh, təhlükəsizlik, əmin-amanlıq və rifahın təminatı baxımından əhəmiyyəti, eləcə də bölgədə yeni əməkdaşlıq imkanları açdığı qeyd olunub. Azərbaycanın sözügedən bəyanatların icrası ilə bağlı bütün müvafiq addımları atdığı bildirilib, o cümlədən humanitar sahədə görülən işlərlə bağlı qarşı tərəfə məlumat verilib.

Üçtərəfli bəyanatlara əsasən, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılacağı, habelə yeni nəqliyyat dəhlizinin yaradılmasının bölgədə tərəqqinin təmin olunmasına və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcəyi vurğulanıb.

Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən mənfi ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə, xalqlararası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etdiyi vurğulanaraq mövcud olan yeni reallığın hər kəs tərəfindən qəbul olunmasının əhəmiyyəti vurğulanıb. Bu xüsusda, rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilən hər hansı səfərin qanunsuz xarakter daşıdığı və buna münasibətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Dövlət naziri Vendi Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

Azərbaycan.-2021.- 10 fevral.- S.2.