Böyük Zəfər bizi yeni nailiyyətlərə ruhlandırır

 

 

 

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, xalqımızın 30 illik həsrətinə son qoyaraq, bizi tarixi yurd yerlərimizə qovuşdurdu.

 

Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı. Prezident İlham Əliyev rəşadətli Ordumuzun Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.

 

Ölkəmizdə ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı.

 

Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, ordu müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi. 13 fevral 2012-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da bu islahatların tərkib hissəsi idi. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər isə böyük Qələbəyə aparan yolda mühüm amilə çevrildi.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü bir daha dünyaya nümayiş etdirdi. İyul ayında Ermənistan ordusunun Tovuz rayonu istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədində törətdiyi növbəti təxribat, atəşkəsi pozması və hücum cəhdi xalqımızın səbr kasasını yenidən daşdırdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbə vurdu.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında baş verən hadisələri ətraflı təhlil etdi, Ermənistanın hücum cəhdinin arxasında duran motivləri açıqladı. Ali Baş Komandan həmin iclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən gəncləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə çağırdı. Bu çağırışdan sonra Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən minlərlə vətəndaşımız yüksək vətənpərvərlik nümayiş etdirdi, könüllü kimi qeydiyyata düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etdi. Çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsində 2020-ci il iyulun 17-dən yeni elektron xidmət istifadəyə verildi və könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar öz müraciətlərini saytda müvafiq keçid vasitəsilə elektron qaydada həyata keçirdilər.

 

Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı ASAN könüllüləri ilə görüşən Prezident İlham Əliyev qısa müddətdə minlərlə vətəndaşın SHXÇDX-ə könüllü kimi müraciət etməsini nəzərə çatdırmış və gənclərin vətənpərvərliyini yüksək qiymətləndirmişdir: “Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə Qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan. Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”.

 

İşğalçı Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam edirdi. Prezident İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi. 2020-ci il sentyabrın 27-də isə Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı, yaşayış məntəqələrini, hərbi mövqeləri bir neçə istiqamətdən atəşə tutdu. Bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, xalq müqəddəs Vətən müharibəsinə qalxdı, artıq döyüşlərin ilk saatlarında düşmən geri çəkilməyə məcbur edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurduğunu bildirdi. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadəsi ilə çıxışını bitirən Ali Baş Komandan torpaqlarımızın azad ediləcəyinə, 30 ildən çox davam edən işğala son qoyulacağına əminliyini ifadə etdi.

 

Sentyabrın 27-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” fərman, sentyabrın 28-də isə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzaladı. Mövcud vəziyyətlə əlaqədar Prezidentin müvafiq fərman və sərəncamına əsasən, ölkə ərazisində qismən səfərbərlik elan edildi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirildi.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də həmin sərəncamın tələblərinə və təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirdi. Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanların 35 yaş, zabitlərin isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin edilməsi müvəffəqiyyətlə icra olundu.

 

Çətin, lakin şərəfli 44 gündə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər çağırış vərəqəsində və sərəncamlarda göstərilmiş tələblərə ciddi riayət etmiş və təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlmişlər.

 

Azərbaycanın qazandığı Qələbə, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad edildiyi gün -

 

8 noyabr dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya aktına imza atması Azərbaycanın Vətən müharibəsində tam qələbə qazanması, Qarabağ müharibəsində itirilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyev aydın şəkildə bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək: “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir”.

 

Beləliklə, Azərbaycan xalqı düşmən üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti, Azərbaycan əsgərinin igidliyi, xalq-iqtidar birliyi, ölkəmizin iqtisadi gücü tarixi Qələbəni təmin edən mühüm amillər oldu. Ötən il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı Azərbaycan dövlətinin hərbi qüdrətinin, xalqımızın qələbə əzminin təntənəli nümayişi idi.

 

Azərbaycanın tolerant və multikultural dəyərlərə malik ölkə olduğu, burada bütün xalqların dostluq və əmin-amanlıq şəraitində yaşadığı da artıq çoxdan dünyaya məlumdur. Təsadüfi deyil ki, cənab Prezident dəmir yumruğun gücünü və xalqın birliyini belə xarakterizə edib: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Həmişə belə olub və bu birlik əbədi olacaq. Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Vətən müharibəsində qazanılmış Böyük Qələbənin əbədiləşdirilməsi məqsədilə Zəfər Günü təsis olunub. 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərən, torpaqlarımızı canı-qanı bahasına işğaldan azad edən şəhidlərimiz heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi” memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması barədə fərmanı şəhidlərə, qazilərə və onların ailələrinə xüsusi diqqətin göstəricisidir.

 

SHXÇDX də hər bir şəhidimizin xatirəsini əziz tutur, onların ailəsinə xüsusi ehtiram və qayğı ilə yanaşır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində xidmət əməkdaşları mindən çox şəhid ailəsini ziyarət edib, onlara mənəvi dəstək olub.

 

Artıq Böyük Qayıdış reallaşır. Bu Qayıdışın da memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir. İnanırıq ki, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərdə dayanıqlı və davamlı iqtisadi fəallıq, bölgələrdə sosial infrastrukturun yaradılması, sənaye və kənd təsərrüfatı müəssisələrinin, müxtəlif təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli qısa müddətdə təmin ediləcək. Yaradılmasından 9 il keçən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işğaldan azad edilmiş rayonlar üzrə yerli strukturları da öz fəaliyyətlərini Böyük Qayıdışın tərkib hissəsi olaraq bərpa edəcək, vətəndaşlarımıza ləyaqətlə xidmət göstərəcəkdir.

 

 

 

Füzuli İSMAYILOV,

 

Əməkdar jurnalist, tarix elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan. - 2021.- 12 fevral.- S.9.