Şuşada bu il Vaqif poeziya günləri keçiriləcək

 

 

 

44 gündük Vətən müharibəsində otuz ilə yaxın işğal altında qalan ərazilərimiz Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu böyük Zəfər azərbaycanlıların torpaq, yurd həsrətinə son qoydu. Vətən müharibəsi nəticəsində nail olduğumuz qələbənin sevinci sonsuzdur. Kədərli olan isə işğaldan azad olunmuş ərazilərimizdə gördüyümüz mənzərələrdir. Erməni vandalları bu müddətdə yurd yerlərimizi talan edib, dağıntılar törədib, tikillələri uçurub, yandırıblar. Tarixi-mədəni, dini abidələrimiz erməni qəsbkarları tərəfindən tar-mar edilib.

 

Artıq azad olunmuş həmin ərazilərimizdə tikinti-quruculuq işlərinə başlanılıb. Erməni qəsbkarlarının işğalınadək keçirilmiş ənənəvi tədbirlərin bərpa olunması nəzərdə tutulub. Prezident İlham Əliyev Vaqif poeziya günlərinin bərpa olunacağının müjdəsini verib. Vaqif poeziya günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. Prezident İlham Əliyev Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin qarşısında çıxış edərkən deyib: Biz artıq Şuşanın bərpasına başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!.

 

Böyük Azərbaycan şairi siyasi xadimi Molla Pənah Vaqifin məqbərəsi Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərindədir. Hələ 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Ulu Öndərin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə türbə tikilib.

 

Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə şairin məzarı üstündə inşa edilib. Muzeydə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.

 

1982-ci il 14 yanvarda Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin Şuşada Poeziya Evinin təntənəli açılışı olub. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. O qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşıb. Həmin gün milli mədəniyyət sənət bayramına çevrilib.

 

Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif poeziya günləri təşkil olunub. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər daxil edilib. Ənənəyə çevrilən bu poeziya günləri hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşıb.

 

Böyük təntənəyə çevrilən bu günlər şəhərin erməni quldurları tərəfindən işğalınadək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Mənfur düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, Vaqif poeziya günləri Şuşada keçirilməyib.

 

Torpaqlarımızın Ermənistanın işğalından azad olunması Azərbaycanın mədəni ikişafına da yeni nəfəs verəcək. Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq. Vaqif poeziya günlərinin bərpası da qayıdışımızın təntənəsi olacaq.

 

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan. - 2021.-13 fevral.- S. 6.