GUAM Parlament Assambleyasının 15-ci büro
iclası keçirilib
Fevralın 10-da GUAM Parlament Assambleyasının
(PA) videokonfrans formatında
15-ci büro iclası
keçirilib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev
iştirak ediblər.
Tədbirdə GUAM Parlament Assambleyasının
komitələrində 2021-ci il üçün
milli nümayəndə
heyətlərinin tərkibinin
təsdiqlənməsi, Büronun
növbədənkənar iclasının
nəticələri, Gürcüstandakı
parlament seçkilərində
qurumun müşahidə
missiyasının işi,
GUAM PA-nın 13-cü iclasının
Bəyannamə layihəsi
və digər məsələlərə baxılıb.
GUAM PA-nın sədri
və qurumda Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Elnur Allahverdiyev təşkilatın iyulun
24-də keçirilmiş növbədənkənar
14-cü büro iclasında
GUAM PA-ya üzv ölkələrə Ermənistan-Azərbaycan
təmas xəttində
Ermənistanın təxribatı
nəticəsində baş
verən gərginliklə
bağlı Azərbaycanın
ədalətli mövqeyini
dəstəklədiklərinə görə öz təşəkkürünü ifadə edib. Bildirib ki, Müzəffər
Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
şanlı ordusu 44 günlük Vətən müharibəsində Zəfər
qazanaraq torpaqlarımızı
işğaldan azad edib.
Müzakirələr zamanı GUAM PA-da Gürcüstan
nümayəndə heyətinin
rəhbəri Georgi Xelaşvili, Ukrayna nümayəndə heyətinin
rəhbəri Svyatoslav
Yuraş, Moldova nümayəndə
heyətinin rəhbəri
Aleksandru Jizdan gündəlikdəki məsələlər
barədə öz fikirlərini açıqlayıblar.
GUAM PA-nın baş
katibi Altay Əfəndiyev
əməkdaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsinə
dair öz rəy və təkliflərini diqqətə
çatdırıb.
Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Gürcüstana təhvil verilib.
Azərbaycan. - 2021.- 11 fevral.- S.2.